Dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək - ANALİZ

Dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək - ANALİZ

Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibə tarixə qızıl hərflərlə yazıldı. Son iki yüz ildə əldə edilən Böyük Qələbə xalqımızın torpaq, yurd itkisindən aşağı əyilmiş başını dikəltdi, zirvələrə qaldırdı. Qazandığımız bu Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində qazanıldı. Ölkəmizin ərazi bütövlüyü təmin edildi, torpaqlarımız işğaldan qurtuldu. Vətən uğrunda aparılan qanlı-qadalı döyüşlər itkisiz də olmadı. Minlərlə oğul və qızlarımız azğın düşmənlə savaşda şəhidlik zirvəsinə yüksəldi, qazi oldu.

Canını Vətən yolunda fəda etmiş şəhidlərimizə hörmət və etiramımız sonsuzdur. Müharibədə şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı yüksək səviyyədədir. Bu gün Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial qayğılarının həll edilməsi üçün zəruri tədbirlər görülür, bu istiqamətdə müvafiq addımlar atılır, o cümlədən şəhidlərin ailə üzvlərinin, döyüşlərdə yaralanan və müharibə iştirakçı olan insanların və onların ailə üzvlərinin problemləri həll edilir.

Hərbçilər, qazilər və şəhid ailələri Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət və qayğısı altındadır. Çünki torpaqları işğal olunmuş bir ölkənin ərazi bütövlüyünü qoruyanlar, düşmənlə ağır döyüşə girənlər, Vətənin azadlığı üçün şəhidlik zirvəsinə yüksələnlər, torpaqları geri qaytarmaq naminə sağlamlıqlarından keçib əlil olanlar onlardır. Dövlət şəhid, yaxud əlil olmuş insanlara layiqli yanaşma nümayiş etdirir, ayrı-seçkilik qoymadan, həm I Qarabağ, həm də II Qarabağ müharibəsinin ağır nəticələri ilə üzləşənlərə həssas münasibət göstərir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir.

Prezident İlham Əliyev 2021-ci il avqustun 26-da Abşeron rayonunda şəhid ailələri, müharibə əlilləri, Vətən müharibəsi qəhrəmanlarına mənzillər və avtomobillərin təqdim olunması mərasimində iştirak etdi və bu kateqoriyadan olan insanlara 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim etdi. Təkcə ötən il 7360 müharibə əlili avtomobillə təmin edilib. 1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Prezidentin cari ilin yanvarında imzaladığı sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək. Dövlətimizin siyasəti budur, ev və mənzil verilməyən bir dənə də olsun şəhid ailəsi qalmayacaq! Müharibə əlillərinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində prinsipiallıq, görülən işlərin ardıcıllığı əslində dövlətimizin bu sahədə planlarının mükəmməl olduğu sübut edir.

Prezident İlham Əliyev bütün çıxışlarında bu dəyəri belə ifadə edir: “Hər bir şəhidin həyatı təkrarolunmazdır, hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir. Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərmişlər. Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir”.

Bəli, dövlətin sosial siyasəti, qeyd olunan həssas kateqoriyaya göstərdiyi münasibət ortaya bir mənzərə çıxarır - şəhid ailəsi təzə, rahat mənzillərlə təmin olunur, Qarabağ qazisi sağlamlığına qovuşur, işləyir, dövlətin bağışladığı hər cür təminatlı evdə yaşayır. “YAŞAT” Fondunun yaradılması ilə bağlı sərəncam da buna görə alqışlanmışdı. Bu gün fond da bu yöndə böyük işlər görür: gecikmədən, keyfiyyətli və davamlı! Yaralı əsgərlərimiz Türkiyə xəstəxanalarında müalicə alıb, sağlam geri qayıdır. Onların psixoloji durumu bərpa olunur, onların üzü gülür. Bu, olduqca vacib qayğıdır. Çünki qazi, şəhid ailəsi əzizdir, dəyərlidir!

Bu gün Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir. Məhz müharibədə yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunurlar. Şəhid ailə üzvlərinə dövlət tərəfindən müəyyənləşdirilmiş pensiya və müavinətlərin ödənilməsi vaxtı-vaxtında təmin edilir. Həmçinin həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat birdəfəlik sığorta ödənişinin verilməsi, yas mərasiminin təşkili üçün həlak olmuş şəxsin valideynlərinə 3 000 manat məbləğində maliyyə yardımının ödənilməsi, aylıq olaraq şəhid ailəsinə 500 manat Prezident təqaüdü verilməsi, şəhid uşaqlarının təhsil haqqını ödəməkdən azad olunması kimi humanist tədbirlərin həyata keçirilməsi şəhid ailərinə dövlət qayğısının ən böyük nümunəsidir.

Bundan əlavə, ölkənin ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar müxtəlif bədən xəsarəti alan əlillərə də dövlət lazım olan hər bir qayğı və diqqəti göstərməkdədir. Belə ki, əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara əlillik dərəcəsinə uyğun birdəfəlik 8 800, 6 600 və 4 400 manat sığorta ödənişi həyata keçirilir, əlillik dərəcəsinə uyğun 250, 230 və 210 manat məbləğində, I dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə 50 manat məbləğində Prezident təqaüdü ödənilir. Əlilliyi müəyyən edilmiş şəxslərin pensiya hüququ olmadıqda II dərəcə əlilliyi olanlara 130, III dərəcə əlilliyi olanlara isə 110 manat məbləğində müavinət ayrılır, əlilliyi müəyyən edilmiş şəxslərə tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər. Doqquzmərtəbəli 12 binadan və 576 mənzildən ibarət yeni yaşayış kompleksi 2.76 hektar ərazidə inşa olunub. Kompleksdəki binalarda ümumilikdə 36 birotaqlı, 144 ikiotaqlı, 360 üçotaqlı və 36 dördotaqlı mənzil vardır.

Kompleksin ərazisində 100 yerlik uşaq bağçası və bir inzibati bina inşa olunub. Həmçinin sakinlərin və övladlarının asudə vaxtının səmərəli təşkili üçün şərait yaradılıb və kompleks bütün zəruri infrastrukturla təmin edilib.

Şəhid ailələri və müharibə əlillərinə 200 mənzil və 50 avtomobilin təqdim olunmasının məhz müqəddəs Ramazan bayramında gerçəkləşməsi isə təsadüfi deyil. Humanizm, sosial qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqət və islam dəyərlərinə sadiqlik Azərbaycan Prezidentinin idarəçilik konsepsiyasının mühüm tərkib hissələrindəndir.

Sosial məsələlərin həlli ilə bağlı ortaya qoyulan siyasi iradə və ardıcıl praktik addımlar deməyə əsas verir ki, Azərbaycan sosialyönümlü dövlət modeli formalaşdırıb. Bu siyasət postmüharibə dövründə xüsusilə geniş vüsət alıb. Prezident İlham Əliyevin göstərişi ilə postmüharibə dövründə icra olunan sosial dəstək paketi 100 min şəxsi əhatə edib, onlara 166 min xidmət göstərilib. Bu dövr ərzində şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Mənzil proqramı 5 dəfə genişləndirilib, 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Beləliklə, ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub.

Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili son nəsil protezlərlə, 1400 müharibə əlili 17 min reabilitasiya vasitəsi, 5 min ailə sosial-psixoloji, 1500 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib, 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub, vahid əlaqələndirmə mərkəzləri tərəfindən isə 30 min şəxsə xidmətlər göstərilib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şəhid ailəsi ilə görüşündə dediyi fikirlər dövlətimizin bu istiqamətdə mövqeyini tam olaraq ortaya qoyur: “Dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək. Bu, bizim borcumuzdur və sizin həyatınız, yaşayışınız daim diqqət mərkəzində olacaqdır”.

“Səs” Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə