Tənbəllik yoxsa xroniki xəstəlik? - ARAŞDIRMA

Saatlarla dincəlmək, heç bir şey etmədikdə belə aylarca eyni hissləri yaşamaq insanlarda sıx görülən hallardır. Bəzilərinə çox tanış olan bu vəziyyət bəziləri üçün tənbəllik kimi şərh edilsə də, bu mənzərə xroniki yorğunluq sindromundan başqa bir şey deyil. Avrasiya xəstəxanası daxili xəstəliklər mütəxəssisi müasir dövrün yeni xəstəliyi olan xroniki yorğunluq sindromundan danışıb.

Əsas yorğunluğun səbəbləri aydındır. Çox yayılmış bir şikayət olan yorğunluq, ümumiyyətlə həddindən artıq məşq, qida çatışmazlığı, anemiya, yuxarı tənəffüs yollarının xəstəlikləri, tiroid xəstəlikləri və virus infeksiyası səbəbindən inkişaf edir. İstifadə edilən bəzi dərmanlar yorğunluğa səbəb ola bilər.

6 aydır getməyən yorğunluğunuz üçün bir səbəb var

Xroniki yorğunluq sindromu müasir dövrün ən geniş yayılmış problemlərindən biri hesab olunur. İnsanları fiziki, zehni və mənəvi cəhətdən təsir edən xroniki yorğunluq sindromu altı aydan çox davam edən əzələ, oynaq, boğaz ağrısı, ürəkbulanma və konsentrasiyanın olmaması kimi özünü göstərir. Xroniki yorğunluq sindromunun ən diqqət çəkən xüsusiyyəti yorğunluğun istirahətlə daha da pisləşməsidir. Çünki zehni məşğuliyyətlər yorğunluğu daha da artırır. Buna görə də xroniki yorğunluqdan çox fərqli bir nöqtədədir. Xroniki yorğunluq sindromunda yorğunluğun əsas səbəbi fiziki fəaliyyət nəticəsində inkişaf etməməsidir. Digər fərqlər 6 aydır davam etməsi və yataq istirahəti ilə getməməsidir. Daha çox qadınlarda görülən xroniki yorğunluq sindromu ümumiyyətlə 30-50 yaş qrupunda müşahidə edilir.

Xroniki yorğunluq sindromu niyə yaranır?

Dəqiq səbəbi bilinməsə də, xroniki yorğunluq sindromunun ortaya çıxmasında təsirli olan bəzi amillər var. Bunlar zəif immunitet sistemi, bəzi viruslar, qidalanma, həddindən artıq stress altında görülən iş, zülmdür.

Xroniki yorğunluq sindromunun əlamətləri hansılardır?

Ən tipik simptom keçməyən yorğunluqdur. Əlavə olaraq unutqanlıq, diqqət dağınıqlığı, oynaq və əzələ ağrısı, limfa düyünlərinin şişməsi, dəridə qızartı və şişkinlik, yemək pozğunluqları, boğaz ağrısı, yuxu pozğunluqları, narahatlıq, istəksizlik, həssaslıq da olur.

Xroniki yorğunluq sindromunun diaqnozu necə qoyulur?

Xroniki yorğunluq sindromunun diaqnozunda istifadə olunan 2 mühüm sual var. Birincisi hər hansı fiziki fəaliyyət nəticəsində baş verib-verməməsi, ikincisi isə 6 aydır davam etməsidir.

Bu yorğunluqdan xilas olmaq mümkündürmü?

Yorğunluğun arxasında duran səbəblər müalicənin insana uyğunlaşdırılmasını zəruri edir. Bu nöqtədə problem fizikidirsə, yaxşı bir yuxu çox vacibdir. Əgər problem anemiya, qalxanabənzər vəzi və ya virus infeksiyalarından qaynaqlanırsa, bu xəstəliklər üçün bir yol izlənir. Ancaq problem xroniki xarakter daşıyırsa, psixoloji səbəblər araşdırılmalıdır.

Tənbəllik və hərəkətsizlik bir şey istehsal etmək üçün motivasiyanın olmamasıdır. İnsanda işini təxirə salmağa, işə gec getməyə, icazəsiz və ya narahatçılıqdan işə getməməyə, işini tərk etməyə, münasibətlərində problemlər yarada, insanlarla qaynayıb-qarışmağı dayandıra bilər.

Tənbəl insan evini, otağını yığışdırmaqda çətinlik çəkir, kitab oxumağa və idmana başlaya bilmir. Bitməyən işlər insanın beynini məşğul edir və stress yaradaraq depressiyaya səbəb olur.

Tənbəl insanlar hər şeydən qaçmaq istəyirlər. Həmişə öz rahatlıqlarını düşünürlər. Ayrılıq kimi emosional dəyişikliklər insanın motivasiyasını azalda və tənbəlliyə səbəb ola bilər.

Uşaqlıqda məsuliyyət verilməyən insanlar yetkinliklərində məsuliyyəti öz üzərlərinə götürmək istəməyə bilərlər. Çətinliklərin öhdəsindən gələ bilməyəcəyini düşünən insan həmişə asanı seçir. Əgər ətrafındakı insanlar da hərəkətsizdirsə, o, onlardan təsirlənə bilər. Əgər insan özünü motivasiya edə bilmirsə, hərəkətə keçə bilməz.

Motivasiyanı artırmağa çalışmaq lazımdır. Əgər insan nəyisə etməyə həvəslidirsə, hərəkətə keçə bilər. Atılan hər bir addım, hətta bir neçə addım da haradansa başlamaqdır və insanın motivasiyasını artırır, enerjili hiss etdirir. Əgər şəxs hərəkətə keçə bilmirsə, o, dəstək almalıdır. Hipnoterapiya-psixoterapiya ilə fərdin tənbəlliyinə səbəb olan hadisələr şüuraltı səviyyədə üzə çıxarılır, şərh və həll edilir.

SİA məsələ ilə bağlı araşdırma apararaq psixoloq, həkim və ekspertlərin fikirlərini öyrənib.

"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülay Səfərova: “Bu gün hər birimizin həyatında müstəsna rol oynayan texnologiya həyatımızın ayrılmaz bir parçasına çevrilib. Texnologiyadan istifadə işlərimizi asanlaşdırsa da, sürətləndirsə də amma bundan asılılıq da yaradır, bir az bizi tənbəlləşdirir də. Demək olar ki, həyatımızı ağıllı, proqramlı əşyalara həvalə etmişik.

İnsanların texnologiyaya asılılığı onların sağlamlığına da mənfi təsir edir. Belə ki, saatlarla internetdən istifadə edən insanlarda diqqət pozğunluğu yaradır, informativ stresləri artırır, davranış pozğunluqlarının yaranmasına gətirib çıxarır.

Bədən quruluşunuzu qorumaq üçün idman edin. Doğrudan da əvvəllər elə mən özüm də idmana gedirdim. İndi isə sözün açığı vaxt yoxdur idman etməyə. Həm də insanlar çox tənbəlləşib. Axşamlar biraz yürüyüşə çıxıram ki, heç olmasa bir saat belə yürüşə vaxt sərf edim. O da oturaq iş olur, tədbirlər çox olur.

İkincisi pandemiya dövründə bu məsələlər doğrudan da unudulub. Həm idman zallarının bağlanması, eyni zamanda oturaq iş, onlayn tədbirlər və s. insanı tənbəl edir”.

Həkim-infeksionist Xatirə Əliyeva: “Bildiyimiz kimi, XXI əsr texnologiya əsridir. Texnologiya insan tərəfindən məlumat və xidmətlərin yaradılması prosesidir. Lakin texnologiyanın inkişaf etməsinin müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də var.

Nəqliyyat vasitələri, kommunikasiyalar, müxtəlif məişət avadanlıqlarının hazırlanması texnologiyanın müsbət tərəfləridir. Çünki, bunlar insan həyatını rahatlaşdırır və daha komfort edir. Lakin texnologiyanın son dərəcə inkişaf etməsi onların oturaq və passiv həyat tərzinə meyl etməsinə səbəb oldu. Əvvəllər 5-ci mərtəbəyə ayaqla qalxan insanlar indi 2-ci mərtəbəyə liftlə qalxır. İnsanlar tənbəllikdən qısa məsafələri qət etmək üçün nəqliyyat vasitələrindən istifadə edir.

Bundan başqa texnologiya insanları cəmiyyətdən uzaqlaşdırır. Saatlarla stol arxasında oturub kompyuterlə işləmək uşaqlarda kompyuterdən asılılığa, diqqət dağınıqlığına, onurğa sistemində pozğunluqlara gətirib çıxardır. Eləcə də həddindən artıq yaxın məsafədən kompyuter ekranına baxmaqla görmə funksiyasının zəifləməsinə, yaxındangörmə xəstəliyinə gətirib çıxarır.

Araşdırmalar zamanı məlum olub ki, texnologiyanın ətraf mühitə yaydığı şüalar beyin hüceyrələrinə ciddi təsir edərək bir çox xəstəliklərin yaranmasına səbəb olur. Passiv həyat tərzi gənc nəsildə hiporteniya, nevroz, şəkər kimi xəstəliklərə şərait yaradır. Çalışmalıyıq ki, texnologiyadan istifadə etməklə bərabər daha çox aktiv həyat tərzinə üstünlük verək. Bu sahədə valideynlərin üzərinə də böyük məsuliyyət düşür. Onlar övladlarının internet və telefonla məşğul olmasına nəzarət etməli, övladlarını aktiv həyat tərzinə yönləndirməlidirlər”.

Psixoloq Vüsalə Əmiraslanova: “Günümüzdə kifayət qədər idman edən insanlar var. Bəzi insanlar isə tənbəlliyin daşını ataraq həm idman edir, həm də sağlam qidalanır. Amma ümumən insanlarda karantindən sonra tənbəllik çox artıb. İnsanlar sosial mediaya daha çox meyilli olublar və vaxtlarını da oturaq şəkildə orada keçirirlər. Onlayn təhsil də onlarda tənbəllik yaradıb. Amma zaman keçdikcə insanlar yenidən öz sağlam həyatlarına qayıdırlar.

Tənbəllik ümumi genetik ola bilir. Yəni, burada genetika da rol oynayır. Lakin daha çox insanın şəxsiyyət tipindən də asılıdır.

Psixoloq Mahuxanım Teymurova: “Əvvələr texnologiya bir o qədər inkişaf etməmişdi. İnsanlar ehtiyaclarını qarşılamaq üçün müəyyən yerlərə gedib, həll etməli idilər. Məsələn, geyimə ehtiyyacları var idisə bir-bir mağazalara gedib məhsulu yoxlamalı idilər, bank, "ASAN XİDMƏT" kimi dövlət qurumlarına müraciət edərək gedib saatlarla növbə gözləyirdilər. Lakin hal-hazırda hər şeyi onlayn həll etməyin mümkün olması insanları tənbəlləşdirib.

Hal-hazırda hər şeyi ONLAYN şəkildə asanlıqla həll edə bilirik. Geyimləri istər saytlardan, istərsə də sosial şəbəkədən rahatlıqla baxıb ala bilirik. Bu vəziyyət də insanların hər şeyi evdən həll etməsinə gətirib çıxarıb və beləliklə insanlar passiv həyat şəraiti yaşayırlar. Bu da onların tənbəlləşməsinə gətirib çıxarır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə