Azərbaycanın öndə gələn bir sıra media qurumlarının əməkdaşları Türkiyə səfirliyinin dəvəti ilə Antalya şəhərində səfərdədir. Koronavirus pandemiyası səbəbindən bir çox turist öz səfərlərini təxirə salıb.

SİA-nın verdiyi məlumata görə, səyahətimiz zamanı istər Türk Hava Yollarında, istərsə də Antalya daxilində, otellərdə, tətil mərkəzlərində alının plaflaktik tədbirləri gördükdən sonra rahatlıqla deyə bilərik ki, Türkiyə ən güvənli turizm məkanlarındandır. Antalya əsasən rusların, almanların, polyakların, ərəblərin ən sevimli tətil məkanlarından biridir. Gəzdikcə görürük ki, şəhərdə canlanma başlayıb, lakin pandemiya bura da təsirsiz ötüşməyib. Burada dənizin mavisi, təbiətin yaşıllığı insanı özünə heyran edir. Antalyanın əsas simvolu portağaldır. Küçələrdə, yol kənarlarında tez-tez portağal, turunc, limon ağacları gözə dəyir.

Bələdçimizin bizə verdiyi məlumata görə, keçdiyimiz bir sıra küçələr, yaşayış məkanları bir zamanlar portağal bağları olub. Lakin şəhərləşmə nəticəsində təəssüf ki, həmin bağlar yerini beton binalarla əvəzləyib. Antalyanın mürəbbələri də çox məhşurdur. Demək olar ki, bütün meyvələrin, hətta bir sıra tərəvəzlərin mürəbbəsi hazırlanır. Ümumiyyətlə, Antalya turizmlə yanaşı, eyni zamanda kənd təsərrüfatı ilə tanınır. Türkiyənin kənd təsərrüfatı məhsullarına olan tələbatının çox hissəsini Antalya qarşılayır. Antalyanın isti iqlimə malik olması burada ilin bütün zamanlarında əkinçiliyə əlverişli şərait yaradıb.

Antalya ilə əlaqədar bir çox xoş xatirələr yaddaşlarımıza yazılır. Turizmə olan diqqət tarixə olan qayğı, antik şəhərlər, qalalar, dünya və yerli mətbəxin möhtəşəm təamları, dənizin mavisi və.s bu kimi bir sıra məqamlar tətil məkanı olaraq Antalyanı seçməyiniz üçün səbəblərdən sadəcə bir neçəsidir. Antalya ilə əlaqədar ilkin qeydlərimiz hələlik bu qədər. Davamı var...

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə