Məhərrəmlik ayı nələrə riayət olunmalıdır? ARAŞDIRMA

Məhərrəm ayı Hicri təqvimi ilə ilin ilk ayıdır. “Məhərrəm” ərəb sözü olub, sözün kökü baxımından “haram”dan əmələ gəlib. Hərfi mənada yasaq, qadağan deməkdir. Hətta İslamdan əvvəlki dövrdə də ərəblər qəbilə həyatının xudbinliyindən çəkinirdi. Ərəblər “məhərrəm” ayında bir-biri ilə müharibə etmək kimi “qadağan olunmuş” hərəkətlərdən çəkinirdilər.

Allah Təala buyurmuşdur: “Həqiqətən, Allah yanında ayların sayı on ikidir. (Bunu) da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin”.

Hicri – qəməri təqviminə görə 1443-cü il başa çatır, yeni 1444-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i iyulun 30-na təsadüf edir.

Peyğəmbərimiz buyurmuşdur: “Həqiqətən, zaman dövr edərək Allahın göyləri və yeri yaratdığı gündə olduğu formasına dönmüşdür, il on iki aydan ibarətdir, onlardan dördü haram aylardır, üçü ardıcıldır: zilqadə, zilhiccə və məhərrəm və bir də rəcəb…”

Hafiz İbn Kəsir demişdir: “Haram ayları dörddür: üçü ardıcıl, biri tək. Bu, həcc və ümrə ibadətlərini etmək üçündür. Həcc aylarından qabaq olan zilqadə ayı haram edilmişdir ki, bu ayda müharibə etməsinlər. Zilhiccə haram edilmişdir, çünki bu ayda həcc ibadəti ilə məşğul olurlar. Bundan sonrakı məhərrəm ayı da haram edilmişdir ki, bu ayda həccdən öz uzaq yerlərinə əmin-amanlıqla qayıda bilsinlər. İlin ortasında olan rəcəb isə, ərəb yarımadasının uzaq yerlərindən Kəbəni ziyarət edənlərin əmin-amanlıqla gəlmələri və vətənlərinə dönmələri üçün haram edilmişdir.”

Yəni Məhərrəmlik ayının islam aləmində haram ay kimi qəbul edilməsinin səbəbi, bu ay Həcc ziyarətindən gələnlər öz yurdlarına əmin-amanlıqla qayıda bilsinlər. Buna görə bu ay müharibə etmək haram edilmişdir.

Hicri təqviminin ilk ayının Məhərrəm ayının onuncu günü Aşura günüdür. İslam inancında bu gündə bir çox mühüm hadisələrin baş verdiyinə inanılır və bu günə dəyər verilir. Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada Yezidin ordusu tərəfindən öldürüldüyü gündür. Məhərrəm ayında da oruc ibadəti edilir. Bu il aşura günü avqustun 8-nə düşür. Bu gün eyni zamanda Allahın Musanı və qövmünü xilas edib, fironu və qövmünü isə, batıraraq haqqı batil üzərində qalib etdiyi gündür.

Mövzu ilə əlaqədar İlahiyyatçı mütəxəssiz Ağasəid Yaqubov SİA-ya açıqlama verib. Din xadimi bildirib ki, son günlər Məhərrəmlik ayında toy etməklə bağlı çoxlu suallarla rastlaşırıq: “Toy etməklə ailə qurmaq arasında müəyyən qədər fərq var. İslam ailə qurulmasına çox dəyər verir. İki gəncin evlənməsi, kəbin kəsilməsi, əlbəttə, doğrudur və bu, sünnətdir. Lakin şənlik keçirmək, yüksək səslə mahnı qoymaq, çalıb oynamaq bu, milli-mənəvi dəyərlərimizdə yer alan Muhərrəm ayında olan adət-ənənəmizə uyğun gəlmir. İmam Hüseyni (ə) tanıyan və Peyğəmbər övladı kimi ona ehtiram göstərən hər bir müsəlman Məhərrəmlikdə toy və şənlik etmədiyinin şahidi oluruq. Biz bunu dinlə əlaqələndirsək də, görürük ki, bir çox insanın Məhərrəmlikdə toy etmək və şənlik adətləri yoxdur. Necə ki, mədəni irsimizi ehtiva edən klassik ədiblərimizin şahı Məhəmməd Füzulinin şeirlərində vurğulanır ki, Məhərrəm ayı elə bir aydır ki, Mahe muhərrəm oldu müsərrəf haramdır. Bu ay yas saxlamaq şəriətə ehtiramdır”.

İlahiyyatçı qeyd edib ki, bu isə xalqımıza keçmişdən süzülüb gəlmiş adətdir: “Onu qeyd edim ki, imam Hüseynin zülmə və haqsızlığa qarşı canından keçməsi olmasaydı, bu gün də dünyada insanlar haqsızlığa biganə qalardılar. Biz də Həzrəti Məhəmməd Peyğəmbərin ümməti olaraq bir ay ərzində öz şənliklərimizi təxirə salaraq matəm elan edirik. İnsanlıq naminə haqq-ədaləti yaşatmağı imam Hüseyndən öyrənməyə çalışırıq. Bu, bizim mənəviyyatımızın saflaşmasına, milli kimliyimizin qorunmasına, vətənə-torpağa bağlılığımıza, dini-mənəvi dəyərlərimizin öyrənməsinə xidmət edir. Necə ki, bir soyqırım baş verəndə matəm elan edilirsə, bu da ona bənzəyir. Yas saxlamaqla matəm saxlamağı eyni hesab etmək olmaz. Biz İmam Hüseyn məktəbini yaşadırıq. Burada haqq-ədalət məktəbi olan Kərbəla məktəbini yaşadırıq. Bəzən bu ayda insanların zəncir vurması, özünü döyməsini müşahidə edirik. Bu hərəkətlər yanlışdır. İnsan öz doğmasının yasında belə üsyan etməməlidir. Mərsiyə deyilən zaman isə müəyyən bir ritmdə sinə vurmaq adəti əsrlər boyu olub. Sinə vurmaq İmam Hüseyn məktəbində formalaşan mədəniyyətdir. Ümumiyyətlə, sağ əlinlə ehmalca sinə vurmaq ehtiram əlaməti olaraq edilir. Lakin özünə xətər yetirərək döyən, zəncirləyən insanlar İmam Hüseyn məktəbindən xəbərdar deyil. İmam Hüseyn məktəbi sülhü, əmin-amanlığı tərənnüm edir. Barış və doğruluğu öyrədir. İnsanlar bir-birləri üçün ehsan süfrələri açır. Mehribanlıq aşılanır. Sivil və həmrəyliklə doğru və düzgün olma düşüncəsi formalaşır. Məhərrəmlik bu deməkdir”.

Sonda qeyd edək ki, aşura günü Huseynin (Allah ondan razı olsun) şəhid olduğu gündür. Əhli sünnə Hüseyni, əhli beytin digər üzvlərini olduğu kimi sevir və onun Cənnət əhlindən olduğuna şahidlik edir. Lakin məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, özünü döymək, qan çıxarmaq və s. şəriətə görə icazəli deyil. İslamda heç bir əsası olmayan xurafat və bidətlərdir. Hüseyndən öncə insanların ən şərəflisi Peyğəmbərimiz vəfat etmiş, həmçinin onun böyük səhabələri şəhid olmuşdur. Uhud döyüşündə nə qədər səhabə kafirlər tərəfindən öldürülüb şəhid olmuşdur: Həmzə, Musab və s. Lakin dinimizdən olmadığına görə, səhabələr və onlardan sonra gələn sələflərimiz bu böyük şəxsiyyətlər üçün matəm saxlamamış, ağlayıb ağı deməmiş, özlərini döyməklə Allahın onlara verdiyi əmanətə – sağlamlıqlarına – xəyanət etməmiş və Peyğəmbərin qadağan etdiyi, cahiliyyə dövrünün əməllərindən olan bu bidətləri etməmişdilər. Peyğəmbər əmisi Həmzənin şəhid olmasından sonra yeddi il yaşamış, lakin bir dəfə də olsun bu əməlləri etməmişdir. Əksinə, Allahın qədərinə qarşı üsyan olduğuna görə, ölü üçün səslə ağlamağı, dizlərə döyüb, yaxanı cırmağı şiddətlə qadağan etmişdir.

Bu ay Azərbaycanın bir çox bölgələrində toy və şadlıq məclisləri keçirilmir və ya təxirə salınır. Aşura gününə qədər Azərbaycanda məscidlərdə müxtəlif dini mərasimlər keçirilir, eyni zamanda, dini söhbətlər edilərək insanlara Məhərrəmlik ayı barəsində məlumat verirlər. Aşura günü müxtəlif məntəqələrdə qanvermə aksiyası keçirilir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə