Vətən müharibəsi şəhidi kapitan Şamil Babayev haqqında

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi. Silahlı Qüvvələrimizdən söz düşmüşkən, bir məqamı xüsusi vurğulamaq istərdik. Belə ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi. 28-30 oktyabr tarixləri arasında Şuşanı düşməndən azad etmək və şəhərin müdafiəsini yarmaq üçün Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri əraziyə yeridildi. Bəzi məlumatlara görə, Azərbaycan silahlı qüvvələrinin dörd yüz hərbçisi 5 gün sıx meşələr və keçilməz yarğanlar arasından ciddi mühafizə olunan Laçın dəhlizindən keçərək ətraf kəndləri mühasirəyə alıblar. Məlumata görə, şəhərə bir çox istiqamətdən və fərqli hədəflərə yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər.

Azərbaycan hərbçiləri Şuşaya girmək üçün çətin də olsa, qarşı tərəfin ağlına belə gəlməyən sıldırım qayalara dırmaşmaqla qalxdılar. Erməni ordusu isə bütün gücünü şəhər istiqamətindəki əsas yollara cəmləmişdi.

Zülmət qaranlığa qərq olmuş ətraf, Laçına davamlı hücumlar və erməni əsgərlərinin uğursuz fəaliyyəti Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin Şuşanın müdafiəsini yarmağa imkan verdi.

Oktyabrın 30-da Şuşadan cəmi beş kilometr şərqdə hərbi toqquşmaların baş verdiyi bildirildi. Şəhər artıq sentyabr ayının əvvəllərindən bəri ara-sıra top atəşinə tutulmuşdu və bu da şəhər sakinlərinin əksəriyyətinin qonşu Stepanakertə (Xankəndi) qaçmasına səbəb olmuşdu. Müharibənin bu mərhələsində Şuşanın nəhəng dağların əhatəsində - sıldırım qayalar üzərində yerləşməsi səbəbindən müdafiə olunan erməni qüvvələri hələ də taktiki üstünlüyə sahib idilər. Azərbaycan hərbçiləri şəhərə quru yolla yaxınlaşmağa çalışarkən tez-tez artilleriya, raket hücumları və pusqularla üzləşirdilər.

Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxararaq onu faktiki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Haqqında bəhs edəcəyimiz Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Babayev Şamil Baloğlan oğludur. 1988-ci ilin yanvarın 1-də Naxçıvan MR Culfa rayonu, Camaldın kəndində anadan olmuşdur. 1994-cü ildə həmin kəndin M.Seyidov adına tam orta məktəbinə gedib. 2005-ci ildə isə həmin məktəbdən məzun olub və hərbi xidmətə yola düşüb. Xidmət müddətində çavuş hərbi rütbəsi alıb. Hərbi xidmətdən tərxis olunduqdan sonra qəlbində daşıdığı vətənə olan mənəvi borc onu müddətdən artıq hərbi xidmətə bağlayıb. DİN-nin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində Xüsusi Təyinatlı Dəstədə xidmətə başlayıb. 2012-ci ildə DQ-nin Ali Hərbi Məktəbinə qəbul olub. 2014-cü il məktəbi bitirdikdən sonra, DQ-nin "N" saylı hərbi hissəsində Xüsusi Təyinatlı Dəstənin "Atəş Təminat Qrupu"nun komandir vəzifəsinə təyin edilib. 2017-ci ildə baş leytenant hərbi rütbəsi ilə təltif olunub. Zabit Şamil Babayev 2018-ci ildən Türkiyədə xüsusi təlimlərə cəlb edilib. 2020-ci ildə kapitan hərbi rütbəsi alıb. Türkiyədə və Azərbaycanda müxtəlif fəxri fərmanlar və “Qüsursuz Xidmətə görə” medalı ilə təltif edilib.

Qəhrəman zabit Füzuli, Hadrut və Şuşa istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərib. Füzuli istiqamətində döyüşərkən atəş təminat qrupu və onun komandiri Şamil Babayev pusquya düşüblər. Zabitin döyüş yoldaşları qeyd edir ki, ətraf düşmənlə əhatələndiyindən pusqudan çıxmaq çox çətin olub. Lakin peşəkar komandir öz heyəti ilə birlikdə döyüşərək düşməni məhv edib, pusqunu dağıdıb. Komandir və heyəti 5 gün keçilməz yolları qət edərək, gizli meşə yolları ilə Şuşaya çatıb.

Noyabrın 5-i Şuşa uğrunda döyüşlər başlayanda Azərbaycan ordusunu bölmələri müxtəlif qruplara bölünərək şəhərə fərqli istiqamətlərdən hücuma keçiblər. Noyabrın 7-də döyüş zamanı minamyotdan açılan atəş nəticəsində kapitan Babayev bir neçə yerdən yaralanıb. Yoldaşları onu döyüşdən çıxarmaq istəsələr də, komandir heyətini tək qoymaq istəməyib, yaralı halda döyüşə davam edib. Lakin aldığı yaralar ona Şuşanın azad edilməyini görməyə imkan verməyib, Şamil şəhidlik zirvəsinə ucalıb.

Noyabr 13-də qəhrəmanın nəşini bütün Naxçıvan böyük izdihamla qarşılayıb. Şəhidlik zirvəsinə yüksələn Şamil Babayev doğulub boya-başa çatdığı Camaldın kəndində dəfn edilib. Ölümündən sonra “Zəfər” ordeni , “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şamil Babayevin döyüş yoldaşlarından istədiyi yeganə arzusu olub: “Şəhid olsam, qəlbimin üstündə daşıdığım bayrağı məzarımda başımın altına qoyarsınız”. Şəhidimizin bu arzusu yerinə yetirilib. Onun sevdalısı olduğu, uğrunda can verdiyi, üstündə daşıdığı bayrağı bu gün onun məzarı üzərindədir. Şəhidin ailə üzvləri tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fonduna şəhidə məxsus şəxsi əşyaları təqdim olunub.

Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olan oğulların xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır. Bu qələbə həm də Azərbaycan gəncliyinin bizlərə böyük hədiyyəsi oldu. Dünənə qədər yaxınlarının gözündə sadə, təvazökar, məsum olan oğullar sonradan elə tarix yazdılar ki, onların qəhrəmanlığı dillərdə dastan oldu. Onlar erməni sədlərini darmadağın etməklə yanaşı, xain düşmənimizi qarşılarında diz çökdürdülər. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi və nəticəsi rüsvayçı şəkildə uduzmaq oldu. Bununla da Silahlı Qüvvələrimiz “Ermənistan ordusunun məğlubedilməzliyi mifini darmadağın etdi. Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.

Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,– deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduqlarını döyüşdə sübuta yetirdilər. Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir.

Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.

Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilmiş, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmışdır.

Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncam imzalamışdır.

Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi, hətta ilk Muğam festivalı da Şuşada baş tutaraq dünyaya səs saldı. Festivalda Azərbaycanın ən güclü səsə malik sənətkarları çıxış etdi. Şuşada bu gün binaların tikilməsi, xəstəxanaların yaradılması, yolların çəkilməsi kimi insanların yaşaması üçün vacib olan bütün abadlıq, təmir-tikinti işləri görülür. Tək Azərbaycandan deyil digər ölkələrdən də işçi qüvvəsi axın-axın gələrək gözəl Şuşamızı əvvəlki vəziyyətinə qaytarmaq üçün canla-başla çalışırlar.

Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir. Bu gün torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik!

Pərvanə Əzimova,

Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunun baş mütəxəssisi,

YAP "Azərbaycan tarixçiləri"ərazi təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə