“TurAz Şahini – 2021” təlimlərinin bağlanış mərasimi keçirilib VİDEO/FOTO

Türkiyə Respublikasının Konya şəhərindəki aviabazada keçirilən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Şahini - 2021” birgə taktiki təlimlərinin bağlanış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, bağlanış mərasimində aviasiya bazasının komandiri general-mayor Öndər Şənsöz təlimlərdə iştirak edən şəxsi heyəti təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Bildirilib ki, uğurla başa çatan təlimlərdə uçuş, texniki və təminat heyətləri böyük təcrübə qazanıblar. Hərbi pilotların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasında bu kimi təlimlərin əhəmiyyəti xüsusi qeyd olunub və növbəti birgə təlimlərin keçirilməsinin zəruriliyi də əminliklə ifadə edilib.

Döyüş təyyarələrinin taktiki-texniki imkanlarından bacarıqla istifadə edərək təlimdə verilən bütün tapşırıqları peşəkarlıqla icra edən pilotların fəaliyyəti baza komandiri tərəfindən yüksək qiymətləndirilib.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, birgə təlimə Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd “MİQ-29” qırıcı və 2 ədəd “SU-25” hücum təyyarələri cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...