"ŞƏT Asiya bazarına çıxış baxımından böyük imkanlar yaradır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Şanxay Əməkdaşlıq Təşkilatı hazırda dünya dövlətlərinin bir çoxunun, xüsusilə də inkişaf etməkdə olan ölkələrin maraq dairəsindədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: "Təşkilata üzv ölkələrin iqtisadi və sənaye potensialına nəzər saldıqda, gələcək perspektivdə onların bir-birinə verə biləcəyi faydaları görmək mümkündür. Ən önəmlisi isə təşkilatın Asiya bazarına çıxış baxımından yaratdığı imkanlardır. Azərbaycan da şübhəsiz ki, bu təşkilatla maraqlıdır.

Əlbəttə, sual olunur: Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatı lazımdırmı? Birincisi, bizi bu təşkilatda görmək istəyən ölkələr var və onların başında Çin dayanır. Lakin əks mövqe tutan dövlətlər də mövcuddur. Məsələn, Hindistan Azərbaycanın Rusiya və Pakistana dəstək verdiyini düşünərək son mərhələdə veto hüququndan istifadə etmiş və üzvlüyümüzə qarşı çıxmışdı. Buna baxmayaraq, bu vəziyyətin davamlı olacağı ehtimalı azdır. Çünki məsələdə Çinin dəstəyinin mühüm rol oynayacağı gözlənilir.

Çin və Azərbaycan qarşılıqlı əməkdaşlıqda maraqlıdır. Azərbaycanın Çinlə münasibətləri kifayət qədər müsbətdir. Eyni zamanda, ölkəmizin Asiya bazarına çıxış imkanları və orada mövqeyini möhkəmlətmək istəkləri də məlumdur.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük niyyəti realdır. Lakin bu proses dəyişən qlobal vəziyyətdən asılı olaraq fərqli istiqamət ala bilər. Çünki ŞƏT bu gün nə Avropa İttifaqı, nə də NATO kimi tam formalaşmış, inteqrasiya olunmuş bir birlik deyil. Əgər təşkilat gələcəkdə hərbi alyansa çevrilsə, Azərbaycanın burada iştirak etməsi sual altında qala bilər. Eyni zamanda, əgər ŞƏT Avropa İttifaqı kimi gömrük məkanlarının aradan qaldırıldığı və vahid valyutanın tətbiq olunduğu formata keçsə, bu zaman da Azərbaycanın mövqeyi dəyişə bilər.

Mövcud şərtlər daxilində isə Azərbaycanın bu təşkilata üzv olmaq istəyi həm real, həm də məqsədəuyğundur. Prezident İlham Əliyevin Çin səfəri çərçivəsində bu məsələyə xüsusi diqqət yetirilib və müzakirələr aparılıb. Azərbaycanın bu məsələyə yanaşması ehtiyatlı optimizm xarakteri daşıyır. Yəni ölkəmiz həm ehtiyatlı davranır, həm də marağını açıq şəkildə nümayiş etdirir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə