Şuşa dünyanın ən gözəl şəhərləri sırasında yer alacaq - ŞƏRH

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olundu və bu gün yeni bir yüksəliş dövrü başlayıb. 28 il işğalda qalan Qafqazın incisi - Şuşa şəhəri yeni dövrünə qədəm qoyub və qısa bir zamanda dirçələcək.

Əlbəttə ki, bu fikirləri ifadə etməyə kifayət qədər əsas, dəlil var. Belə ki, Şuşada infrastruktur layihələr icra olunur. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla tarixi və dini abidələrinin, muzeylərinin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin "Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında", "Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında", "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında" sərəncamları Şuşanın yaxın zamanlarda müasir şəhərə çevriləcəyindən xəbər verir.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın "Xarıbülbül" musiqi festivalına ev sahibliyi etməsi bir müjdəyə çevrildi. İndi Şuşa şəhəri ənənələrini bərpa edərək yüksəliş dövrünə qədəm qoyub. Görülən işlərin davamı olaraq, Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının Qanunu təsdiqləyib. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 12-ci və 13-cü bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli 2632 nömrəli Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında" Fərmana əsasən, "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsini nəzərə alınaraq "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxs yaradılacaq. Eyni zamanda "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi" təsdiq edilib. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nizamnamə fondu 1 000 000 (bir milyon) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nizamnaməsinə əsasən, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Qoruğunun idarə edilməsini həyata keçirən, habelə Şuşa şəhərinin ərazisində yerləşən abidələrin bərpasının, qorunmasının, öyrənilməsinin, istifadəsinin və təbliğinin təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını, sərəncamlarını və digər normativ hüquqi aktları rəhbər tutur.darənin fəaliyyət istiqamətlərinə Şuşa şəhərinin ərazisində yerləşən abidələrin həcm-planlaşdırma quruluşunun qorunmasını və toxunulmazlığını, habelə bərpasını, öyrənilməsini, məqsədyönlü istifadəsini təmin etmək, Şuşa şəhərinin bərpasını, yenidən qurulmasını, öyrənilməsini, inkişafını və təbliğini təmin etmək, Şuşa şəhərinin tarixi, mədəni, turizm və istirahət potensialından tam yararlanmaq üçün əlverişli şərait yaratmaq və digər məsələlər daxildir. İdarənin vəzifələri və hüquqlarına gəlincə isə abidələrin dövlət mühafizəsini və qorunmasını təşkil etmək, abidələrin funksional təyinatına uyğun istifadə edilməsini, habelə tarixi-memarlıq və bədii-estetik görünüşünün toxunulmazlığını və uzunömürlülüyünü təmin etmək və s. daxil edilib.

Arxeoloji qazıntılar aparılmasına nəzarət, xüsusi mülkiyyətdə olan abidələrin və ya onların hissələrinin elmi, mədəni, dini, xidmət və turizm məqsədləri ilə icarəyə verilməsi üçün onların istifadə məqsədlərini və xüsusiyyətlərini müəyyənləşdirən istifadə proqramına, uyğunlaşdırma və bərpa layihələrinə razılıq vermək, yerli əhəmiyyətli abidələrin özəlləşdirilməsinə razılıq vermək və s onun vəzifə və hüquqlarında yer alıb. Nizamnamədə İdarənin idarəetmə orqanının onun İdarə Heyəti olduğu göstərilir. İdarə Heyəti İdarəyə rəhbərliyi və nəzarəti həyata keçirir və tərkibi 3 (üç) üzvdən – İdarə Heyətinin sədrindən və onun 2 (iki) müavinindən ibarətdir. İdarə Heyətinin sədrini Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Təbii ki, tarixi-mədəni əhəmiyyətə malik olan Şuşaya dövlətimiz tərəfindən böyük diqqət ayrılıb. Şuşadan dünyaya mesajlar yayılır. Tarixi abidələr şəhəri olan Şuşanın zəngin mədəniyyətinin, memarlıq sənətinin bərpası və təbliği istiqamətində görüləcək işlər, reallaşacaq layihələr onun dünyanın ən gözəl şəhərləri siyahısında layiqli yerini tutacağından xəbər verir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə