Boşanan cütlüklərdə mal-mülk belə bölünür - DİQQƏT - HÜQUQŞÜNAS AÇIQLADI

"Ailə Məcəlləsinə görə kişi ilə qadın nikaha daxil olduqdan sonra ər-arvadın qarşılıqlı öhdəlikləri yaranır. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Ailə kəndli təsərrüfatı üzvlərinin birgə mülkiyyəti üzərində ər-arvadın istifadə, sahiblik və sərəncam hüquqları mülki qanunvericiliyinə uyğun olaraq müəyyən olunur". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Fariz Əkbərov deyib.

Ümumi rejimdə nikah müddətində ərlə arvadın əldə etdikləri və qazandıqları əmlak və ondan gəlirlər onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın birgə mülkiyyətinə onların hər birinin qanunla qadağan edilməyən fəaliyyət (əmək, sahibkarlıq və ya intellektual fəaliyyət) nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, onların ümumi gəlirləri hesabına əldə edilən əşyalar, qiymətli kağızlar, kredit idarələrinə qoyulmuş paylar, əmanətlər və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxil ola bilər. Qeyd olunan məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225-ci və Ailə Məcəlləsinin 31- 37-ci maddələri ilə müəyyən edilir.

Nikaha girənədək ər-arvaddan hər birinə məxsus olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak və fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı, kitab) ümumi birgə mülkiyyət sayılmır.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə