"İrəli" İctimai Birliyinin sədri Şahin Rəhmanlının təşkilata rəhbər olmasının ildönümü münasibətilə SİA-ya müsahibəsini təqdim edirik.
- İrəli Gənclər təşkilatı yarandığı gündən indiyə kimi Azərbaycan gəncliyinə nə kimi töhfə verib?
- Azərbaycan gəncliyi bu gün çox dinamik inkişaf mərhələsindədir. Gənclərin bu inkişafı özünü sosial-ictimai, mədəni, siyasi və digər sahələrdə qabarıq şəkildə göstərir. Gənclərin inkişafına dövlətimizin dəstəyi əvəzolunmazdır. Gənclər siyasəti dövlətimizin ən vacib prioritetlərindən birinə çevrilib. Bu gün Azərbaycanda cənab Prezident İlham Əliyev tərəfindən uğurla aparılan gənclər siyasəti öz yüksək nəticələri ilə gözönündədir.
Ali Baş Komandanın ölkə gəncliyinə əsas çağırışları məhz vətənpərvər ruh, təhsil, biliklərin, innovativ bacarıqların əldə olunması ilə bağlıdır. Biz də “İrəli” İctimai Birliyi olaraq hər zaman bu çağırışlara qoşulur və gənclərə töhfə verməyə çalışırıq. Əsas məqsədimiz bütün gənclərə çatmaq və gənclik üçün faydalı olmaqdır. Biz gənclərə öz fikirləri və təklifləri ilə çıxış etmək imkanı yaradırıq. Bu baxımdan hesab edirəm ki, “İrəli” yarandığı gündən bu günə hansı işlər görüb sualı çox geniş sualdır və haqqında saatlarla danışa bilərik. Ona görə də mən son bir neçə ildə gördüyümüz işlərlə bağlı kiçik məlumat vermək istərdim. “İrəli” İB tərəfindən gənclərin fərdi təşəbbüslərinə dəstək məqsədilə 100-dən çox fərdi layihədə onlara təşkilati dəstək göstərilib. Həmçinin, beynəlxalq layihələrdə iştirak edib özlərini təsdiq etmələri və Azərbaycanı layiqincə təmsil etmələrinə dəstək olmaq üçün pandemiya müddətindən əvvəl mütəmadi olaraq hər il 30-dan çox gəncin xarici layihələrdə iştirakını təmin edərək beynəlxalq rəqabətə davamlı gənclik şəbəkəsi formalaşdırılıb. Regionlarda yaşayan gənclərimizin də fərdi inkişafı üçün 3 mövsümü yekunlaşan və hər mövsümündə 1000-dən çox region gəncinin iştirak etdiyi “Azərbaycanın İntellektual Birincisi” kimi Naxçıvan Muxtar Respublikası da daxil olmaqla bütün respublikanı əhatə edən genişmiqyaslı layihələr həyata keçirilib. Bununla yanaşı gənclərin fəallığının və aktivliyinin artırılması, gənclərlə işləyən şəxslərin peşəkarlığının artırılması üçün beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə onlarla kitabın tərcüməsi həyata keçirilib.
- Vətən müharibəsi dövründə Azərbaycan reallıqlarının dünyaya çatdırılmasında “İrəli” İB hansı işləri görüb?
- “İrəli” gəncləri hər zaman olduğu kimi Vətən müharibəsi dövründə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiəsində öz birliyini göstərdi. Aparılan haqq mübarizəsində “güc birlikdədir” deyib arxa cəbhə gəncləri olaraq tarixi həqiqətləri məhz tarixi faktlarla əsaslandırdılar və öz mövqelərini bildirdilər. Təkcə “İrəli” gəncləri Tovuz döyüşləri zamanı 5 gün ərzində 100 mindən çox tvit ataraq siyasətçilərə, konqresmenlərə, müxtəlif ölkələrin rəsmilərinə, həmçinin xarici ölkə vətəndaşlarına haqq səsimizi çatdırıblar. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu dövrdə ön cəbhədə xeyli sayda “İrəli” gənci də yer alırdı. Elə mən özüm də Vətən müharibəsində könüllü yazıldım və döyüşlərdə iştirak etdim. Biz gənclərə nümunə olmalıyıq. Bu gün gənclərdə gördüyümüz bu ruh yüksəkliyində gənclərin özlərinə qarşı gördüyü diqqət və inamın çox güclü təsiri var. Belə ki, gənclərdə gördüyümüz bu vətənpərvər ruh gələcəyimizin inamlı əllərdə olduğunun təsdiqidir.
Gənclik çox böyük bir mübarizənin əsgəri kimi layiqli şəkildə bu döyüş tapşırığının öhdəsindən gəldi, düşmən layiqli şəkildə cavabını aldı. Bu zəfərimizin onlara dərs olacağına inanırıq. Bizim borcumuz gələcək nəsillərə şanlı tariximizi daha dərindən öyrətməkdir.
- “İrəli” İctimai Birliyi olaraq bundan sonra daha hansı yeniliklərə imza atmağı planlayırsız?
- Qarşıda planlarımız çoxdur. Biz bütün gənclərimizin təşəbbüslərini dəstəkləməyə hazırıq. Gəncləri əhatə edəcək və onların inkişafına yönələcək bütün təkliflər bizim marağımızdadır.
“İrəli” İctimai Birliyi tərəfindən gənclərin hərtərəfli inkişafı ilə bağlı indiyədək yüzlərlə geniştərkibli layihə həyata keçirilib və bu layihələr gənclərdə hərbi vətənpərvərlik hissinin aşılanması, informasiya müharibəsində gənclərin rolu, ölkəmizdə könüllü fəaliyyətinin təbliğ olunması ilə könüllülərin peşəkarlığının artırılması, xaricdə təmsilçilik, gənclərin intellektual potensialının inkişafına dəstək olub.
Həmçinin, bir neçə həftə bundan öncə “İrəli” İctimai Birliyi tərəfindən gənclərin fərdi inkişafına dəstək ola biləcək ideyaların reallaşdırılması üçün “İdeya Bankı” yaradılıb. Bu konsept çərçivəsində “İrəli” İB-ə üzv olan gənclərin maraqlı fikir və təklifləri dəyərləndiriləcək, “İdeya Bankı” onların həm fərdi inkişafı, həm də həyata keçirəcəkləri layihələr ilə ətrafında olan gənclərin inkişafına böyük təkan verəcək.
“İrəli” İctimai Birliyi tərəfindən bu sahədə işlər böyük sürətlə davam etdirilir. Post-pandemiya və post-karantin dövrünün yaratdığı çətinliklərə baxmayaraq, yaxın zamanlarda təşkilat tərəfindən bir neçə genişmiqyaslı layihənin həyata keçirilməsi nəzərdə tutulur. “İrəli” bundan sonra da, bu tipli layihələr və yeniliklərlə gənclərin qarşısına çıxacaq. Fürsətdən istifadə edərək, gənclərimizi ictimai birliyin fəaliyyəti ilə yaxından tanış olmağa, həyata keçirilən tədbirlər barədə ətraflı məlumat almaq üçün sosial şəbəkə hesablarımızı izləməyə dəvət edirik.
- Artıq 1 ildir ki, qurumun sədrisiniz. Bu dövrdə qurumun fəaliyyətini necə qiymətləndiririsiniz?
- Təşkilatımızın son bir il ərzindəki fəaliyyətinin pandemiya və Vətən müharibəsi dövrünə təsadüf etməsinə baxmayaraq, “İrəli” bu sınaqlardan da üzüağ çıxdı. İctimai Birlik tərəfindən bu müddət ərzində bir çox tədbirlər həyata keçirilib.
2020-ci ilin sonlarında xalqımız böyük bir tarixin canlı şahidi oldu – Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımız işğaldan azad edildi. Bu şanlı qələbənin qazanılmasında “İrəli” gəncləri də öz fəaliyyətləri ilə böyük töhfələr verdilər. Belə ki, Vətən müharibəsi dövründə gənclərimiz həm ön, həm də arxa cəbhədə fəal iştirak etdilər. Onu da xüsusi qeyd etmək lazımdır ki, Vətən müharibəsi dönəminədək “İrəli” İctimai Birliyi tərəfindən gənclərdə vətənpərvərlik hissinin aşılanması məqsədilə ölkənin ilk hərbi simulyasiya xarakterli düşərgəsi olan “Marş İrəli” kimi genişmiqyaslı layihələr həyata keçirilib. Bu da “Dəmir Yumruq” əməliyyatı zamanı informasiya müharibəsində “İrəli” gənclərinin də fəal iştirak etməsinə gətirib çıxardı və ölkəmiz şanlı qələbə qazandı. Bu mənada, “İrəli” İctimai Birliyinin son bir ildəki fəaliyyətini çox yüksək qiymətləndirirəm. Müqəddəs amal uğrunda öz canlarından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan cansağlığı diləyirik.
Bu gün vaxtilə işğal altında olan torpaqlarımızda – Ağdamda, Laçında, Kəlbəcərdə, Şuşada və digər ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır, həmin ərazilərdə bərpa və quruculuq prosesi sürətlə davam edir. Biz də gənclər təşkilatı olaraq işğaldan azad edilmiş ərazilərdə öz layihələrimizi keçirmək üçün səbirsizliklənirik. İnanırıq ki, bərpa və quruculuq prosesi tezliklə başa çatacaq, “İrəli” İctimai Birliyi Qarabağımızın dilbər guşələrində öz layihələri ilə gəncliyin inkişafında böyük töhfələr verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB