Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar beynəlxalq ictimaiyyətə MÜRACİƏT

Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar beynəlxalq ictimaiyyətə MÜRACİƏT

XX əsrin sonlarına yaxın dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən bir neçə soyqırımın şahidi olduq. SİA xəbər verir ki, 30 il bundan əvvəl baş verən Xocalı soyqırımı və 25 il bundan əvvəl baş verən Srebrenitsa soyqırımı dünya tarixinin ən qanlı və yaddaşlardan silinməyən səhifələrindəndir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırım aktı törədilib. Ağ qarın qırmızı rəngə boyandığı o soyuq gecədə çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilən bu soyqırım nəticəsində 613 nəfər amansızlıqla qətlə yetirildi, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. Bundan əlavə, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi indiyə kimi naməlumdur. Bu soyqırım zamanı mülki insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə dəlik-deşik edilmişdi.

Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırım siyasəti nəticəsində bir sıra beynəlxalq sənədlərin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının, “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın,“İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya”nın, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın, “Uşaq hüquqları haqqında” Konvensiyanın və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın tələbləri kobud şəkildə pozulub.

Hazırda 17 dövlətin parlamenti, həmçinin ABŞ-ın 24 ştatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda törədilmiş soyqırımı pisləyən qətnamə və qərarlar qəbul edib.

Soyqırımın törədilməsindən 30 il keçməsinə baxmayaraq, təəssüf ki, beynəlxalq ictimaiyyət tərəfindən ikili standartlara yol verilərək, bu soyqırım aktına lazımi siyasi və hüquqi qiymət verilməyib, cinayəti törətmiş şəxslər hələ də məsuliyyətə cəlb edilməyib.

Biz Azərbaycanlı şəhid ailələri, Xocalı soyqırımının şahidləri və Srebrenitsa faciəsinin şahidləri olaraq humanizm ideyalarının daşıyıcısı olan bütün beynəlxalq təşkilatlardan və dövlətlərdən tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Bununla yanaşı, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə