"Ermənistan rəhbərliyi anladı ki, Azərbaycanla silah gücü ilə danışmaq olmaz" - ŞƏRH EDİLDİ
"2023-cü ildə keçirilən 23 saatlıq antitterror əməliyyatı Azərbayan tarixində mühüm əhəmiyyətli yer tutur. Antiterror əməliyyatından sonra Azərbaycanın tam suverenliyi bərpa olundu". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.
Onun sözlərinə görə, antiterror əməliyyatına qədər 44 günlük Vətən Müharibəsində qələbə qazandıq, torpaqlarımızın çox hissəsi işğaldan azad edildi: "Amma Rusiyanın sülhməramlı qüvvələri müəyyən təxribatların törədilməsinə göz yumurdular və artıq erməni seperatçıları baş qaldırmaq istəyirdilər. Məhz antiterror əməliyyatlarına qədər dəfələrlə onlara xəbərdarlıq göndərildi. Bütün bunlara baxmayaraq separatçılar, o cümlədən də İrəvanda və dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən dağıdıcı erməni diaspor nümayəndələri bu işə əngəl törədirdilər.
Təəssüflər olsun ki, rus sülhməramlı qüvvələri öz öhdəliklərinə götürdükləri vəzifəni yerinə yetirmirdilər. Növbəti erməni təxribatının qarşısının alınması məqsədilə antiterror əməliyyatı keçirildi və erməni ordusunun geridə qalan hissəsi tamamilə tərk-silah edildi. Nəticə etibarilə, Azərbaycan torpaqları erməni separatçılarından təmizləndi. Bu böyük bir tarixi hadisədir. Bundan sonrakı dövrdə isə Qarabağda uzun illər işğalçı bir rejim yaradaraq Azərbaycana müəyyən mənada meydan oxumaq istəyən, düşmənçiliyi qızışdıran bütün rəhbər şəxslər həbs olunaraq ədalət qarşısında cavab verdilər. Heç şübhəsiz ki, antiterror əməliyyatı suverenliyimizin tam bərpa olunması ilə yanaşı, böyük sülhə gedən vacib bir amil oldu. Ermənistan rəhbərliyi də bir daha anladı ki, Azərbaycanla silah gücü ilə danışmaq olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə