“İqtisadi təhlükəsizlik üçün vahid konsepsiya hazırlanmalıdır” - Azər Əmiraslanov

“Büdcə zərfi strateji bir sənəd olmaqla yanaşı, dövlətin gəlir və xərclərini müəyyən edən qanuni göstəricilər toplusudur. Bu rəqəmlər hərtərəfli təhlil edilməli, xərcləmələrin səmərəliliyi yüksəldilməli və gəlirlərin formalaşdırılması üçün iqtisadi fəaliyyət daha da gücləndirilməlidir”. SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentdə büdcə layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, milli iqtisadiyyatın gəlir yaradan potensialı genişləndirilməli, sahibkarlığın rolu daha da artırılmalıdır: “Ölkə iqtisadiyyatında özəl sektorun payı kifayət qədər yüksəkdir. ÜDM-də 81%, qeyri-neft sektorunda 89%, məşğulluqda 79%, qeyri-neft ixracında isə 70% özəl sektorun payına düşür. Bu göstəricilər Azərbaycanda sahibkarlığa göstərilən dövlət dəstəyinin nəticəsidir və iqtisadi inkişafda özəl sektorun fəal iştirakını göstərir”.

Deputat qeyd edib ki, dövlətin özəl şirkətlərə verdiyi etimad və dəstək nəticəsində onlar artıq əlavə dəyər yaratmaqda mühüm rol oynayırlar: “Sahibkarlıq fəaliyyətinin daha səmərəli təşkili iqtisadi artıma və əhalinin rifahına əlavə təkan verəcək”.

Azər Əmiraslanov iqtisadi konsolidasiyanın qısa müddətdə artım templərinə təsir edə biləcəyini qeyd edərək stimullaşdırıcı tədbirlərin genişləndirilməsini təklif edib: “Makroiqtisadi sabitliyin bir sütunu fiskal və maliyyə dayanıqlığıdırsa, digər sütunu davamlı iqtisadi artımdır. Bu baxımdan fiskal, monetar və xarici investisiya siyasətləri bir-biri ilə uyğunlaşdırılmalı və vahid iqtisadi siyasət konsepsiyası çərçivəsində həyata keçirilməlidir”.

Komitə sədri həmçinin xərclərin optimallaşdırılmasının vacibliyini vurğulayıb: “Büdcə xərclərinin optimallaşdırılması üçün qeyri-səmərəli xərclərin müəyyən edilməsi məqsədilə konkret qiymətləndirmə meyarları tətbiq oluna bilər. Hazırkı büdcə zərfi mahiyyətcə maliyyə təhlükəsizliyi tədbirlərini əhatə edir. Sosial, iqtisadi, maliyyə, enerji, ərzaq və su təhlükəsizliyini birləşdirən vahid iqtisadi təhlükəsizlik konsepsiyasının hazırlanmasına ehtiyac var”.

Deputat əlavə edib ki, Hesablama Palatasının büdcə mexanizmlərinə dair irad və təklifləri də mühüm mənbə rolunu oynayır: “Xüsusilə gəlir və xərclərin hesablanması metodologiyasına, büdcə tənzimlənməsi mexanizmlərinə və icmal büdcənin tətbiqinə yenidən baxılması ilə bağlı təkliflər əhəmiyyətlidir”.

Sonda Azər Əmiraslanov bildirib ki, müzakirələr və Hesablama Palatasının rəyləri nəzərə alınmaqla təqdim olunan büdcə layihəsi ölkənin hədəflərinə uyğundur: “2026-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi həm büdcə qanunvericiliyinin tələblərinə, həm də Azərbaycanın strateji inkişaf məqsədlərinə tam cavab verir”.

Bütün xəbərlər Facebook səhifəmizdə