"Antiterror tədbirləri hərb tarixinə qızıl hərflərlə yazılmalıdır" - DEPUTAT ŞƏRH ETDİ

"Ölkəmiz 2021-ci ildə tarixinin ən mühüm və qürurverici nailiyyətlərini əldə etdi. Bu il, xalqımızın əsrlər boyu arzusunda olduğu torpaq bütövlüyümüzün təmin olunması ilə yadda qaldı. 2020-ci ilin sonunda əldə edilən şanlı Qələbəmizin siyasi, hərbi və diplomatik nəticələri 2021-ci ildə daha da möhkəmləndirildi və regionda yeni reallıqlar formalaşdı. Bu nailiyyət, yalnız Azərbaycan xalqının milli birliyi və ordumuzun peşəkarlığı ilə deyil, eyni zamanda cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin parlaq nəticəsi kimi tarixə yazıldı". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, 2021-ci ildə xalqımız öz torpağında, öz dövlətinin gücü ilə sülh və təhlükəsizliyi təmin etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi:

"Bu Qələbə yalnız torpaqlarımızın azad olunması ilə yekunlaşmadı, həm də xalqımızın milli qürurunu, özünəinamını və dövlətinə sonsuz sevgisini daha da gücləndirdi. 2023-cü ilin sentyabrında həyata keçirilmiş 23 saatlıq lokal antiterror tədbirləri isə bu prosesin məntiqi davamı oldu. Cəmi bir sutkadan az bir müddətdə Ermənistanın silahlı birləşmələri Azərbaycan ərazisində tərksilah edildi və tam suverenlik təmin olundu. Bu əməliyyatlar nəinki Azərbaycanın hərbi gücünü, həm də yüksək texniki hazırlıq səviyyəsini, müasir döyüş taktikalarını və insan həyatına verilən dəyəri bütün dünyaya göstərdi. Antiterror tədbirlərinin ən mühüm cəhətlərindən biri onların son dərəcə dəqiqliklə, beynəlxalq humanitar hüququn tələblərinə tam uyğun şəkildə həyata keçirilməsi oldu. Hərbi hədəflərin bir neçə metrliyində mülki infrastruktur obyektlərinin yerləşməsi əməliyyatın mürəkkəbliyini qat-qat artırsa da, Azərbaycan Ordusu bu çətinliyi yüksək peşəkarlıqla dəf etdi. Mülki əhalinin zərər görməməsi üçün görülən tədbirlər, əməliyyatların minimal itki ilə həyata keçirilməsi dünya hərb tarixi üçün nümunə olacaq səviyyədə idi. Bu baxımdan, Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri hərb tarixinə qızıl hərflərlə yazılmalıdır".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bütün bu uğurlar bir daha sübut edir ki, bu gün Azərbaycan yalnız regionun deyil, beynəlxalq aləmin də nüfuzlu və söz sahibi olan dövlətlərindən biridir:

"Ölkəmizin qlobal miqyasda artan nüfuzu, Cənubi Qafqazda yaradılan yeni siyasi və geostrateji reallıqlar, Prezident İlham Əliyevin apardığı balanslaşdırılmış, çevik və milli maraqlara əsaslanan siyasətin nəticəsidir. Cənab Prezident İlham Əliyev təkcə ölkəmizin siyasi lideri deyil, həm də xalqın ümummilli iradəsinin daşıyıcısıdır. Onun prinsipiallığı, qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycan bu gün həm regionda, həm də beynəlxalq arenada sülhün, sabitliyin və inkişafın əsas dayaqlarından birinə çevrilib. Azərbaycan xalqı bu Qələbənin əsl müəllifini yaxşı tanıyır və dəyərləndirir. Tarixi nailiyyətlərlə dolu olan bu dövr, gələcək nəsillər üçün örnək olacaq və Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini daim qorumağa hazır olan bir millətin əzmini göstərən parlaq səhifələrdən biri kimi yaddaşlarda qalacaq".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə