9 sentyabr Beynəlxalq Gözəllik Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi gözəlliyin müxtəlif formalarını qiymətləndirmək, insanların zövqlərinin və baxışlarının nə qədər fərqli ola biləcəyini göstərməkdir. Bəziləri hesab edir ki, əsl gözəllik sadəlikdə və təbiilikdədir, digərləri isə süni müdaxilələrlə də insanın daha cəlbedici görünə biləcəyini düşünür. Mövzunun aktuallığını nəzərə alaraq, SİA olaraq şəhər sakinləri arasında kiçik bir sorğu keçirdik.
Şəhər sakini Mədinə Ələsgərova: “Fikrimcə, təbii gözəllik daha yaxşıdır. Təbii gözəllik daha yaxşı və gözəl görünür. Elə insanlar var ki, həqiqətən də doğuşdan onlarda elə bir gözəllik olur ki, insan ona baxmaqdan doymur. Buna həm biz xanımları, həm də bəyləri aid etmək olar. Elə insanlar da var ki, özlərini gedib min cür estetik əməliyyatlar etdirərək gözəlləşdirməyə çalışırlar. Amma düşünürəm ki, bunu yaxşı alındıra da bilmirlər. Amma müəyyən insanlar da var ki, həqiqətən də xəstəliyinə görə əməliyyat etdirir. Həmçinin digər qisim insanlar bunu adi bir şey kimi qəbul edir. Düşünürəm ki, onlarda çirkinlik fobiyası var və ona görə də bunları edirlər. insan dünyaya necə gəlibsə, elə də gözəl görünür”.
Şəhər sakini İsfahan Əhmədov: “Təbii gözəlliyin yerini heç nə verə bilməz. İlahi nə veribsə ona qane olmaq lazımdır. İstəyirsən təbiət, insan, canlı olsun, istəyirsən cansız Allah nə verirsə o hər şeydən əziz olmalıdır. Təbii gözəllik də buna daxildir. Amma özünü süni şəkildə gözəlləşdirən insanlar da var. Düzdür, bu, onun şəxsi işidir, amma yaxşı iş deyil. Tanınmış adamlar özünə süni gözəllik verir. Müğənnilər, aktyorlar, din xadimləri, vəzifədə olanlar özlərini süni şəkildə gözəlləşdirir. Ancaq əndazəni aşmaq lazım deyil. Elələri var ki, dodaqlarını şişirdib yarım kilo edirlər. Bu, kimə lazımdır?".
Şəhər sakini Şənay Fərəhova: “Fikrimcə, indi təbii gözəlliyə o qədər də önəm verən yoxdur. Mənə görə süni gözəllik daha yaxşıdır. Özünü necə istəyirsənsə elə də edə bilirsən. Təbii gözəllik keçmişdə (Füzulinin, Nizaminin dövründə) qaldı. Artıq heç kim təbii gözəlliyə önəm vermir”.
Şəhər sakini Süheyla Əhmədova: “Mən təbii gözəlliyə daha çox üstünlük verənlərdənəm. Düzdür, özlərini süni şəkildə əməliyyat etdirərək gözəlləşdirənlər də var. Amma elə insanlar da var ki, onun bu əməliyyatlara ehtiyacı var. Məsələn, hər hansısa bir qəza keçirib və üzündə müəyyən problemlər var. Onda hə, bu zaman əməliyyat olmalıdır. Amma özlərini süni şəkildə əməliyyat etdirərək gözəlləşdirənlərə yaxşı baxmıram”.
Şəhər sakini Humay Bağırova: “Mənim üçün hər zaman təbii gözəllik daha dəyərlidir. Çünki insanın öz siması, təbiiliyi və sadəliyi onun ən gözəl tərəfidir. Təbii gözəllik insanın özünü olduğu kimi qəbul etməsi deməkdir. Əlbəttə, süni gözəllik də cazibədar görünə bilər, amma bu, çox vaxt qısamüddətli təsir bağışlayır. İnsan gərək daxildən güclü və özünə inamlı olsun, bu zaman onun üzünə və gözlərinə də ayrı bir işıq gəlir. Məncə, səmimi gülüş və təbii gözəllik heç bir süni müdaxilə ilə əvəz oluna bilməz”.
Şəhər sakini Qönçə Quliyeva: “Düşünürəm ki, süni gözəlliyə də pis baxmaq olmaz. Axı hər kəsin öz istəyi, öz zövqü var. Kimsə görünüşündə bir detalı dəyişməklə özünə daha çox güvən qazana bilər. Əgər bu, həmin insana xoşbəxtlik gətirirsə, niyə də olmasın? Sadəcə, balansı qorumaq lazımdır. Çünki çox süni müdaxilə insanı təbii gözəlliyindən uzaqlaşdırır. Mənim üçün ən ideal variant təbii gözəlliyi qoruyaraq kiçik toxunuşlarla daha yaxşı görünməkdir. Yəni tamamilə əleyhinə deyiləm, amma təbiilik hər halda daha üstün gəlir”.
Şəhər sakini Səlim Abbasov: “Fikrimcə, təbii gözəllik hər zaman daha təsirlidir. İnsan öz halında, təbii görünəndə daha səmimi olur. Süni gözəllik ilk baxışda diqqət çəkə bilər, amma uzun müddət insanı özündə saxlayan, ona xoş təsir bağışlayan təbii görünüşdür. Məncə, əsas məsələ yalnız xarici gözəllik də deyil, daxili gözəlliyin də üzə vurmasıdır. İnsanın yaxşı rəftarı, mehribanlığı, pozitiv enerjisi onun simasında da özünü göstərir. Ona görə də mənim üçün təbiilik hər zaman üstünlük təşkil edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə