Boşanmada uşaq kimə verilməlidir? - ARAŞDIRMA

Valideynlərinin mübahisələrinə şahid olan və bunu davamlı olaraq yaşayan uşaqlarda depressiya, əhval-ruhiyyə pozğunluğu, intihar, təşviş pozğunluqları, şəxsiyyətlərarası münasibətlərdə problemlər, evlilik problemləri, zorakılığa meyil, maddə asılılığı və cinayətkar davranış halları artır.

Əhəmiyyətli olan həll yoludur. Mübahisə zamanı nalayiq sözlərdən istifadə edilməməlidir. Həll olunan və uzadılmayan mübahisələr uşaqlara çox da mənfi təsir göstərmir. Lakin unutmaq lazım deyil ki, uşaqlar hər şeyi hiss edir və başa düşür.

Valideynləri boşandıqdan sonra uşaqların emosional problemləri ilə yanaşı, yuxu problemləri də müşahidə oluna bilər. Tək yatmaq istəməmək, yuxuya getməkdə çətinlik çəkmək, narahat yuxu, tez-tez oyanmaq, sağlam yatmamaq, kabuslar görmək, yuxu zamanı qorxu kimi hallar ümumi şərtlərdir.

Valideynlər, söhbət əsnasında uşağın qarşısında göstərdiyi duyğular və valideynlərin bu qərarı necə izah edəcəyi də uşağın boşanma qərarı ilə bağlı qəbulunu təyin edəcək. 5 yaşdan kiçik uşaqlar üçün təfərrüatsız qısa, sadə sözlərlə izahatlar kifayətdir.

Boşanma prosesində uşaqlarda görülən digər təsir hirs, narahatlıq, günahkarlıq və depressiyadır. Bu hisslərlə uşaqlar boşandıqdan sonra valideynlərinin yanında ola bilmədiklərinə görə kədərlənirlər.

Boşanma müddətində yaşadığınız mənfi halları uşağınıza danışmalısınız:

- Atalarını uşaqlara pisləməyin.

- Boşanma prosesində uşağın məktəbi dəyişdirilməməlidir.

- Uşaqlar hissləri ilə üzləşməlidirlər.

- Uşağa tək qalmayacağını hiss etdirmək lazımdır.

- Onların kədərinə biganə yanaşmayın.

- Onların özlərini günahkar hiss etmələrinə şərait yaratmayın.

Boşandıqdan sonra uşaq eyni evdə alışdığı həyat nizamını itirir. Valideynləri ilə vaxt keçirmək üçün uşaq hər iki yeni nizama uyğunlaşa bilməlidir. Ananın yeni həyatı və atanın yeni həyatı uşağa iki ayrı həyata alışmaq zərurətini gətirir.

2015-ci ildə Azərbaycanda 68 985 nikah qeydə alınıb. Azərbaycanda boşanma səbəbləri arasında əsas olan xasiyyətlərin uyğunsuzluğudur. Əvvəlki illərlə müqayisədə uşaq olmaması səbəbindən boşananların sayı isə azalıb.

2015-ci ildə Azərbaycanda xəyanətə görə boşanmaların sayı 413, sərxoşluqla bağlı 369, narkomaniya ilə bağlı 171, maddi duruma görə 302, xəstəliyə görə boşanmaların sayı üzrə 224 fakt qeydə alınıb. Boşanmalar daha çox 25-35 yaş arası insanlar arasında olur.

2021-ci ildə Azərbaycanda cari ilin yanvar-fevralında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 5672 nikah və 2417 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olmuşdur.

Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 9606 nikah və 2505 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5-dən 5,9-a qədər artmış, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalmışdır.

Bəs, boşanan cütlüklərdə uşaq kimə verilməlidir? Bu barədə qanunvericilikdə vəziyyət necədir? Ümumiyyətlə, uşağın anada, yoxsa atada qalması daha məqsədəuyğundur? SİA mövzu ilə bağlı araşdırma apararaq psixoloq, sosioloq, ekspert və vəkillərin fikirlərini öyrənib.

Psixoloq Fidan Nizamova: “Uşağa başa salmaq lazımdır ki, ailədə boşanma olduqda ana və ata boşanır. Bunun uşağa heç bir təsiri olmamalıdır. Ata və ana yenə də onun valideyni olaraq qalır. Hər iki tərəfin uşağa görüşmək üçün icazə verməməsi onun üçün çox böyük travmadır. Əgər ana uşağı atası ilə görüşməyə qoymursa, illər keçdikcə, o uşaqda anaya qarşı aqressiya yarana bilər. Bunu mütləq nəzərə almaq lazımdır.

Hər bir uşaq üçün bu proses çox ağırdır. Hər ayrılıq uşaq üçün travmadır. Çünki heç bir uşaq valideynsiz qalmaq istəməz.

Ayrılıq prosesində ayrılıqdan sonra hər iki tərəfin qarşı tərəfə hörmətlə yanaşması, onun ata və ya ana haqqına qəti şəkildə girməməsinə xüsusi nəzarət edilməlidir. Onun pis ata və ya pis ər olduğunu vurğulamaq, uşaqda belə fikirlər oyatmaq yanlışdır. Bu uşaqlar yetərsizlik duyğusu ilə yaşayacaq və özgüvən problemi yaranacaq. Həmçinin, belə uşaqlarda insanlara güvən problemi ilə bağlı ciddi hallar olacaq.

Unutmaq lazım deyil ki, onlar hər zaman balaca uşaq olaraq qalmırlar. Bir gün onlar böyüyəcək və həqiqəti öyrənəcək. Heç bir qüvvə valideynə və ya övlada olan sevgini basdıra bilməz. Yaxşı olar ki, valideynlər boşandıqda bunun uşaqla bağlı olmadığını başa salsınlar. Bir valideynin arxasınca digər valideynin uşağın yanında danışması heç düzgün deyil. Bəlkə uşaq dediyinizi eşidəcək və sizə inanacaq, amma zamanı gəldikdə hər şeyi dərk edib sizə qarşı çıxacaq”.

Vəkil Turan Abdullazadə: “Valideynlik hüquqlarından məhrumetmə Ailə Məcəlləsinin 64-cu maddəsində əks olunub. Bu, həm qadına, həm də kişiyə aid edilə bilər.

Bəs, hansı halda ana və ya ata valideynlik hüququndan məhrum edilə bilər?

- öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;

- alimenti qəsdən ödəmədikdə;

- heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və ya hər hansı sosial xidmət müəssisəsindən götürməkdən imtina etdikdə;

- valideynlik hüquqlarından sui-istifadə etdikdə;

- uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;

- xroniki alkoqol və narkomaniya xəstəsidirsə;

- uşaqların sağlamlığına və ərinə qarşı qəsdnən edildikdə cinayət törədildikdə.

Burada göstərilən hallardan başqa azyaşlı uşaq heç bir halda anasından alına bilməz. İstər yerli, istərsə də beynəlxalq qanunvericiliyə əsasən azyaşlı uşaq bioloji cəhətdən anaya daha çox bağlıdır deyə ananın yanında qalması daha məqsədə müvafiqdir.

Xəyanət faktoru uşağın anadan alınması üçün əsas deyil. Azərbaycan məhkəmələri adətən xəyanət halında uşağı anadan ayırmır.

10 yaşından uşaqda isə onun kimə verilməsi öz fikri əsasında müəyyən edilir”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: "Hətta sülh yolu ilə, yəni qarşılıqlı razılaşma əsasında baş verən boşanmalar da uşaqlara mənfi təsir göstərir. Çünki onlar valideynlərindən birini itirirlər. Halbuki uşağın hər iki valideyninin əhatəsində böyüməsi onun kamil şəxsiyyət kimi yetişməsini sürətləndirə bilərdi.

Hesab edirəm ki, valideynlər boşanmadan maksimum yayınmağa çalışmalıdırlar. Uşaqlarının xatirinə maksimum dözüm göstərməlidirlər. Birgə addımlamaq mümkün olmayanda isə dost kimi ayrılmağı bacarmalıdırlar. Təəssüf ki, Azərbaycan ailələrinin əksəriyyətində boşanmalar dava-dalaşla, qalmaqalla müşahidə olunur. Nəticədə tərəflər düşmənə çevrilir, sözün təkcə məcazi deyil, həm də həqiqi mənasında bir-birinə güllə atırlar. Biz boşanmaların qətllərə səbəb olduğunun dəfələrlə şahidi olmuşuq.

Boşanan tərəflər ayrı-seçkilik qoymadan uşaqların təlim-tərbiyəsinin qeydinə qalmalıdırlar. Həm ata, həm də ana uşaqların yaxşı yaşaması, yaxşı təhsil alması üçün əlindən gələni etməlidir. Uşaqların mütləq anada, yaxud atada qalmasıyla bağlı hökm vermək düzgün deyil. Məncə, kimin maddi durumu yaxşıdırsa, kim övladlarının qayğısına daha yaxşı qalacaqsa, uşaqlar onda qalmalıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə