“Fast-food” görünüşü və dadına görə uşaqlar, həm də böyüklər arasında ən çox üstünlük verilən qidalar sərasındadır. Xüsusilə, dərhal yeyilə bilmələri səbəbindən insanları özünə cəlb edir. Elə isə “fast-food”un uşaqlar üçün zərərləri nədir? SİA olaraq məsələ ilə bağlı bu tip uşaqlar, onların valideynləri, qida ekspertləri, qida texnoloqları, psixoloq və sosial ekspertlərlə birlikdə araşdırma aparıb, onların da məsələ ilə bağlı fikirlərini öyrənmişik.
Bəs, hər kəs üçün zərərli olan bu qidaları uşaqlara niyə veririk? Bütün mütəxəssislər tərəfindən gənc yaşlarından “fast food” ilə qidalanan uşaqların illər sonra piylənmə və çəki problemləri, ürək-damar xəstəlikləri və bir çox fiziki xəstəlikləri olduğunu bilmirikmi?

“Fast-food”larda heyvan yağlarının çox olması səbəbindən ürək-damar xəstəliklərinə mübtəla olmaq ehtimalı yüksəkdir. Xərçəng və digər xroniki xəstəliklərin meydana gəlməsini də asanlaşdırır. Vitamin və mineral baxımından aşağı qida dəyəri olan “fast- food” uşağınızın immun sisteminin zəifləməsinə səbəb olur. Kartof uzun müddət yağda hazırlandığından kimyəvi cəhətdən xarab olur. Bundan əlavə, kartof və ya digər oxşar materialların yandırılması xərçəngə səbəb olur.
Məlumdur ki, tərkibində “fast–food” ilə birlikdə istehlak edilən sıx kofein olan içkilər bədənin kimyəvi tarazlığını pozur və zehni vəziyyətə mənfi təsir göstərir. Yüksək miqdarda duz ehtiva edən bu qidalar qan təzyiqini artıra və qan təzyiqi problemləri yarada bilər.
“Fast-food”dakı sıx qoruyucu maddələr, rəngləyicilər və digər kimyəvi maddələr bədən inkişafına mənfi təsir göstərdiyi üçün bu qidaları uşaqların menyüsündən birdəfəlik çıxarmaqda fayda var. Valideynlərin uşaqlarına bu zərərli qidalar haqqında düzgün məlumat vermələri vacib amillərdən biridir.
Xüsusilə, ailədə yemək mədəniyyəti və masa vərdişlərinin olması uşağınızın evdə yemək yeməsinə və sağlam qidalar qəbul etməsinə alışması üçün vacibdir.
Avropada və ABŞ-da piylənmə problemlərinin hər il milyonlarla insanın ölümünə səbəb olduğunu xatırlamaq və “fast-food” vərdişinin uşağınıza mükafat olaraq verilməməsini təmin etmək hər bir valideynin vəzifəsidir.
Uşağınızda bilinən bir qida allergiyası olmadığı təqdirdə, yemək mövzusunda çox az qida süfrədən kənarda qalır. Valideynlər uşaqlarının hər hansı qida yeməsini istəyirlər. Ancaq bəzi qidalar sağlam olmasına baxmayaraq uşaqlarda boğulmaya səbəb ola biləcəyi üçün təhlükəli ola bilər. Ümummiyylə, indi demək olar ki, 90 faiz uşaq “abur-cubur” və “fast-food” qidalara üstünlük verir.
Uşağınız böyüdükcə, boşqabınızdakı yeməklərdən yeməyə can atacaq. Həmçinin, uşağınızın pəhrizini də şaxələndirmək istəyə bilərsiniz. Bu işdə çox diqqətli olmalısınız.
Uşaqlar üçün təhlükəli ola biləcək qidalar:
Böyük parçalar: Uşağınızın boşqabını hazırlayarkən və onu qidalandırarkən yeməyi kiçik parçalara ayırdığınızdan əmin olun. Əks təqdirdə, böyük parçalar onun boğazına yapışa bilər. Məsələn, servis etməzdən əvvəl üzüm, pomidor, çiyələk kimi qidaları parçalara ayırdığınızdan əmin olun. Əti, tərəvəzləri və pendiri incə doğrayın.
Çiy tərəvəzlər: Boğulma təhlükəsinin qarşısını almaq üçün yerkökü, kərəviz və brokoli kimi tərəvəzləri qaynatmağa diqqət edin. Çiy yeyilməsini istəyirsinizsə, servisdən əvvəl tərəvəzləri doğrayın.
Fındıq və meyvə toxumları: Servisdən əvvəl qarpız, şaftalı, gavalı və albalı kimi təzə meyvələrdən toxumları çıxarın. Xüsusilə kiçik uşaqlara toxum, qoz-fındıq verməyin. Fındıq yemək istədiyiniz zaman əzib yeyə bilərsiniz.
Sərt qidalar: Uşağınıza simit, konfet və popcorn kimi sərt qidalar verməyin. Boğulmanın ən çox yayılmış səbəblərindən biri də sərt qidadır.
Yapışqan qidalar: Saqqız, quru meyvə və konfet kimi yapışqan qidalar boğulma təhlükəsi yarada bilər. Uşağın boğazına asanlıqla girə biləcəyi üçün çox diqqətli olmalısınız.

Zərərli qidalarla bağlı qida texnoloqu Ağa Salamov öz təcrübələrini bizimlə bölüşüb: “Uşaqların zərərli qidalara vərdişlərində XXI əsrin texnologiyasının güclülüyünün və dördüncü sənaye əsrinin olmasının rolu var. Mən dördüncü sənaye əsrinin sonuncu sənaye əsri olduğunu deyirəm. Yəni, daha bundan sonra mən insanların sağlamlıq baxımından gələcəyini görmürəm. Xəstəliklər, viruslar artmaqda davam edəcək. Çünki dördüncü sənaye əsri süni qidalar əsridir. Bu əsr elə bir əsrdir ki, həmən bu sənaye, yəni, istehsal olunan məhsullar valideynləri tənbəlləşdirir, avtomatik olaraq da kəndlini tənbəlləşdirir. Yəni, insanları torpaqdan ayırıb supermarketlərin içinə atır və supermarketlərdə də satılan qidaların 90 faizi süni məhsullardır. Yerdə qalan torpaqdan çıxan məhsullardır. Onlar da tərkibində nitratı çox olan zəhərlənmiş məhsullardır”.
“Burada biz baxırıq ki, təkcə uşaqlar deyil, o cümlədən, bütün dünya dördünücü sənaye əsrinin qloballaşmasından və genişlənməsindən əziyyət çəkir. Biz baxırıq ki, bu dəqiqə artıq iribuynuzlu heyvanlara üstünlük verilmir. Yəni, yavaş-yavaş onları sıradan çıxarmaq istəyirlər. Guya bu heyvanlar müəyyən qazlar ifraz edirlər bu da iqlim dəyişikliyinə, qlobal istiləşməyə səbəb olur. Yəni, bunlar hamısı bəhanədir. Bunlar hamısı düşünülmüşdür və bütün dünyada bu siyasət gedir”.
“Uşaqlar məsum bir varlıqdırlar və valideynlər çalışmalıdırlar ki, maksimum dərəcədə uşaqları “abur-cubur”lardan uzaq tutsunlar. Ümumiyyətlə, milli cizgi filmləri olmalıdır, uşaqlar milli cizgi filmlərinə üstünlük verməlidirlər. Çünki, xarici cizgi filmlərinə şirkətlər öz kadrlarını yerləşdirirlər şüuraltı şəkildə zərərli qidaların reklamını edirlər”.

Məsələ ilə bağlı psixoloq Fərqanə Mehmanqızı isə belə münasibət bildirib: “Əslində uşaqlar bilərəkdən zərərli qidalara meylli olmurlar. Sadəcə, uşaq psixologiyası belədir ki, nəyi qadağa qoyurlarsa onlara daha çox meyllidirlər. Nəzərə alsaq ki, zərərli qidalara fruktoza, yəni süni dadlandırıcılar çox atırlar. Uşağın dad bilməyə həssaslığı da var və süni dadlandırma da uşaqları və böyükləri özünə çəkir. Amma uşaqların zərərli qidalara meylli olmağın əsas səbəbi həm qadağa, həm də uşağa o qidanın zərərini düzgün başa salmağı bacarmamaqdır. Məsələn, valideynlər sadəcə “olmaz!” deyirlər. Oturub bir yerdə araşdırsalar bu həm maraqlı olar, həm də uşaq valideynini anlayıb ona haqq qazandırar”.
“Zərərli qidalar uşaqların yalnız sağlamlıqlarına deyil, genofonda da mənfi təsirlərini göstərir. Uşaqların zərərli qidalara meyilli olmasının bir çox səbəbləri var. Onlardan biri ilk növbədə həmin qidaların, necə deyərlər, bərli-bəzəkli, rəngli, parlayan qutularda və s. qablaşdırılmalarıdır. Azyaşlı uşaq üçün belə mənzərələr cəlbedici görünür və istər-istəməz valideyinindən ya şirə olsun, ya şirniyat olsun, ya da digər qida olsun – onların hər birinin alınmasını istəyir”.
Bu fikirləri mövzu ilə bağlı jurnalist, sosial ekspert Rövşən Rəsulov mövzu ilə bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə, bəzən valideyinlər övladlarının yalvarış dolu baxış və istəklərindən keçə bilmir və həmin qidaları alaraq uşaqlara yedizdirirlər: “Amma gəlin bu məsələnin digər tərəfinə nəzər salaq. Valideyin adi bir boşluq buraxmaqla övladına aldığı və yedirdtiyi həmin qidanın tərkibinin hansı ziyanlı indiriqentlərdən, qatqılardan, süni məhlullardan ibarət olduğunun fərqinə belə varmır. Təəssüf ki, əvvəlki zamanlardan fərqli olaraq indi əsasən xarici ölkələrdən, eləcə də öz istehsalımız olan məhsulların əksəriyyətinin hazırlanması vasitəsi kimyəvi xarakterlidir. Məsələn, əgər bir adi vaflinin, yaxud keksin tərkibində nə qədər sintetik məmulatların olduğunu bilən olsa, əsla öz övladına onu alıb yedirtməz. Yaxud, rəngli şirələrdəki mənşəyi bilinməyən kimyəvi turşuların, elementlərin nə qədər sağlamlığa zərər vurduğunu dərindən bilsələr heç vaxt onu almazlar. Ancaq bayaq da dediyim kimi, qutulaşdırma, qablaşdırma məsələləri uşaqların diqqətini cəlb edir”.
“Valideyinin bu məsələdə əsas vəzifəsi ilk növbədə uşağını öz dilimizlə desək, gözütox böyütməsindən ibarət olmalıdır”, deyən ekspert əlavə edib ki, bu gün xanımlarımızın çoxu ev şəraitində müxtəlif kompotlar, şirələr, şərbətlər hazırlamağı bacarırlar və eyni zamanda, şirniyyatlar, tortlar və s. tipli məhsullar da buraya aiddir. Belə ki, ana və ya ata onlardan tələb edilən bərli-bəzəkli qidaları elə evdəcə hazırlaya, onu qablaşdıra və övladına verə bilər.
Rövşən Rəsulov deyib ki, əsasən, Çindən gətirilən məhsulların bir çoxu hətta qorxulu nəticələrə qədər gətirib-çıxarıb: “Azyaşlı uşaqların orqanizmlərinin nə qədər zəif, həssas olduğunu da nəzərə alsaq, onların həyatlarına ciddi təhlükələrin də yarandığını söyləyə bilərik. Uşaqları ələ almaq, başa salmaq əlbəttə ki, çətindir və onu da bilməliyik ki, uşaqların istəkləri uzağı bir neçə dəqiqəlikdir, digər maraqlı oyunlarla, fikirlərini yayındırmaqla uşağı istədiyi məhsulun alınması düşüncəsindən yayındırmaq olar. Bu da söz yox ki, valideyinin üzərində olan bir işdir”.
“Əgər uşağa istədiyi hər şeyi alarsaq, gələcəkdə o anlayışlı olanda, dünyanı dərk etmək səviyyəsinə çatanda həmin alışqanlığını adət halına gətirib-çıxaracaq”, deyən sosial ekspert fikirlərini belə izah edib: “Təsəvvürünüzə gətirin, görün sonradan belə övladların gələcək həyatlarında hansı fəsadlar yaşana bilər. İstədiyi olmasa, onu nəyin bahasına olursa-olsun almaq, əldə etmək iddiası evdən oğurluq, hətta digər cinayətlərə qədər yetişə bilər. Bütün bunlar əvvəldən - azyaşlı vaxtlardan tənzimlənməlidir ki, sonra problemlər yalşanmasın. Görün, təkcə bu mövzu ətrafında nə qədər geniş rakursdan nəticələrə gəlmək mümkündür. Bu baxımdan, valideyinlərə də tövsiyəm budur ki, uşaqlarınızın zərərli qidalara alışdırmayın belə qidalar həm onların gələcəklərinə, genafonda ciddi ziyanlar vurur, həm də psixoloji cəhətdən də öz mənfi təsirlərini göstərir, müstəqbəl, yəni gələcək həyatlarının normal formalaşmasına maneələr törədir”.
Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova da məsələyə münasibət bildirib: “Deyərdim ki, paketlənmiş qidalara zərərli qidalar hesab etdiyimiz çipsilər, suxarılar, şokolad, peçenyelər, biskvitlər və s. bu kimi məhsulları uşaqlara verdikdə onlara dad reseptorları korlanır. Eyni zamanda, həmin qidaların tərkibində asılılıq yaradan kimyəvi qatqı maddələri var ki, buna monosoidim qlükonatı aid edə bilərəm. O qidalar artıq ənənəvi dad reseptorlarını korlayır və deyərdim ki, ağızda 5-ci dad olan ümami dadının yaranmasına səbəb olur. Ona görə də artıq uşaqlar ənənəvi qidalara, meyvələrə, tərəvəzlərə, xüsusilə təbii qidalara meylli olmurlar. Hətta o qidaları yedikdə belə onların xüsusi ləzzətli dadından zövq ala bilmir. Ona görə də yaxşı olar ki, uşaqlara bu kimi qidaları elə uşaq yaşdan ümumiyyətlə, verməsinlər. 25 yaşdan sonra bu qidaları yeyən şəxslərdə o qidalardan imtina etmək və onları qida rasionundan çıxarmaq asandır. Amma 25 yaşa qədər artıq o dad reseptorları formalaşanda, orqanizm inkişaf edən dövrdə bu qidalarla qidalanırsa o zaman artıq çətin olur. Amma bu o demək deyil ki, bunun həlli yolu yoxdur, deyərdim ki, əgər xüsusilə analara müraciət etmək istəyirəm ki, buna alışan uşaqlardan həmin dadı yox etmək üçün hər yeməkdən 5-10 dəqiqə əvvəl 2-3 dəqiqə ağızlarında “Naxçıvan qaya duz”larını biraz saxlasalar həmin o ümami dadını məhv edər və hardasa 4-5 gün ərzində bunu etdikdə deyərdim ki, həmin dad tamamilə məhv olur və artıq ənənəvi dad reseptorları bərpa olur”.
Məsələ ilə bağlı "fast-food" qida və "abur-cubur" sevən uşaqlar, həmçinin onların valideynləri ilə danışıb fikirlərini öyrəndik:

13 yaşlı Nazim Əliyev ev yeməklərini heç sevmir. Onun tək istədiyi “fast-food” qidalardır. Daha çox ayaqüstü, çörəkarası qidalara üstünlük verir. İçkilərdən isə rəngli və qazlı içkilər vazkeçilməzidir. Hətta, o qədər sevir ki, qazlı içki olmayanda yemək belə yemir, iştahı kəsilir.

5 yaşlı Lalə Heydanlı daha çox şirniyyat sevir. Amma çipsi, suxarı kimi duzlu qidaları da xoşlayır. Meyvə şirəsi isə onun üçün əvəzolunmazdır. Amma digər uşaqlardan fərqli olaraq, ev yeməklərini də sevir. Yeməklər arasında bir o qədər də fərq qoymur.
11 yaşlı Tunar Əliyev qardaşı Nazimin əksinə olaraq onun seçimi isə isti ev yeməkləridir. “Fast-food”la heç arası yoxdur desək tam yeridir. Ən sevdiyi yeməklər isə xəngəl, xaşıl və yarpaq dolmasıdır. Yəni, qazan yeməklərini sevir.

5 yaşlı Mehri İsmayılovanın “abur-cubur” və “fast-food” sevgisi demək olar ki, hər kəsə məlumdur. Ev yeməklərini heç sevmir. Hər yaşında yeni-yeni “fast-food” qidalara sevgisi yaranıb.

3 yaşlı Yusif Piriyev yaşıdlarından fərqli olaraq “fast-food”a və “abur-cubur”a meyilli deyil. Doğrudur, “bunları heç yemir” demək də olmaz. Amma, əsasən ev yeməkləri sevir. Həftədə 1-2 dəfə valideynlərinin nəzarəti altında “fast-food” və “abur-cubur” qidalar yeyir. Ən sevdiyi isə surpriz yumurta və təbii meyvə şirəsidir.

3 yaşlı Aybəniz İsmayılova Mehri kimi o da “abur-cubur”u hədsiz sevir. Ən sevdiyi isə surpriz yumurtadır. Təəssüflər olsun ki, bütün supermarketlərin kassasında surpriz yumurtalar qoyulur və uşaq ağladıyı, istədiyi üçün almamaq da mümkün deyil.

5 yaşlı Mehtab Əyyublu əksər uşaqlar kimi zərərli qidaları çox sevir. Ən sevdiyi “abur-cubur” çipsi və suxarikdir. Daha çox quru qidalara üstünlük verir.

13 yaşlı Asif Məmmədzadənin seçimi yalnız “fast-food”dur. Evdə hazırlanan yeməkləri heç ama heç sevmir. Yeməklərdən ən çox dönər, pizza və lahmacun, “abur-cubur”lardan isə çipsi, suxarik və qazlı rəngli içkilərin hamısını sevir. Halbuki, evdə hazırlanan içkilər və yeməklər daha vitaminlidir.

Şamil Əyyublu 2 yaşı olmasına baxmayaraq o da yemək seçir. Ev yeməklərini sevmir. Ancaq “fast-food” və ya “abur-cubur” istəyir. Qarşısını almaq mümkün deyil. İstədiyini almadıqda da başlayır ağlamağa.

9 yaşlı Nurlanə Məmmədova harada zərərli qida varsa, onu sevir. Meyvə-tərəvəz, balıq, toyuq və təbii şirələrlə heç arası yoxdur. Sevdiyi tək şey "fast-food" və "abur-cubur"dur. Anası deyir ki, onun bu kimi qidalar sevməsindən çox narahatdır.
7 yaşlı Nurgün Əyyublunun ən sevdiyi yeməklər xəngəl, kabab, pizza və dönərdir. Evdə hazırlanan yeməklərdən yalnız xəngəli sevir. Seçimi isə quru qidalardır.

10 yaşlı Nurəddin Qədiməlizadə zərərli qazlı ikilərlə yanaşı, evdə hazırlanan təbii şirələri və kompotu da çox sevir. Seçimi, əksər uşaqlar kimi daha çox quru yeməklərdir. Digər uşaqlara nisbətən, evdə hazırlanan yeməkləri də sevir.

5 yaşlı Damla Musazadə evdə hazırlanan yeməkləri çox sevir. Təbii ki, bu da çox sevindirici haldır. Ən çox xoşladığı yemək isə kələm dolmasıdır. Əlavə olaraq da “abur-cubur” və “fast-food”a da marağı yoxdur.

8 yaşlı Nihat Qədiməlizadənin ən sevdiyi “fast-food” pizza və dönərdir. İçkilərdən isə rəngli, qazlı içkiləri sevir. Lakin, evdə hazırlanan kompotu da içir. Makaron, dolma və kartof qızartması isə ev yeməkləri arasından sevib yedikləridir.

6 yaşlı Aylin Musazadə də əksər uşaqlar kimi “abur-cubur” və “fast-food”lardan əl çəkə bilmir. Yeməklərdən daha çox pizza və dönəri sevir. Həmçinin, qazlı içkiləri də çox xoşlayır.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB