“Ən yaxşı təcrübə səhv etməklə qazanılır” - MÜSAHİBƏ

“Ən yaxşı təcrübə səhv etməklə qazanılır” - MÜSAHİBƏ

Klinik-psixoloq Kerem Yılmaz: “Gənclər bir işi pula görə deyil, sevdiklərinə görə etsinlər”

Türk xalqının böyük oğlu Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir”, Ulu Öndər Heydər Əliyev isə “Biz bir millət iki dövlətik” tarixi fikirləri zaman-zaman öz təsdiqini tapıb. Biz bunu 30 il işğal altında olmuş Qarabağın azadlığı uğurunda aparılan 44 günlük Vətən müharibəsində gördük.

Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu 44 gündə Zəfər tarixini yazdı. Müharibənin ilk günündən Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən dost, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həlledici məqamda ölkəmizi tək qoymadı, hər zaman yanımızda oldu. Qalibiyyətlə nəticələnən Vətən müharibəsindən sonra da qardaş ölkənin rəbərliyi, həkimləri, sadə vətəndaşları öz dəstəklərini qazilərimizdən, müharibədən fiziki-mənəvi zərər görmüş insanlarımızdan əsirgəmədilər. Onlarla müharibə qazisi Türkiyənin müxtəlif klinikalarında müalicə alaraq, Vətənə qayıdıblar. Bakıya gələn türkiyəli psixoloqlar insanlara psixaloji yardımlar göstərirlər.

Bu günlər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyədən dəvət olunmuş peşəkar klinik-psixoloq və psixoterapevtlər müharibə nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın,o cümlədən uşaq və yeniyetmələrin psixoloji reabilitasiyasını həyata keçirirlər. Bu yardımlarda fəal iştirak edənlərdən biri də klinik-psixoloq Kerem Yılmazdır.

Kerem Yılmaz 1996 cı il fevralın 5 də İstanbulda anadan olub. İstanbul Gelişim Universitetində bakalavr və magistr təhsili alıb. Psixodinamik məktəbin inkişaf etmiş EMDR terapevtidir. Uzun müddət Bakırköy Mazhar Osman Ruhi və sinir xəstəlikləri xəstəxanasında təcrübə keçib.

Eyni zamanda, İstanbulda müxtəlif psixiatriya klinikalarında və psixoloji məsləhət mərkəzlərində fəaliyyət göstərib. Hazırda psixi sağlamlıq mütəxəssisləri üçün təlim və seminarlar təşkil edir. Kerem Yılmazla görüşümüz zamanı o Azərbaycanın Vətən müharibəsində parlaq qələbə qazanmasından çox qürurlandığını söylədi və qələbə münasibətlə bütün Türk dünyasını təbrik etdi.

Klinik-psixoloq Kerem Yılmazla müsahibəni təqdim edirik:

- Kerem bəy necə oldu Azərbaycana gəldiniz, ailəniz bura gəlmək qərarınızı necə qarşıladı?

- Türkiyə qədər Azərbaycanda mənə doğma və əzizdir. Azərbaycana gəlməyim bir anlıq qərarımla oldu.İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri, müharibə iştirakçıları,qazilər,terror qurbanları ilə bağlı bir layihə olduğunu eşitdim. İlk eşidəndə belə bir layihənin olması məni çox qürurlandırdı.Mənəvi yükü yüksək olan bir layihə idi mənim üçün. Sənədlərimi göndərdim və bu layihənin bir parçası oldum.Ailəmə bura gəlməyimi deyəndə təəcübləndilər. Münki, heç vaxt ailəmdən bu qədər uzaq qalmamışam. Ancaq bu layihə haqqında ailəmə deyəndə məni dəstəklədilər.

- Neçə vaxtdır burdasınız?

- 4 aydır Azərbaycandayam. İlk öncə 45 gün Bərdə rayonunda oldum, ondan sonra Qəbələyə getdim. Əsasən döyüş bölgələrinə yaxın ərazilərdə olmuşam. Bir müddət Bakıda yardımlarımızı davam etdirdik. Hazırda Milli Onkologiya Mərkəzində və Talassemiya Mərkəzində insanlara psixaloji yardımlar göstərirəm.

- Çətin deyil, hansısa problemlərlə üzləşmisinizmi?

- Bir az dilə görə mən və həmkarlarım çətinlik çəkəcəyimizi düşünürdük, amma inanılmaz dərəcədə asan bir tənzimləmə dövrü keçdik.Uşaqlar və gənclər türk seriallarını, cizgi filmlərini və yarışma proqramlarını izlədikləri üçün türk dilində çox yaxşı danışirlar. Xüsusilə Azərbaycan xalqının qonaqpərvərliyi bizi çox sevindirdi.Təxminən 4 min seans keçirdik. Başlanğıcda müharibədən kədərlənsəkdə aldığımız nəticələr bizi sevindirir. Hazırda böyük xoşbəxtliklə çalışmağa davam edirik.

- Azərbaycanla bağlı hansısa bir planların varmı gerçəkləşdirmək istədiyiniz?

- Əlbəttə, hər zaman Azərbaycanın yanında olmaq, burdakı həmkarlarımla bir yerdə, hər iki dövlətin gözəl gələcəyi, inkişafı üçün planlarım və layihələrim olacaq.

- Kerem bəy özünüzdə gəncsiniz, bir gənc psixoloq kimi gənclərə nə demək istərdiniz?

- Həmişə güclü və cəsarətli olsunlar.Təcrübə qazanmaq üçün səhv etməkdən çəkinməsinlər. Bir müdrik insana “necə bu qədər təcrübəli olmusan” sualnı edilər, o, “səhv etməklə” cavabını verir. Çünki ən yaxşı təcrübə səhv etməklə qazanılır. Çox oxusunlar, çox səyahət etsinlər və ən əasası sevdikləri işlə məşğul olsunlar. Gənclər bir işi pula görə deyil, sevdiklərinə görə etsinlər. Azərbaycan xalqına minnətdarlığımı bildirmək istəyirəm. Bura gəldiyimiz ilk gündən azərbaycanlı qardaşlarımız evlərini bizə açdılar, qonaqpərvərlik göstərdilər. Azərbaycanın hər bir yerində Türkiyə və Azərbaycan bayraqlarını bir yerdə asıldığını görmək bizi çox qürurlandırdı. Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq sonsuza qədər davam edəcəkdir.

Xəyalə Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə