Qarabağda böyük iqtisadi layihələr icra olunacaq

Azərbaycan 44 günlük müharibədə parlaq qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etdi. Bu hərbi-siyasi zəfərin ardından qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir. Bu istiqamətlərdən biri isə heç şübhəsiz, informasiya müharibəsi təşkil edir. Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı isə bu baxımdan müstəsna əhəmiyyət daşıyır. Bu, ən əsası Azərbaycanın informasiya cəbhəsində mövqeyini daha da gücləndirməsi üçün olduqca önəmlidir. Şübhəsiz ki, dörd saatdan çox davam etmiş mətbuat konfransında jurnalistlərin suallarını ətraflı cavablandıran Prezident İlham Əliyev həm bugünkü vəziyyət, həm də gələcəklə bağlı bir sıra önəmli mesajlar verdi. Bir daha məlum oldu ki, Azərbaycanın gələcəyə aydın baxışı vardır və Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyur.

Reallıq budur ki, həm qələbəmizin siyasi cəhətdən möhkəmləndirilməsi, həm işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması istiqamətində sistemli fəaliyyət müvəffəqiyyətlə davam etdirilir. Qarşıdakı illərdə Qarabağda aparılacaq quruculuq işləri ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcək. Prezident İlham Əliyevin çıxışlarında açıqladığı bəyanatlardan başa düşülür ki, Böyük Qayıdış keyfiyyətcə yeni bir həyata qayıdış olacaq. 30 il əvvəl hətta yaşayış üçün ən vacib əşyalarını belə götürməyə macal tapmadan öz evlərini tərk etmiş sakinlər layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıdacaqlar. Bunun üçün ilk addımlar hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra atılmağa başlayıb. Dekabrın 23-də Dövlət başçımızın Zəngilan, Qubadlı və Laçın rayonlarına səfəri zamanı Güləbird SES-in açılışı, eləcə də Ağalı kəndində tətbiq olunacaq ilk “ağıllı kənd” layihəsinin hazırlanması ərazilərin ən yeni dünya standartları səviyyəsində bərpa olunması üçün bütün dövlət qurumlarının tam səfərbər olunduğunu göstərir. Cənab Prezidentin bildirdiyi kimi: “Biz həm də pilot layihələrə başlamışıq. Bir layihə - “ağıllı kənd” layihəsi artıq başlanıb. Biz 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaratmaq istəyirik. Onlar buna layiqdirlər. Onlar layiqli yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər. Bu əraziləri bərpa etmək üçün bizim siyasi iradəmiz də, maliyyə resurslarımız da var və biz bunu edəcəyik”.

Göründüyü kimi, Prezident İlham Əliyev bərpa olunacaq yaşayış sahələrində müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqini xüsusi diqqət mərkəzində saxlayır. Bu isə Qarabağın yaxın gələcəkdə “ağıllı region” kimi dünyada tanınacağına əlverişli şərait yaradır. İşğaldan azad olunmuş bütün yaşayış məntəqələri üçün bərpa və yenidənqurma layihələrinin işlənməsi tikinti-abadlıq işlərinin Qarabağın bütün ərazisində eyni vaxtda aparılacağından xəbər verir. Bunun üçün dövlət tərəfindən nəzərdə tutulmuş vəsaitlərin böyük bir hissəsi artıq icraçı şirkətlər üçün ayrılıb. Yaxın onillikdə Qarabağ ərazisi həm yerli və həm də xarici şirkətlərin geniş fəaliyyət meydanına çevriləcək. Prezident İlham Əliyevin bildirdiyi kimi, ilk növbədə, Qarabağın azad olunması uğrunda 30 il ərzində aparılmış mübarizədə Azərbaycanın haqq işini dəstəkləmiş bütün ölkələrin şirkətləri ərazilərin bərpa layihələrinin icrasında üstünlük hüququndan faydalanacaqlar. Türkiyə, Pakistan və İtaliya şirkətlərinin artıq bir sıra layihələr üzrə fəaliyyətə başlaması bunun əyani göstəricisidir. İlk öncə, bütün regionda yollar, körpülər, su elektrik stansiyaları, su və qaz təminatı kimi həyati vacib infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Hazırda baş nazir müavinləri səviyyəsində fəaliyyət göstərən üçtərəfli komissiya bölgədə bütün nəqliyyat kommunikasiyalarının açılması və daha da genişləndirilməsi üzrə məsləhətləşmələr aparır və ən qısa zamanda həyata keçiriləcək layihələr təsdiq olunur. Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən avtomobil və dəmir yollarının bərpası ölkəmizin infrastruktur bütövlüyünü təmin edəcək və region ölkələri arasında birbaşa əlaqələri xeyli asanlaşdıracaq. Bütün bu tədbirlərin həyata keçməsi ölkənin infrastruktur orqanizmini canlandırmaqla yanaşı, həm də Cənubi Qafqazı yeni simalı geosiyasi regiona çevirəcək. Azərbaycanın Qərblə Şərq və Şimalla Cənub arasındakı geostrateji mövqeyi və əhəmiyyəti daha da güclənəcək.

Qeyd etmək lazımdır ki, erməni barbarlığı nəticəsində 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş torpaqları ekoloji terrora məruz qalıb, zəngin yeraltı və yerüstü sərvətlərin vəhşicəsinə istismar olunub, regionun meşə örtüyünün məqsədli şəkildə məhv edilib, münbit torpaqların, su ehtiyatlarının ekoloji və radioaktiv çirklənməyə məruz qoyulmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında diqqəti bu vandallıq əməlinə bir daha yönəldərək, xatırladıb ki, ərazilərin minalanması ilə bərabər, burada hər şey, bütün infrastruktur tamamilə dağıdılıb, kənd və şəhərlər xarabalığa çevrilib: “Mən azad edilmiş ərazilərdə dəfələrlə olmuşam, maşınla yüzlərlə kilometr yol gedirsən və yalnız dağıdılmış kəndləri görürsən, heç yerdə bircə bina da yoxdur. Ağdamda bircə bina da yoxdur. Təkcə qismən dağıdılmış bir məscid qalıb, ondan da ermənilər atəşin təshih edilməsi üçün oriyentir və müşahidə məntəqəsi kimi istifadə ediblər, oradan baxırlarmış ki, Azərbaycan qoşunları orada hərəkət edir, yoxsa yox? Füzulidə bircə bina da yoxdur. Hətta bayraq sancmağa yer yox idi. Biz bayrağı bayraq dirəyindən asdıq. Cəbrayılda da eyni vəziyyətdir”.

Bu gün isə azad olunmuş ərazilərin minalardan təmizlənməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına maksimum qısa müddətdə qayıtması prioritet hədəflər sırasındadır. Artıq Füzuli-Şuşa yolunun, Füzuli hava limanının tikintisinə başlanılıb, Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməli qoyulub. Həmçinin Laçın rayonunda Güləbird Su Elektrik Stansiyası işə salınıb, Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatının birinci mərhələsi başa çatıb. Dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəlib. Bunun üçün Laçın-Kəlbəcər bölgələrində külək enerjisindən, Zəngilan-Cəbrayıl bölgələrində isə günəş enerjisindən istifadə imkanları genişdir. “Yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağ ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaq. Öz torpaqlarına qayıdan sakinlərin əmək məşğulluğunun təmin edilməsi üçün proqramlar hazırlanmaqdadır. Ənənəvi məşğuliyyət sahələrinin bərpa edilməsi ilə yanaşı yeni məşğulluq növlərinin yaradılması da dövlət tərəfindən hazırlanan planların tərkib hissəsidir.

Beləliklə, şübhə yoxdur ki, Azərbaycanın qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bunu deməyə əsas verir.

Cavidan Adilzadə,

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə-rektoru,

YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...