Deyəcəksiniz bəs təbiətin qoynundayam, oradan gözəl mənzərələr paylaşmaq istəyirəm, hə? Axı mənzərə dedikdə gözlər önünə ilk gələn təbiət gözəllikləridir. Kaş ki, elə dediyim kimi də olardı. Dünən təbiətin qoynunda olardım. Heç yaşıllıqları, gül-çiçəyi demirəm, bir qayanın başında boz rəngdən ibarət böyük daş parçasına baxardım. O daş parçasına o qədər baxardım ki, zamanın ondan qopardığı, küləklərin ona qaytardığı cizgilərlə başımı qatardım. Baxmaqdan gözlərim yol çəkərdi, uzaqlara aparardı məni. Burada da boz qayalıqlardan başqa heç nə görməzdim. Saatlarla o qayalara tamaşa edərdim. Boz daşlar, oxşar daşlar, oxşar rənglər...
İnanın ki, yorulmazdım. Baxardım, baxardım, bir qədər irəliyə addımlayardım. Başqa bir mənzərə ilə-yaşıllıqlarla, təbiətdən min rəng alan təbiət möcüzələri ilə qarşılaşmasam da, addımlayardın. O ümidlə addımlayardım ki, indi çıxar, bir azdan çıxar o mənzərələr qarşıma. Lakin ucsuz-bucaqsız çöllərdə irəlilədikcə bitməyən bu daşlı-qayalı ərazilərdə yenə də sıxılmazdım. Böyük ümidlərlə qarşıya gedərdim...
Saatlarla, günlərlə, aylarla gedərdim. Bu boz daşlı-qayalı, həm də yeriməyə mane olan yerlərdən keçərkən yıxılsam da, dizlərimdən qan süzsə də, irəliləyərdim. Kaş ki, təbiətin qoynunda olardım. O boz rəngli daşların əhatəsində olardım. Onlardan başqa heç nə görməzdim. İnanın nə yorular, nə bezərdim. Əsla, əsla, əsla...
Həyatda elə mənzərələr var ki, onlara baxandan sonra daşın-kəsəyin qədrini bilirsən. Deyirsən ki, ay gözlərim, baxın o daşlara-kəsəklərə, lakin bu mənzərələri görməyin. O daşlara baxmaq sizi kor etməz. Aylarla, illərlə də baxsanız yormaz, kor etməz. Amma bu mənzərələr bir andaca adamı kor edir. Özünə korluq arzulayırsan, görməmək üçün...
Metroda qatardan yenicə çıxıb eskalatora tərəf yön almışdım ki, bir hündürboy oğlan, iti addımlarla yanımdan ötüb, özünü eskalatora yetirməyə can atırdı. Yanımdan elə sürətlə keçdi ki, küləyinin məni yıxmadığına şükür etdim. Dedim ki, yəqin nə isə işi var da, tələsir. Nə olacaq, qoy sürətlə keçsin, qaçsın, uçsun, cavandır. Biz də cavan olmuşuq da. O qədər qaçmışıq ki... Təbii ki, küləyimiz heç kimi yıxmadan.
Mən də bu oğlanın ardınca çatdım eskalatora. Elə oldu ki, ard-arda dayanmalı olduq. Eskalatorda da nə edəsən axı ki, vaxt keçə, yol bitə. Başımı qaldırdım, gözüm bu oğlanın başına sataşdı. Baş nə baş. Ülgüclə tər-təmiz qırxılmış müasir bir baş. Lakin qarşıda qalan bir tutam saç rezinlə möhkəm yığılıb düşür oğlanın boynunun kökünə. Dedim, maşallah. Yəqin dəbdir, ayaqlaşır, nə etsin. Heyrətdən başımı aşağı saldım. Diqqətimi qarşımda kiminsə əməlli-başlı rəqsi özünə çəkdi. Başımı qaldıranda gördüm ki, bu oğlan ta yerində dura bilmir. Dedim, hə, bayaqkı yanımdan sürətli keçid bu musiqinin təsiri imiş ey, yoxsa bu oğlan hara tələsərmiş ki. Anladım...
Ətrafdakılar da ona tamaşa edir, çiyinlərini çəkir, gülümsəyirdilər. Onunsa qulağında qulaqcıqlar, dünyadan xəbəri yoxdur. Sanki biz yox imiş kimi özünü aparırdı. Sanki eskalator bu anlarda yalnız onun üçün işləyirdi.
Yanımda yaşlı bir qadın da dayanmışdı. Əyilib qulağıma dedi ki, biz bunlarla hara gedirik?..
Maraqlıdır, doğrudan, biz belələri ilə hara gedirik?
Elə bu mənzərəni düşünə-düşünə evə üz tutanda dedim, Allah, kor olasan belə mənzərələrlə qarşılaşmayasan. Sonra da dedim əşi, kor niyə olum axı. Belə mənzərə ilə qarşılaşınca aylarla dağa-daşa baxmağı gərək nəsib edərdin bizlərə, İlahi! O boz daşların mənzərəsi bu mənzərədən dəfələrlə ürəkaçıcıdır. Arzuya bax... Harada idi o xoşbəxtlik ki, bu mənzərəni görməkdənsə, o mənzərəni görərdik...
Mətanət MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB