Aydın Mirzəzadə: \"Münaqişənin uzanması Rusiyanın yaxın müttəfiqi olan Ermənistanın günü-gündən zəifləməsinə gətirib çıxarır\" - MÜSAHİBƏ
Yeni Azərbaycan Partiyası Siyası Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadənin SİA-ya müsahibəsi
- 28 may 1918-ci il Azərbaycan xalqının öz müstəqilliyini 100 ildən sonra yenidən bərpası oldu. 23 aylıq tarixdə demokratik cümhuriyyət tariximizə ən şanlı səhifələrini yaza bildi. Dövlətçiliyin əsası qoyuldu, beynəlxalq aləmdə özümümzünb layiqli yeri axtarıldı, sülhpərvər və demokratik bir dövlət olduğunu, qonşularla mehriban qonşuluq şəraitində yaşamaq istədiyimizi göstərdi, demokratik prinsiplər öz yerini tutmağa başladı, gələcək düşünüldü, gənclərin bir qismi Avropa ölkələrində təhsil almağa göndərildi. 23 ay ərzində demokratik bir dövlətin qurucularının gördüyü işləri sadalamaqla qurtarmaq mümkün deyil. Amma çox təəssüf ki, o dövrdəki proseslər müstəqil dövlətimizin uzunmüddətli yaşamasına imkan vermədi. Ancaq bu istək cəmiyyətin yaddaşında qaldı və müstəqilliyi 1991-ci ildə yenidən bərpa edə bildik. Ən maraqlı cəhət ondan ibarətdir ki, 1991-ci ildə cəmiyyət yeni dövlətin 1918-ci ildə qurulan demokratik cümhuriyyətin varisi olduğunu açıqladı. Həmin dövrdə irəli sürülən qabaqcıl fikirlər, XX əsrin axırlarında yenidən bərqərar edilməyə başlandı. Düzdür, arada 2 il itirildi, amma 1993-cü il iyunun 15-dən Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə demokratik prinsiplər yenidən gündəlik həyatımızda bərqərar olmağa başladı. Azərbaycan demokratik bir dövlət quruluşu növünü seçdi, beynəlxalq aləmə inteqrasiya oldu, həyatın bütün sahələrində geniş islahatlara yol açıldı, Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi addımlar atıldı. Bu gün artıq müstəqilliyimizin 20 illiyi ərəfəsində birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan xalqı müstəqil dövlətə nail olduğunu bir daha sübut edə bildi. Azərbaycan möhkəm dayanıqlı bir dövlət quruluşu fomalaşdıra bildi, iqtisadiyyatını yenidən qurdu. Bu gün bazar prinsiplərinə əsaslanan iqtisadiyyamız, büdcəmiz bu gün 16 milyard dollar, valyuta ehtiyatımızı 34 milyard dollardır. Bir neçə gündən sonra Milli Məclis 2011-ci ilin dövlət büdcəsinə yenidən baxacaq, büdcənin 30% artırılması nəzərdə tutulur. Bu isə ilk növbədə sosial proqramlara, infrastrukturların genişlənməsinə, əmək haqqı və pensiyaların artırılmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldiləcək. 20 ildə böyük nailiyyətlərin əldə olunmasına baxmayaraq, ölkənin gələcəyə planları böyükdür. Prezident İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəldikdən sonra regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2 proqram irəli sürməsi, iqtisadiyyatda geniş islahatların aparılması, diplomatiyamızın uğurları, bunlar, Azərbaycanın dünyayada arzuolunan tərəfdaşa çevrilməsinə səbəb oldu. Bu gün Azərbaycan dünyayada güclü nüfuza malik olan bir dövlət kimi tanınır. Azərbaycan öz müstəqilliyini inadkarcasına möhkəmləndirən bir dövlətdir, ölkənin iqtisadiyyatı neft profilli iqtisadiyyatdan çoxprofilli iqtisadiyyata çevrilməyə başlayıb. Vətəndaş özünün təminatlı və hüquqlarının qorunduğu bir cəmiyyətdə yaşadığının fərqinə varır. Hər bir Azərbaycanlı bu gün ölkənin vətəndaşı olmaqla fəxr edir.
- Bəzən belə fikirlər səsləndirilir ki, cümhuriyyət dövrünün \"Müsavat\" partiyası ilə indiki dövrün \"Müsavat\"ı arasında elə bir ciddi dəyişiklik yoxdur. Sizin bu fikirlərə münasibətiniz necədir?
- Əgər söhbət dövlətdən gedirsə, indiki dövlət, o dövrdəki dövlətin ən yaxşı ənənələrini davam etdirir. Əgər söhbət \"Müsavat\" partiyasının bugünki eyniadlı partiyanın fəaliyyəti ilə müqayisəsindən gedirsə, burada çox böyük fərq hiss olunur. Həmin dövrün \"Müsavat\"ı milli-demokratik, müasirliyə, cəmiyyətdə harmoniyaya can atan sosial yönümlü bir partiya idi. Amma indiki partiya kiçik bir dərnəyə çevrilib. Həmin dövrün parlaq şəxslərinin təcrübəsindən maksimum yararlanmağa çalışır. Ancaq həyatda bunu tətbiq etmədiyinə, qarşıdurmaya meylli olduğuna, yeni prinsiplər, texnologiyalar tətbiq etmədiyinə görə, həmişə cəmiyyətin cinahında öz yerini tuta bilib. Ancaq cəmiyyət hər bir dövrə, prosesə öz qiymətini verir. 1918-20-ci ilin \"Müsavat\" partiyasına Azərbaycan tarixində böyük işlər görmüş siyasi qüvvə kimi qiymət verilir. Həmin adı mənimsəmiş hansısa siyasi qüvvənin fəaliyyətinə isə bugünki fəaliyyətinə görə, qiymət verilir. Bu isə heç də böyük qiymət deyil.
- Gələn ay Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin növbəti görüşü keçiriləcək. Bu görüşdən hansısa nəticələr gözləmək olarmı?
- Hər bir görüşdən nəsə gözləmək olar, çünki hər bir görüş irəliyə doğru kiçik də olsa bir addımdır. Birincisi ən yaxşı müharibədən ən pis sülh yaxşıdır. Azərbaycan bu gün problemin həllində maraqlıdır. Məsələ problemin məhz müharibə yolu ilə həll edilməsində deyil. Baxmayaraq ki, həmin variant da daima gündəlikdədir və Azərbaycan bunun üzərində aktiv sürətdə işləyir. Regiona qonşu olan Rusiya bu prosesdə vasitəçilik missiyasını aktiv surətdə həyata keçirir. Fransa və Amerika isə sadəcə olaraq səfir çərçivəsində bu problemin həllinə çalışırlar. Əlbəttə ki, bu səfərdən müəyyən xırda nəticələr gözləməyə dəyər. Məsələ burasındadır ki, münaqişənin uzanması Rusiyanın yaxın müttəfiqi olan Ermənistanın günü-gündən zəifləməsinə gətirib çıxarır. Hər hansı bir iqtisadiyyatdan söhbət gedə bilməz. Ermənistan büdcəsi ildən-ilə azalır. Ötən il 3 milyard büdcəsi olan Ermənistan bu il 2 milyardla kifayətlənib. Azərbaycan isə ilin ortasında büdcəsini Ermənistanın illik büdcəsindən 2 dəfə çox artırır. Müharibə vəziyyətinin bu cür davam etməsi Ermənistan əhalisinin durmadan azalmasına səbəb olur. Artıq xaricdəki erməni diaspora təşkilatları, onu müdafiə edən beynəlxalq qüvvələr müharibənin nə dərəcədə Ermənistana faydalı ola bilməsi barədə düşünməyə başlayıblar. Şübhəsiz ki, Azərbaycanın apardığı və ərazi-bütövlüyün təmin edilməsinə yönələn siyasət Ermənistanın işğalçılıq siyasəti fonunda çox müasir və maraqlara cavab verən kimi görünür. Hesab edirəm ki, həm görüşlərin keçirilməsi, həm də aparılan siyasət düzgündür.
Cəbhə xəttindəki vaxtaşırı provakasiyalara gəlincə, qeyd edim ki, bu gün hakimiyyətdə olan Ermənistan siyasi elitası hakimiyyətə Qarabağ dalğası üzərində gəlib. Onlar Qarabağ problemindən başqa hər hansı bir işlə cəmiyyətin qarşısına çıxa bilmirlər. Bu onların siyasi, həm də iqtisadi kapitalıdır. Cəbhə xəttində gərginlik yaratmaqla bir tərəfdən Azərbaycanı qorxutmağa, digər tərəfdən isə Ermənistan cəmiyyəti daxilində özlərinin güclü və nüfuzlu olduğunu bir daha göstərməyə çalışırlar. Ancaq hər halda Ermənistan cəmiyyəti bu gün seçkilərdə hazırki hakimiyyətin əleyhinə səs verməklə, 100 minlərlə əhalinin küçəyə çıxması ilə bu hakimiyyəti qəbul etmədiyini göstərir.
Azərbaycanda isə qorxmağa heç nə yoxdur. Azərbaycan xalqı öz qabiliyyətini, bacarığını həm dinc, həm də ordu quruculuğunda göstərə bilib. Bir Mübariz İbrahimov nümunəsi Azərbaycan oğullaırnın döyüş qabiliyyətini göstərir. Onun qəhrəmanlığından sonra Ermənistan ordusundan 2 general, 8 polkovnik işdən azad edildi. Bunun özü göstərir ki, 1 gizirimiz ermənilərin 2 generalı və 8 polkovnikinə bərabərdir. Problemin Azərbaycanın ədalətli tələbləri çərçivəsində həll olunacağı heç də uzaqda deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB