Azyaşlılara qarşı zorakılıq hallarında günahkar kimdir? - ARAŞDIRMA

Uşaq istismarı, uşağa zorakılıq və ya pis rəftar kimi müəyyən edilə bilər. Mütəxəssislər arasında uşaq istismarı fiziki qısnama, cinsi təcavüz, psixoloji təzyiq və məlumatsızlıq kimi dəyərləndirilir. Bütün bu kateqoriyalara uşaqları işə götürmək, uşaqları cinsi istismar etmək, uşaqlara zərər vermək, uşaqları erkən yaşda evləndirmək və saya bilməyəcəyimiz bir çox başqa şeylər daxildir.

1 milyarda yaxın uşaq zorakılıq qurbanıdır

Ümumdünya Səhiyyə Təşkilatının 2020-ci ildə paylaşdığı hesabata görə, 2019-cu ildə 2-17 yaş arası təxminən 1 milyard uşaq fiziki, cinsi və ya emosional zorakılığa məruz qalıb. Dünyada hər il 1 milyard 700 milyon uşağın zorakılığa məruz qaldığı bildirilir.

Dünyada 20 yaşdan aşağı hər 10 gənc qızdan 1-i cinsi əlaqəyə məcbur edilir. 15-19 yaş arası 15 milyon gənc qızın cinsi əlaqəyə məcbur edildiyi bildirilir. 10 uşaqdan 6-sı valideynləri tərəfindən fiziki cəzalandırılır. Aşkar edilmiş insan alveri fəaliyyətlərində uşaqların 28 faizi qurbandır. Hər il 15 yaşa qədər 41 min uşaq məişət qətli nəticəsində dünyasını dəyişir.

Yetkinlərin dörddə biri uşaqlıqda zorakılığa məruz qaldıqlarını bildirir. Hər 5 qadından 1-i və 13 kişidən 1-i uşaq ikən zorakılığa məruz qaldığını təsvir edir.

Digər tərəfdən, epidemiya dövründə internetdə uşaqlara qarşı zorakılığın həyəcan verici dərəcədə artdığını və uşaq istismarı hallarının 3 dəfə çoxaldığı bildirilib.

Hansı ölkədə uşaqlar nə qədər təhlükəsizdir?

Tədqiqat ölkələr, ətraf mühit, hüquqi fəaliyyət, hökumətin imkanları, özəl sektorun, vətəndaş cəmiyyətinin və medianın baxışı əsasında qiymətləndirilib. Araşdırmaya görə, uşaqların ən təhlükəsiz olduğu ölkə 83,9 faizlə İngiltərə, ən az təhlükəsiz ölkə isə 26,4 faizlə Konqo Demokratik Respublikasıdır.

İngiltərə

Uşaqlar üçün ən təhlükəsiz ölkə olduğu deyilən İngiltərədə 2020-ci ilin mart ayında 19 847 uşaq cinsi istismara məruz qaldıqları üçün yardım alırdı.

2016-17-ci illərdə aparılan araşdırmaya görə, 43 522 uşaq cinsi istismara məruz qalıb. İngiltərədə 2020-ci ildə aparılan araşdırmada 18-74 yaş arası 8 milyon 500 min yetkin 16 yaşından əvvəl cinsi istismara məruz qaldığını etiraf edib.

Araşdırmada İngiltərənin uşaq istismarının qarşısını almaq üçün proqramlar hazırladığı və texnoloji sahələrdə yaxşı çıxış təmin etdiyi bildirilib. Bununla belə, rəsmi qurumlar tərəfindən heç bir rəsmi məlumatın paylaşılmamasının böyük çatışmazlıq olduğu bildirilib.

Almaniya

Siyahının 5-ci pilləsində 73,1 faizlə Almaniya qərarlaşdırılıb. Alman polis orqanlarının 2018-ci ildə uşaq istismarı ilə bağlı dərc etdiyi hesabata görə, ölkədə hər gün 40 uşaq zorakılığa məruz qalıb.

Almaniyada uşaq zorakılığına qarşı proqramlar hazırlanır və texnoloji imkanlar təklif olunur, lakin burada rəsmi məlumat mübadiləsi də problemlidir.

Türkiyə

Türkiyə yüzdə 56,7 ilə siyahıda 18-ci yerdədir. Türkiyə Statistika Təşkilatının 2016-cı il məlumatlarına görə, Türkiyədə son 10 ildə uşaq istismarı ilə bağlı halların sayı təxminən 3 dəfə artıb, 250 min uşaq zorakılığa məruz qalıb. TÜİK-in 2019-cu il məlumatlarına görə, cinayət qurbanı kimi gələn 206 min 498 uşağın 15,2 faizi cinsi zorakılığın qurbanı olub.

Araşdırmalarda Türkiyədə uşaq istismarına qarşı media, ictimaiyyət və vətəndaş cəmiyyətinin mühüm dəstəyi olduğu bildirilir. Digər tərəfdən, hüquq sistemində boşluq var, sui-istifadəyə qarşı milli maarifləndirmənin olmaması və rəsmi məlumatların paylaşılmaması çatışmazlıqlar kimi qiymətləndirilir.

Rusiya

Rusiya 47,2 faizlə 38-ci yerdədir. Əslində, Rusiyada cinsi istismar məlumatları üçün etibarlı mənbə yoxdur. Rusiyada hüquqi strukturda irəliləyişlərin olduğu, lakin məlumatların toplanması, milli təhsil və dəstək proqramlarının çatışmadığı vurğulanır.

Konqo Demokratik Respublikası

Gender əsaslı ayrı-seçkiliyin ən çox olduğu ölkələr arasında Konqo Demokratik Respublikası isə 26,4 faizlə siyahının sonundadır. Konqoda az qala hər 2 uşaqdan 1-i gənc yaşda evlənmək məcburiyyətindədir və 15-19 yaş arası qızların yüzdə 27-nin hamilə olduğu bildirilir. 15-19 yaşlarında cinsi əlaqəyə məcbur edilən qızların yalnız 1%-i peşəkar yardım ala bilir.

Uşaqlara qarşı hər cür zorakılıq təəssüf ki, dünyanın hər yerində ürəkağrıdan bir reallıqdır. Ölkələrin rifah səviyyəsi yüksəldikcə məlumatlara çatmaq asan olsa da, ən inkişaf etmiş ölkələrdə belə məlumatlar hələ də çox aydın deyil. İşlərin əksəriyyəti qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilir.

Uşaqların zorakılığın hər hansı formasına məruz qalmasına haqq qazandırmaq olmaz, istənilən zorakılığın qarşısını almaq olar. Uşaqlar üçün ən təhlükəsiz ölkə kimi müəyyən edilən ölkədə belə uşaqların 20 faizi təhlükəsiz deyil. Dünyanın hər bir ölkəsində, hər bir guşəsində gələcəyimiz, maarifimiz olan günahsız uşaqları qorumaq hər bir vicdanlı insanın borcudur.

SİA məsələ ilə bağlı araşdırma apararaq sosioloq və psixoloqların fikirlərini öyrənib.

Sosioloq Rəşad Əsgərov: “Son zamanlar respublikanın gündəmini zəbt edən azyaşlı qız uşağına, xüsusilə də, yetkinlik yaşına çatmamış qıza qarşı törədilən cinsi zorakılıq artıb. Əlbəttə ki, respublika miqyasında ürəkaçan hadisə deyil, lənətlənəsi və yaxud da ki, müəyyən qədər ictimai qınağa, təzyiqlərə səbəb olan bir hadisədir. Hadisə ilə bağlı artıq hüquq-mühafizə orqanları öz sözlərini deyiblər.

İkinci bir tərəfdən burada ailə daxilində olan problemlər də ailənin müəyyən qədər problemli, ikinci dəfə qurulan ailə olması, ailə üzvləri arasında nəzarət funksiyasının yetərincə olmaması, ailə üzvləri arasında müəyyən qədər problemlərin olması, qorxu və digər amillər nəticəsində cinsi zorakılığa məruz qalmış uşağın bu hadisəni uzun müddət valideyndən, anadan gizlətməsi sonda belə bir hadisəyə gətirib çıxarmışdır. Əlbəttə ki, bu hadisə bəlkə də Avropa ölkələrində baş versəydi ona o qədər də geniş ajiotaj yaratmazdı. Amma Şərq zəminində, xüsusilə də Azərbaycan dövlətində bu hadisənin törədilməsi həm uşağın cinsi istismara məruz qalmasına, digər tərəfdən isə onun cəmiyyət arasında nüfuzunun, ictimaiyyət arasındakı mövqeyinin sarsılmasına gətirib çıxarır.

Üçüncü tərəfdən, uşağa qarşı törədilən zorakılıq hadisəsi, hətta bu uşağın özünün də ölümünə səbəb ola bilərdi. Digər tərəfdən, ikinci dəfə ana ilə nikaha girmiş ögey atalığın bu hadisəni törətməsi isə olduqca qarşılanmaz hal kimi qəbul olunur. Hadisəyə qiymət verərkən artıq cəmiyyət, ictimaiyyət hadisəni hüquqi müstəvidə deyil, elə, insanlar arasında, icma qaydaları əsasında həyata keçirilməsinə və bu hadisəni törədən şəxsin ölümə məhkum olunmasına, asılmasına və digər hallarını daha çox dəstəkləyirlər. Belə hadisələrə baxanda biz görürük ki, belə insanlara qarşı ölüm hökmünün tətbiqi, güllələnmə, asılma və s. daha doğru yol olardı və digər tərəfdən də ki, bu kimi hallarda ölüm hökmünün tətbiqi bu kimi cinayətlərə meyil etmiş atalıqların və digər insanların da belə meyillərdən, cinayətlərdən uzaqlaşmasına gətirib çıxara bilərdi. Əslində, belə insanların cəmiyyət içərisində yaşamağa heç haqqı yoxdur və yaxud da ki, belə insanlar ümumiyyətlə cəmiyyətdən təcrid olunmalıdır. Onlar heyvan sürüsü kimi yaşamağa məhkum olmalıdırlar. Hətta heyvanlar belə bu addımı atmazlar. Amma atalığın bu hadisəni törətməsi isə olduqca qınanılası, olduqca tənqid hədəfinə çevriləsi, o, cəmiyyət tərəfindən olduqca lənətlənəsi bir hadisədir. Biz də bu hadisəni çox qınayırıq və ümid edirik ki, Azərbaycan hüquq-mühafizə orqanları bu hadisəyə layiqli qiymətini verəcəklər və bu hadisədə müəyyən qədər günahlar olmuş şəxslərin və yaxud da ki, hadisəni bilib ictimaiyyətə ötürməyən, hadisənin gizlədilməsinə şərait yaratmış şəxslərin də müəyyən qədər cinayət məsuliyyətinə cəlb olunmasına şərait yaradacaqlar.

Digər bir məqam isə onunla bağlıdır ki, xüsusilə də rayon yerlərində uşaqların konvensiyasına görə icbari təhsilə cəlb olunması prosesi həyata keçirildiyi halda, niyə 11 yaşındakı uşaq müəyyən müddət təhsildən yayınmış vəziyyətdə qalıb? Niyə məktəbdə olmayıb? Niyə məktəb təhsilinə qoyulmayıb və bu hadisə özü də müəyyən qədər Azərbaycan Respublikasında uşaq hüquqlarının, onların təhsil hüquqlarının pozulmasına gətirib çıxarır ki, o da onların müəyyən qədər bu kimi cinsi istismara və digər meyillərə məruz qalmasına səbəb olur. Belə hallarla bağlı təhsil ictimaiyyətinin də qarşısında mühüm bir vəzifə dayanır ki, bütün uşaqlar xüsusilə də icbari təhsil prosesinə sağlamlıq imkanlarında heç bir problemi olmayan, yəni, sağlamlıq imkanları məhdud olmayan uşaqların hamısının təhsil prosesinə cəlb olunması onların bu kimi təcavüz hallarından qorunmasına və yaxud da təcavüzə məruz qalmasının qarşısının alınmasına gətirib çıxara bilər.

Digər bir məqam isə onunla bağlıdır ki, burada azyaşlıya qarşı törədilmiş 14 yaşına və yaxud da 16 yaşına çatmayan şəxsə qarşı törədilmiş cinsi istismar aktı artıq zorakılıqdır, cinsi istismardır. Bu, qəbul edilməyən haldır və ona qarşı mübarizə aparılır. Üçüncü bir hal isə onunla bağlıdır ki, bu uşağa qarşı törədilmiş cinsi istismar haqqı onun uşaq hüquqları haqqında konvensiyaya görə uşaq hüquqlarının pozulmasıdır. O, yetkinlik yaşına çatmadığına görə, ümumiyyətlə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən ailə qurmaq, nikaha girmək üçün 18 yaş göstərilir və 18 yaşdan aşağı uşaqlara qarşı törədilmiş cinayət artıq cinsi istismar, cinsi təzyiq, cinsi zorakılıq sayılır. Bu da hüquq-mühafizə orqanları tərəfindən kifayət qədər qiymətləndiriləcək və bu şəxsə qarşı lazımi ölçü götürüləcəkdir”.

Psixoloq Zeynəb Eyyubova: “Son dövrün ən aktual problemlərindən biri uşaq zorakılığı, zorakılıq faktları bunun alt planında intiharlardır. Uşaqlarınıza birinci zorakılığı öyrətmək lazımdır ki, nədir və necə qorunmalıdır? Uşağımıza "sənin özəl zonaların var" deməliyik. Yəni, oğlan övladına öyrətməlisən ki, "bura intim zonadır, heç kəs toxuna bilməz, müəllim, tərbiyəçi, xala, bibi, dayı qəti olmaz və yalnız həkim toxuna bilər o da ehtiyac, zərurət olarsa, valideynin nəzarəti altında toxuna bilər".

Valideyn uşağının dostlarını tanımalıdır. Yeniyetməlik dövrünün bir özəl xüsusiyyəti var ki, bu dövr ailədən ən çox qırılma dövrüdür. Uşaq ailədən qırılır deyə referant qruplarda özünü xoşbəxt hiss edir. Ata-ana bilməlidir ki, "mənim uşağım hansı referant qruplardadır?", "mənim uşağımın dostlarının marağı nədir?". Bunları bilsələr, zorakılıq faktlarında azalma və maariflənmə olar.

Bu gün elə bilirik ki, qızlara qarşı zorakılıq faktları daha çoxdur. Amma qəbul etməsəniz də və yaxud statistik məlumatlara baxanda bu gün yetərincə yeniyetmə uşaqlar zorakılıq faktları ilə müraciət edirlər. Yeniyetmələr qorxurlar ki, onlara "sən kişi deyilsən" deyə bilərlər, "sən artıq təmiz deyilsən", qızlarımıza "sən pak deyilsən" deyilər. Nə qədər qızlar bizə müraciət edir, artıq illər keçib 30-35 yaşı var 15 il, 20 il bundan qabaqkı dövründən danışanda "zatən mən desəydim də heç kəs mənə inanmazdı, mənə deyəcəkdilər ki, sən nə etmişdin ki, bunu sənə etdilər, sən özünü necə aparmışdın ki, bunu sənə etdilər?!".

Ailədaxili olan zorakılıqlar dırnaqarası abır və mental dəyərlərə görə gizlədilir. Analara deyirəm ki, müəyyən dövrdə qızlara mensturasiya haqqında məlumat verin. Oğlanlara artıq kişi olma ilə bağlı bəzi proseslər var ki, ataları başa salsın, qızları isə anaları başa salın. Bu gün birinci bizim atacağımız addım uşaqlarımıza özlərini qorumağı öyrətməkdir. Bu gün məktəblərdə dəhşətli intim prosesləri, zorakılıqlar gedir və bu gün övladlarımız arasında yetərincə maarifləndirmə getməlidir. Bu gün qızlarımızın bizə ailə tələblərində dediyi sözlər budur: "biz zatən anamızla danışa bilmirik. Danışsam məni təhdid edəcək, atama deyəcək, yəni, rəfiqə ola bilmirik".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə