Hər birimiz hər hansı bir əşyanı alan zaman seçim imkanının geniş olduğu müxtəlif bazarlara üz tuturuq. Əsas diqqət yetirdiyimiz məqam aldığımız malın keyfiyyəti ilə bərabər, qiymətinin də ucuz olmasıdır.
Qiymətlərin ucuzluğu ilə seçilən bazarlardan biri də Sabunçu rayonu ərazisində yerləşən və “Bit bazarı”, "Rus bazarı" və yaxuda "Sabunçu bazarı" adı ilə tanınan ticarət məkanıdır. Burada qiymətlərin həddindən artıq ucuz olmasının səbəbi köhnə məhsulların satılmasıdır.
Başqa bazarlarda olmayan malları burada tapmaq mümkündür. Ağılınıza gəlib-gələ bilməyəcək hər şey burada satılır. Həftənin altı və bazar günləri fəaliyyət göstərən bu bazarda alıcı sayı dəhşət çoxdur.
Bu mövzu ilə baglı SƏS İnformasiya Agentliyi olaraq bazara üz tutduq.
İlk olaraq bazara daxil olduqda Ruhani dayının isti münasibəti diqqətimizi çəkdi. Onun sözlərinə görə, bazarda ondan insaflı insan yoxdu. Özü Qarabağ qazisi olan Ruhani dayı bazarda bir çox satıcıların da onun kimi qazi oldugunu vurguladı və alıcı səviyyəsinin yaxşı oldugunu qeyd etdi.
Daha sonra müxtəlif rus kitabları satan Rafiq dayının yanına yaxınlaşdıq. Kitabları əsasən şəhərdən 50 qəpiyə alıb, 1 manata satır. Onun sözlərinə görə, bazarda insanların kitaba olan marağı heç də ürək açan deyil.
Bazarda elə insanlar da var idi ki, öz övladlarının geyinmədiyi paltarları gətirib satırlar. Demək olar ki, dəyər-dəyməzinə satılan bu geyimlər son dərəcə yaxşı bir vəziyyətdə idi. Bir qədər əvvəl də qeyd etdiyimiz kimi bazarda "iynə atsan yerə düşməzdi". Bir sözlə, insanların həyat və məişətində istifadə etdikləri hər şeyə burada rast gəlmək mümkün idi.
Əsasən məişət avadanlığı satan Elçin bəyə yaxınlaşdıq. O, hər şeyi ucuz alıb, ucuz satdığını qeyd etdi. Bazarda ən çox diqqətimi balaca Əli çəkdi. Yaşının az olmasına baxmayaraq əlindəki malları satmağa can atar və demək olar ki, bazarda ən çox onun səsi çıxırdı.
Qarşısında müxtəlif cür saatlar olan Əli, qiymətlərin 5-7 manat aralığında oldugunu və bu gün hələ də satış edə bilmədiyini bildirdi. Burada eyni zamanda ucuz və işlənmiş telefonlar satılırdı. 10-20 manat aralığında olan bu telefonların hər biri çox saz vəziyyətində idi.
Bütün xəbərlər Facebook səhifəmizdə