Sürücülər DYP və BNA-nın yazdığı cərimələri qanunsuz sayır... - ARAŞDIRMA

Niyə hər ay cərimələrdən özlərinə milyonlarla manat qazanc əldə edən bu qurumlara əlavə olaraq dövlət büdcəsindən də maliyyə yardımları göstərilir?

Hər bir demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da qəbul edilən qanunlar, imzalanan qərarlar, atılan addımlar insanların daha rahat, təhlükəsiz yaşaması, sosial, iqtisadi cəhətdən durumunun ən yüksək səviyyədə təmin olunması üçün edilir. Tam əminliklə qeyd etmək olar ki, ölkəmiz nəzərdə tutulan hədəflərinə əksər dövlətlərin qibtə ilə yanaşa biləcəyi formada çata bilib. Düzdür problemlər, noqsanlar da var. Bu da təbiidir. İş olan yerdə problemlərin olması gözləniləndir. Yetər ki, problemlər insanların yaşam tərzinə ciddi təsir göstərməsin. Çətinliklər, narahatçılıqlar varsa, deməli, onların həlli üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Yəni, barmaqda yara varsa, o barmağı kəsib atmırlar, yaranı müalicə edirlər. Bu gün Baş Dövlət Yol Polisində və Bakı Nəqliyyat Agenliyində elə ağrılı problemlər var ki, həmin problemlərin həlli üçün yalnız dövlət qurumları deyil, ümumilikdə cəmiyyətin hər bir üzvü öz töhfəsini verməli, yardımını göstərməlidir. Əks halda bu qurumların yanlışlıqları səbəbindən yaranan problemlər Azərbaycanın beynəlxalq aləmdə on illərdirdir ki, zərrə-zərrə, damla-damla qazandığı müsbət imici ləkələnə bilər.

Araşdırmalara və redaksiyamıza daxil olan şikayət məktublarına istinadən demək olar ki, bu gün elə bir sürücü tapa bilməzsən ki, o DYP-dən və BNA-dan razılıq etsin. Hər kəs “dad DYP və BNA əlindən” deyib, tənqid dolu fikirlərini sələndirəcək. Hətta insanlar arasında DYP-nin Vergilər nazirliyi və ƏMDK kimi hansısa bir nazirliyə birləşməsi və ya tamamilə ləğv olunması üçün nəzir-niyaz deyənlər də tapılacaq. Səbəbi də aydındır. DYP və BNA avtomobil sahibləri üçün süni manelər, çətinliklər və problemlər yardır. Bu baxımdan bu gün avtomobil idarə etmək cəsarət tələb edir. Ən azı cib dolusu pulun olması vacib şərt hesab olunur. Çünki, Bakının küçə və meydanlarında, ölkə miqyaslı magistral avtomobil yollarında az qala şıdırğa alver gedir, özü də günün günorta çağalarında, hər kəsin də gözü qarşısında.

Radar başıbəlalı problemə çevrilir

Bəzən bir küçədə bir-neçə radar quraşıdırlır. Küçələrin girişinə, çıxışına bələd olmayan sürücü asanlıqla həmin radarların hədəfinə çevrilirlər. Ağ xətt taptansa cərimə olunacaqsan, sarı xətti keçsən cərimə olunacaqsan. Təsadüfən maşınını yolun sağına verib sərnişin düşürsən cərimə olunacaqsan. Sürət həddini keçsən cərimə olunacaqsan. Kəmərdən istifadə etməmisənsə cərimə olunacaqsan. Texniki baxışın və icbari sığortanın vaxtı bitibsə cərimə olunacaqsan. Sürücülük vəsiqəsinin vaxtı bitibsə və bu zaman hansısa radar önündən keçirsənsə cərimə olunacaqsan. Bu cərimələr 40, 50, 100 və bəzən 200-500 manat pul ödənişi deməkdir. Nəzərə alsaq ki, gün ərzində video kameralar vasitəsi ilə 20-25 min cərimə yazılır, o zaman sözügedən qurumların varlı-karlı qurumlardan olduğu bəlli olar. Onu da nəzərə almaq lazımdır ki, radarlarla yanaşı yol polisi inspektorları və Baklı Nəqliyyat Agentliyinin əməkdaşları da cərimə protokolları yazırlar.

O gün Ü.Hacıbəyov, R.Behbudov və 28 may küçələrində diqqətimi cəlb edən hadisə sözün həqiqi mənasında məni təəcübləndirdi. Küçələrdə avtomobillərin yol kənarında saxlanmasından riqqətə gələn BNA əməkdaşı selfi çəkdirirmiş kimi avtomobillərin şəkilini çəkirdi. Təqribən 5-7 dəqiqə ərzində bu diribaş BNA əməkdaşı 50-ə yaxın avtomobilin şəkilini çəkdi, təbi ki, həmin şəkilləridə bazaya göndərdi. Tibb Univeristetinin qarşısına çatanda daha maraqlı hadisə ilə rastlaşdım. Bakı Nəqliyyat Agentliyinin iki əməkdaşı yolun sağ və sol hissəsində dayanan maşınların şəkillərini telefonun yaddaşına köçürürdülər. Bir zaman Ziya Məmmədovun qoçu dəstəsinin qanunsuz əməllərindən cana doyan və buna görə etiraz səsini qaldıran cəmiyyət heç düşünməzdi ki, Bakı Nəqliyyat Agentliyi yersiz əngələri ilə keçmiş qurum əməkdaşlarının dədələrinə rəhmət oxutduracaqlar. Qısası, istər Dövlət Yol Polisinin, istərsə də Bakı Nəqliyyat Agentliyinin əsas hədəfi “qaz vurub, qazan doldurmaqdır”. Yəni səmərəli iş, keyfiyyətli fəaliyyət arxa planda qalıb. Bir növ dağılıblar küçə və meydanlara, magistral yollara. Hər vəchlə çalışırlar ki, sürücülərdən nəsə qopartsınlar. Maraqlıdır ki, çox vaxt işsiz-gücsüz DYP əməkdaşları piyadaları cərimələməyə cəlb olunurlar. Yəni yol hərəkəti qaydalarına əməl etməyən piyadalar təqib olunur və cərimələnirlər. O da olur ki, avtomobildə əyləşən sərnişin pandemiya qaydalarına uyğun maska taxmadığına görə, yol polisi inspektorunun qəzəbinə tuş gəlir və ən yaxşı halda sərnişin 100 manat cərimə ilə canını qurtarır.

Hər ay 15-18 milyon manat xalis gəlir

Səməd Vəkilov: “BNA-nın fəaliyyətində yol verilmiş nöqsanlar ciddi araşadırmaya və ictimai nəzarətə ehtiyacı var”

Əgər gün ərzində vidio kameraların qeyd aldığı 20-25 min cərimə protokolunu və əlavə olaraq DYP-nin və BNA əməkdaşlarının yazdıqları cərimələri hesaba alsaq, bu kifayət qədər ciddi məbləğ edər - 15-18 milyon manat. Sual yaranır, bu qədər maliyyə vəsaiti əldə edən qurumlara əlavə olaraq dövlət büdcəsindən niyə vəsait ayrılır? Yol çəkmirlər, postlar qurmurlar, texniki avadanlıqlar və ya marşurut avtobusları almırlar. Qazilərə, şəhid ailələrinə də yadımlar göstərmirlər. Bəs, yığılan milyonlar hara gedir? Marşurut avtobuslarında hökm sürən həngamə bütün ölkə vətəndaşlarına bəllidir. Pandemiyanın tüğyan etdiyi dönəmdə BNA insanlara əziyyətlər yaşatdı. Hətta demək olar ki, koronavirusun Bakı şəhərində əhali arasında artmasında BNA-nın böyük rolu oldu. Qurum bilərəkdən və ya biməyərəkdən əhalini yalnız bərbad vəziyyətdə olan marşurut avtobuslarının ümidinə qoymaqla virusun yayılmasına imkan yaratdı.

Tanınmış hüquqşünas Səməd Vəkilov bizimlə söhbətində Bakı Nəqliyyat Agentliyinin fəaliyyətində qeyri- müəyyənliyin və bir sıra pozuntuların aşkarlandığını bildirdi: “Eyni pozuntulara görə təkrar cəzalar və cərimələrin tətbiq edilməsi xüsusi ilə geniş yayılıb. İnzibati Məcəlləyə görə, eyni xətaya görə təkrar cəzanın tətbiz edilməsi qanuna ziddir. BNA-nın fəaliyyətində yol verilmiş nöqsanlar ciddi araşadırmaya və ictimai nəzarətə ehtiyacı var” .

Vaqif Əsədov: “Vidio kameraların və DYP əməkdaşlarının sayının çox olması yalnız işin xeyrinədir”

Bir sözlə, görünən odur ki, hardan cərimə iyi gəlirsə bizim hər zaman qürur duyub, fəxr etdiyimiz polisimiz təssüf ki, ordadır. Həm də, son vaxtlar sayıları xeyli artıb. İstənilən küçə və prospektə nəzər yetirilsə DYP əməkdaşlarının sürücüləri saxlayıb, onlarla dialoq apardıqlarını görmək olar. Bəzən fikirləşirsən ki, bu qədər sayda DYP əməkdaşına ehtiyac varmı? Və yaxud Bakı şəhərinin 85-90 faizini video kameralar müşahidə etdiyi halda şəxsi heyətin sayını artırmağa nə dədrəcədə ehtiyac var? Yeri gəlmişkən Bakı Şəhər Dövlət Yol Polisinin mətbuat xidmətini rəhbəri Vaqif Əsədova “Bakı şəhəri üzrə DYP əməkdaşlarının sayını deyə bilərsinizmi” sualı ilə müraciət etdikdə o, “siz bu barədə kadrlar şöbəsinə müraciət edin” deyə cavab verdi. Əvəzində üzərinə götürdüyü öhdəliklərə və qaydalara uyğun bəzəkli-düzəkli ifadələr söylədi. Öz sahəsi üzrə kifayət qədər peşəkar DYP sözçüsü kimi tanınan V.Əsədov daş atıb başını tutdu ki, video kameraların və DYP əməkdaşlarının sayının çox olması yalnız işin xeyrinədir. O bunu kağızda yazılan stastik rəqmlərlə də sübut etməyə çalışdı: “Vidio kameralar vasitəsi ilə avtomaşınların hərəkətinin izlənilməsi və qiymətləndirilməsi daha asandır. Radarlar olmadığı zamanlarda yol-nəqliyyat hadisələri 50-55 faiz təşkil edirdisə, bu gün video kameraların müsbət nəticələri hesabına yol-nəqliyyat hadisələri 20-25 faizə enib”.

Araşdırmalar təsdiq edir ki, yol partul xidməti əməkdaşlarının sürücülər barəsində yazdıqları protokolların böyük əksəriyyəti qanunsuzdur. Amma əksər hallarda avtomaşın sahibləri qanunsuzluğun qurbanı olduqlarını hüquqi cəhətdən sübut edə bilmirlər. Çünki, hara şikayət etsələr də, yenə də araşdırılması üçün Baş Dövlət Yol Polisinə göndərilir. Bu da el məsəlində deyildiyi kimi, qazidən qaziyə şikayət erməyə bənzəyir. Haqsızlıqla üzləşən sürücülər iddia edirlər ki, yol patrul xidməti əməkdaşları yazdıqları protokollara görə 25-30 faiz pul qazandıqlarına görə, saxladıqları maşınlara yeri gəldi-gəlmədi protokol yazırlar. Qanuvericiliyə görə, cərimə protakollarından 10 gün müddətində yuxarı instansiyalara şikayət etmək olar. Şikayət sürücünün iştirakı ilə araşdırılır və qərar çıxarılır. Eşitdiklərimə, oxuduqlarıma və gəldiyim qənaət ondan ibarətdir ki, bütün hallarda sürcü haqsız çıxarılır. Çünki, hələ bu günə qədər bir Azərbaycan vətəndaşının yol patrul xidməti əməkdaşının tərtib etdiyi cərimə pratokolundan etdiyi şikayətindən qalib ayrıldığı məlumatına rast gəlməmişəm. Heç ümid bəsləməyə də dəyməz. Ona görə ki, bir protokolun ləğvi 50-100 manatdan məhrum olmaq deməkdir. Paqonlu qardaşlar isə hər qəpiqlərinin dəyərini və qədrini bilirlər. Axı yazılan cərimə pratokolundan yığılan milyonlar dövlət büdcəsinə deyil, həm də öz ciblərinə gedir. Bu baxımdan demək olar ki, DYP və BNA ölkədaxili yeganə qurumlardandır ki, orada şəffaflıqdan söhbət gedə bilməz.

Əgər sözügedən qurumlarda kök salan qanun pozuntuntularına qarşı ən yüksək səviyyədə tətbirlər görülməsə problem elə bu şəkildə də davam edəcək. Ən azı islahatlar və kadr dəyişiklikləri həyata keçirilsə, müsbət nəticələr qaçılmazdır.

İ.ƏLİYEV

P.S. Mövzu ilə bağlı araşdırmalarımız davam edir

Bütün xəbərlər Facebook səhifəmizdə