"Zəngəzur dəhlizi Azərbaycanın regional güc statusunu əsaslı şəkildə artırır" -POLİTOLOQ ŞƏRH ETDİ

"Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinin liderləri ilə keçirilən görüşdə Zəngəzur dəhlizinin gələn il üzrə icra planlarına dair verdiyi mesajlar bir daha göstərdi ki, bu layihə təkcə nəqliyyat xətti deyil, regionun siyasi və iqtisadi arxitekturasını dəyişdirəcək strateji təşəbbüsdür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi həm Azərbaycan üçün, həm də bütün türk dövlətləri üçün yeni geoiqtisadi mərhələnin başlanğıcı hesab olunur: "Zəngəzur dəhlizi Avrasiyanın əsas şərq–qərb ticarət yollarından birini tamamlayaraq, Mərkəzi Asiya ilə Türkiyə arasında ən qısa, təhlükəsiz və səmərəli nəqliyyat əlaqəsi yaradacaq. Bu, bölgədə ticarət dövriyyəsinin artmasına, logistikanın xərclərinin azalmasına və regional iqtisadi inteqrasiyanın güclənməsinə şərait yaradır. Mərkəzi Asiya ölkələri üçün Xəzər hövzəsindən keçməklə Aralıq dənizinə çıxış imkanı genişlənir, Azərbaycan isə nəqliyyat qovşağı rolunu daha da möhkəmləndirir.

Siyasi baxımdan isə Zəngəzur dəhlizi Azərbaycanın regional güc statusunu əsaslı şəkildə artırır. Bu layihə Bakı üçün yalnız tranzit imkanları demək deyil, həm də bölgədə qərarverici oyunçu statusunun təsdiqidir. Dəhliz açıldıqdan sonra Azərbaycan həm türk dünyasının inteqrasiyasının əsas halqasına, həm də Avropa-Asiya logistik xəttinin mühüm strateji həlqəsinə çevriləcək. Bundan əlavə, layihənin reallaşması Cənubi Qafqazda yeni siyasi balans formalaşdıracaq və Ermənistanın illərdir həyata keçirdiyi blokada siyasətinin tamamilə fiaskoya uğraması ilə nəticələnəcək.

Zəngəzur dəhlizinin açılması həmçinin Azərbaycanın enerji və nəqliyyat təhlükəsizliyinə də müsbət təsir göstərəcək. Yeni marşrut alternativ ticarət yolları yaradır və Azərbaycanın mövcud layihələr - Bakı-Tbilisi-Qars, Şimal-Cənub dəhlizi və Transxəzər nəqliyyat xətti ilə sinerji yaradaraq ölkənin tranzit gəlirlərini əhəmiyyətli dərəcədə artırır. Bu dəhliz türk dövlətləri təşkilatının geosiyasi gücünü artıracaq və Orta Dəhliz konsepsiyasını real strateji platformaya çevirəcək. Nəticədə, Azərbaycan həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik baxımından regionun lider aktorlarından biri kimi öz mövqeyini daha da möhkəmləndirəcək. Prezidentin vurğuladığı kimi, növbəti ildə Zəngəzur dəhlizi üzrə praktiki addımların atılması təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının geoiqtisadi xəritəsini yenidən formalaşdıracaq və Cənubi Qafqazda uzunmüddətli sabitliyə mühüm töhfə verəcək".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə