"Füzuli yeni və müasir standartlara uyğun olaraq qurulan bir şəhər olacaq" - İQTİSADÇI ŞƏRH ETDİ

“Füzuli rayonu Qarabağda strateji mövqeyinə görə fərqlənən bölgələrimizdəndir və 44 günlük Vətən müharibəsində Füzuli şəhərinin azad edilməsi müharibədə xüsusən strateji baxımdan vacib uğurlardan biri kimi qiymətləndirilir. Artıq Füzuli şəhəri və bütövlükdə işğal altında olan digər torpaqlarımız azaddır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, Füzulidə bütövlükdə yeni bərpa-quruculuq işlərinə qədəm qoyulub: “Füzuli Beynəlxalq Hava Limanı dünyada ən qısa müddətdə inşa edilən hava limanlarından biridir. Artıq ilkin sınaq uçuşları həyata keçirilib və Füzuli Hava Limanı beynəlxalq standartlara uyğun olaraq qurulan və beynəlxalq uçuşları həyata keçirəcək hava limanıdır. Eyni zamanda Füzuli rayonunun nəqliyyat və logistik infrastrukturunun formalaşdırılması istiqamətində işlər intensiv şəkildə həyata keçirilir. Horadiz-Ağbənd dəmiryolu xətti, eləcə də Horadizlə Zəngilanı birləşdirəcək avtomobil yolu, o cümlədən Füzuli-Hadrut, Füzuli-Şuşa Zəfər yollarının inşa edilməsi də ondan xəbər verir ki, işğaldan azad edilmiş torpaqlarımız çox qısa zamanda bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub”.

V.Bayramov vurğulayıb ki, artıq bu yeni bir mərhələdir: “Bərpa və yenidən qurmanın daha intensiv şəkildə aparılması və eyni zamanda məskunlaşma prosesinin gözləniləndən daha tez olacağından xəbər verir. Füzuli şəhəri öz tarixində bütövlükdə yeni mərhələyə qədəm qoyur. Biz gülüş və həyatın uzun zamandır işğalda qalan Füzuliyə yenidən qayıtdığını görəcəyik. Füzuli artıq yeni və müasir standartlara uyğun olaraq qurulan bir şəhər olacaq. Bu da təbii ki, Qarabağın həyata yenidən qayıdacağından xeber verir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...