Cinayət yoxsa intihar? - ARAŞDIRMA

İqtisadi böhran və həyat şəraitinin pisləşməsi cəmiyyətdə zorakılığı getdikcə artırır. Tutaq ki, televiziyada bir qətl göstərildi. Bundan sonra oxşar şeyləri daha çox görürük. Bunun altında yatan iki şey ola bilər. Birincisi qətlin törədildiyi üsul qətlə meyilli olan insanlar üçün nümunə ola bilər.

Son dövrlər bir anda çoxlu valideyn və övlad qətlləri baş verdi. Ana- atasını, övladını öldürənlərin sayı artdı. Bu əməlləri törədənlərin bəziləri ruhi xəstə insanlardır.

Həmçinin, yaşadığımız mühitdə xaotik bir quruluş var. Birincisi, insanların sosial dəyərləri dəyişdi. İnsanlıq, dostluq və bir-birinə köməklik kimi dəyərlər çox da qalmayıb. İndi hər kəs öz qayğısına qalmağa çalışır. Daha çox fərdiyyətçilik, özünü xilas etmək cəhdi inkişaf etməyə başladı. İnsanların böyük əksəriyyəti böhran içindədir. Heç kim gələcəyə əmin deyil. Xaotik mühit səbəbindən zorakılıq baş verə bilər.

Gəlin bunu sadəcə qətl kimi düşünməyək. Ümumiyyətlə, güllələnmə, yaralama, döymə, qaçaqmalçılıq, kiməsə zərər vermə kimi zorakılıq halları artıb. Buna belə baxmaq lazımdır. Yəni təkcə artan qətllər deyil. Zorakılıq da artıb. Bunun altında yatan səbəb isə gələcəyini görə bilməyən insanların asan çıxış yolu olan zorakılığa əl atmasıdır. İnsanlar ya qəzəblərini ifadə etmək, ya da tez nəticə əldə etmək üçün zorakılıqdan istifadə etməyə başladılar.

Azərbaycanda 2020-ci ildə qeydə alınan cinayət hadisələrinin 1260-ı məişət zorakılığı ilə bağlı olub. Bu da 2019-cu ilin göstəricisindən 3,7 faiz azdır. Məişət zorakılığı ilə bağlı cinayətlərin 179-u əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən, 77-si isə sərxoş vəziyyətdə törədilib ki, bu da əvvəlki ilin göstəricisindən müvafiq olaraq 17,0 faiz və 1,6 dəfə çoxdur.

Baş vermiş cinayətlərin 87,9 faizi qəsdən sağlamlığa az ağır və ya yüngül zərər vurma, 6,0 faizi qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd, 3,5 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 0,5 faizi əzab vermə, 2,1 faizi isə digər cinayətlərə aiddir.

Məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 4,3 faiz azalaraq 1300 nəfər olub. Onların 75,9 faizini qadınlar, 1,2 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edib. Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 34,1 faiz artaraq 59 nəfər (onlardan 41-i qadın) olub.

Ölkə üzrə 2021-ci il ərzində 168 qəsdən adam öldürmə cinayəti törədilib. Bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Onlardan 110-nun cinayət təqibi üzrə icraatı yekunlaşıb. 2020-ci illə müqayisədə qeydə alınan bu növ cinayətlərin sayında 25 vahid azalma baş verib.

SİA mövzu ilə bağlı araşdırma apararaq ekspert və psixoloqların bu barədə fikirlərini öyrənib.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: “Təəssüf ki, bu mənfi tendensiya dünyanın hər yerində müşahidə olunur. Şiddət, zorakılıq mədəniyyətə, incəsənətə də sirayət edib. Son illər şiddəti, qan-qadanı təbliğ edən film və serialların sayı xeyli artıb. Obrazlı desək, ekrandan qan damır. Bu isə insanlara öz mənfi təsirini göstərir.

Azərbaycanda zorakılıq hallarının artmasının müxtəlif səbəbələri var. Müşahidələrimə əsaslanıb deyə bilərəm ki, son illər məişət zorakılığı, ailədaxili şiddət bir neçə dəfə çoxalıb. Evdə ərlə arvadın sözü bir-birinin boğazından keçmir. Bəzi gənclərimiz evlənmək xatirinə nikaha girirlər. Nəticə çox vaxt faciəvi olur.

Sözsüz ki, zorakılıq hallarının artmasında sosial problemlərin də öz payı var. İnsanlar, xüsusilə gənclər işsizlikdən əziyyət çəkirlər. Nəticədə, soyğunçuluq, oğurluq faktları çoxalır. Normal işi, qazancı olan adam başqasının malına göz dikməz. Yaxud belə hallaq indki ilə müqayisədə qat-qat az olar. İnsanları işlə təmin etmək, əhalinin məşğulluğunu artırmaq lazımdır.

Son vaxtlar diqqətimi ən çox cəlb edən məqamlardan biri də keçmiş məhkumlar arasında cinayət hallarının artmasıdır. Bunun səbəbi çoxlarımıza aydındır. Təəssüf ki, keçmiş məhkumlar cəzalarını çəkib azadlığa çıxdıqdan sonra iş tapmaqda çətinlik çəkirlər. Əksər qapılar onların üzünə bağlı olur. Buna görə də məcbur olub yad qapıları döyürlər. Amma əllərindəki kəsici-deşici alətlərlə. Nəticədə cəmiyyətdə şiddət və zorakılıq halları artır, kriminal hadisələrin statstikası daha da “zənginləşir”. Hesab edirəm ki, həyəcan təbili çalmağın vaxtı çatıb. Bu problemlə elliklə mübarizə aparmalıyıq”.

Psixoloq Vüsalə Əmiraslanova: “Ümumiyyətlə, şiddət hər zaman olub. İndi isə onun artma səbəbi sadəcə sosial şəbəkələrdə paylaşılmasıdır. Əvvəllər təcavüz, cinayət və şiddət halları olsa da bu çox işıqlandırılmırdı. İndi demək olar ki, hər gün nəysə bir hadisə, ölüm, təcavüz və yaxud da itki halları baş verir.

Mən düşünürəm ki, karantin dönəmində insanların psixologiyasına mənfi təsir edən çox hallar oldu. İndi də demək olar ki, insanlarda hələ adaptasiya dövrü düzəlməyib. İndi virusu düşünən yoxdur, onun fəsadlarını düşünürlər.

Daha çox işsizlik, ailədaxili şiddətlərin artması, ailədaxili problemlər hündəmdədir.

Karantin müddətində bəzi ailələr var idi ki, bir-biri ilə yola getmirdilər. Onlar üzə çıxdı və boşanma sayı artdı ki, bu da daha çox şiddətə səbəb olur.

Ümumiyyətlə, sosial şəbəkələrdəki yeni tanışlıqlar və yaxud da ki, yoldaşını qısqanmalar, xəyanət halları və s. bu da həm qız, həm oğlan tərəfindən şiddətə səbəb olur.

Son dövrlər isə qidanın da təsiri çoxdur. Həm sosial şəbəkənin, həm karantinin, həm qidanın bunun da təsiri böyükdür”.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev: “Cinayət, təcavüz və şiddət hallarında artım müşahidə edilmir. İnformasiyalar çoxalıb. Sosial şəbəkə dövrüdür. Harada nə baş versə sosial şəbəkələrdə yayılır. Ölkədə kriminogen durum sabitdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə