77 nömrəli avtobuslar niyə yenisi ilə əvəzlənmir? - QURUM RƏSMİSİ AÇIQLADI

77 nömrəli avtobuslar niyə yenisi ilə əvəzlənmir? - QURUM RƏSMİSİ AÇIQLADI

“Yeni Yasamal-Axundov bağı istiqamətində hərəkət edən 77 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaların vəziyyəti narahatlıq doğurur. Fiziki şəxs Malik Orucovun müvəqqəti istismarında olan bu marşrut xətti üzrə Bakı Nəqliyyat Agentliyinin sosial şəbəkə hesablarına ötən bir ildə 200-ə yaxın şikayət xarakterli müraciətlər daxil olub. Bu səbəbdən də 77 nömrəli müntəzəm marşrut xəttinin fəaliyyəti nəzarətə götürülüb”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev deyib.

Onun sözlərinə görə, monitorinqlər nəticəsində 77 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaların təşkilində nöqsanların olduğu müəyyən edilib: “Marşrut üzrə texniki cəhətdən nasaz və natəmiz olan avtobusların istismarda olduğu müşahidə edilib. Eyni zamanda sürücülər tərəfindən normadan artıq sərnişin götürülərək açıq qapılarla hərəkət etməsi, avtobusda sərnişinlərin olmasına baxmayaraq, sürücülərin sükan arxasında siqaret çəkməsi, sürücülərin sərnişinlərlə kobud davranması və digər sərnişindaşıma və yol hərəkəti qaydalarının pozulması halları aşkar edilib. Daşıyıcı məqsədli olaraq 77 nömrəli marşrut xətti üzrə avtobuslarda nağdsız ödənişin tətbiqinə keçidin icrasını da gecikdirir”.

Mais Ağayev sözlərinə belə davam edib: “Sərnişinlərin haqlı narazılığına səbəb olan bu kimi halların aradan qaldırılması üçün fiziki şəxs Malik Orucova yazılı və şifahi şəkildə xəbərdarlıq olunmasına baxmayaraq təsirli tədbirlər görülməyib. Malik Orucov Birinci Qarabağ döyüşlərində iştirak edərək əlil olmasını əsas gətirərək sosial statusundan süi-istifadə etməkdədir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə