“Azərbaycan toy ənənələri çoxəsrlik tarixi və milli-mədəni dəyərləri özündə əks etdirir”. Bu sözləri SİA-ya açıqlamasında əməkdar jurnalist Mətanət Məmmədova bildirib.
Onun sözlərinə görə, xüsusilə gəlin və bəyin at belində toy məkanına yaxınlaşması, yəni toyun keçirildiyi məkana at üzərində giriş etməsi qədim adətlərin qorunması baxımından mühüm yer tutur: “Bu adət yalnız mərasim çərçivəsi ilə məhdudlaşmır, eyni zamanda milli kimliyin, ailə dəyərlərinin və sosial bağlılığın nümayişidir. Müasir dövrdə keçirilən bəzi toy mərasimlərində Avropa və Türkiyə mədəniyyətindən təsirlənmiş məkanlar, musiqi və rəqslər müşahidə olunur. Lakin gəlin və bəyin at üzərində məkana girişi, xüsusilə də fayton və atlarla müşayiət olunması Azərbaycanın qədim toy adətlərini qoruması baxımından təqdirəlayiqdir. Bu adət həmçinin kino və folklor materiallarında da təsvir olunmuş və uzun illər Bakıda faytonlarla toy mərasimlərinin həyata keçirildiyi müşahidə edilmişdir.
Atın Azərbaycan mədəniyyətində simvolik mənası vardır: yüksəkliyə, müdrüklüyə və nizam-intizamlı həyatın başlanğıcına işarə edir. Gənc cütlüklərin at üzərində toy məkanına yaxınlaşması həm milli-mədəni dəyərləri yaşatmaq, həm də ailə həyatının başlanğıcını şərəfləndirmək baxımından vacibdir. Bu adətin sosial şəbəkələrdə yayılması və geniş ictimaiyyət tərəfindən izlənilməsi gənclər arasında milli ənənələrə hörmətin güclənməsinə və həmin ənənələrin yaşadılmasına stimul yarada bilər. Müasir toy mərasimlərində milli adətlərin qorunması, digər mədəniyyətlərin elementləri ilə qarışdırılmaması vacibdir. Toyun gözəlliyi yalnız dəbdəbədə deyil, həm də xalqın milli dəyərlərinin, adət-ənənələrinin və mədəni irsinin yaşadılmasında özünü göstərir. Son dövrlərdə keçirilən bəzi toy mərasimlərində milli elementlərin azalması, toy iştirakçılarının Azərbaycan ərazisində deyil, Avropa və ya Türkiyə atmosferində olduğu hissini yaratmışdır. Lakin milli musiqi və adətlərin toy mərasimlərində qorunması, həm milli kimliyin, həm də sosial-mədəni davamlılığın təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Nəticə olaraq, gəlin-bəyin at üzərində toy məkanına girişi, faytonların yenidən fəaliyyətə başlaması və milli musiqi elementlərinin qorunması Azərbaycan toy mədəniyyətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün əhəmiyyətli tədbirlərdir. Bu, həm gənclər üçün nümunə, həm də milli adətlərin qorunması üçün önəmli bir modeldir”.
Bütün xəbərlər Facebook səhifəmizdə