“Böyük qayıdışın” perspektivləri - çiçəklənən, güclənən və qüdrətlənən Azərbaycan

Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın və ordumuzun əzmkar və qətiyyətli mövqeyi 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın yenidən öz doğma sakinlərinə-azərbaycanlılara qovuşması prosesinə təkan vermişdir. Öz torpaqlarından didərgin salınan Qarabağlıların ata-baba yurdlarına böyük sevinc və fəxarət hissi ilə geri dönməsi hər bir azərbaycanlının səbirsizliklə gözlədiyi məqamdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri və orda etdiyi çıxışlar Böyük Qayıdışın çox möhtəşəm olacağından xəbər verirdi. Qədim türk eposu olan Dədə Qorqud dastanında deyildiyi kimi: “ocaqlarımız yenidən yanacaq, çaylarımız yenidən axacaq, ağaclarımız yenidən çiçəkləyib qol-qanad atacaqdır”.

Artıq Qarabağda”Böyük Qayıdışın” ilk müjdəsini verən Ali Baş Komandan qədim tarixi torpaqlarımızda çoxlu və genişmiqyaslı iqtisadi, sosial, mədəni, infrastruktur layihələrinin icrası ilə bağlı göstərişlər vermişdir. Bu ərazilərə gediş-gəlişin yaxşılaşdırılması və rahatlığının təmin edilməsi üçün müasir standartlara cavab verən yeni yolların və aeroport tikintisinin əsası qoyulmuşdur. Qədim şəhərimiz Şuşaya çəkilən iki avtomobil yolundan birinin adı “ Qələbə yolu” adlandırılması əbəs yerə deyil. Şuşa bizim qeyrət qalamaz və igidlərimizin qanı hesabına alınan zəfər meydanımızdır. Təkcə Şuşada deyil, bütün işğaldan azad edilmiş şəhər, qəsəbə, kəndlərimiz abadlaşıb, çil-çıraqlı bir məmləkətə çevriləcəkdir. Yeni salınacaq şəhərlərimiz xüsusi memarlıq ənənələrinə sadiq qalmaqla planlı şəkildə yenidən qurulacaq. “Ağıllı kənd” layihələri isə dünyada misilsiz bir layihələrdir. Bu iqtisadi layihərin həyata keçirilməsində əsasən qardaş Türkiyə Respublikasının öndə gedən şirkətləri dəmiryol, tikinti, turizm və digər sahələrdə yaxından iştirak edəcəkdirlər. Tarixi “İpək Yolu”nun “Zəngəzur koridoru” Naxçıvan vasitəsilə Azərbaycanı Türkiyə ilə qovuşduracaqdır. Bölgəyə çoxlu sayda sərmayənin cəlb edilməsi də iqtisadi layihələrin tərkib hissəsi olaraq gələcəkdə Qarabağın əvvəlki şöhrətini özünə qaytaracaqdır. Bu ərazilərimizə şirkətlər tərəfindən qoyulan hər bir yatırım, hər bir kapital onlara çoxlu dividentlər qazandıracaqdır.

Heç kimə sirr deyil ki, Qarabağ torpağı çox bərəkətli və məhsuldardır. Burada kənd təsərrüfatı bitkilərinin demək olar ki, hamısı bitir. Pambıqçılıq, baramaçılıq, heyvandarlıq, əkinçilik, şərabçılıq, tütünçülük və meşə təsərrüfatı iqtisadiyyatımıza böyük gəlirlər gətirəcəkdir. Zəngilanda, Füzulidə, Laçında tikilməsi nəzərdə tutulan hava limanları zəngin təbii gözəlliyi olan bölgəyə çoxlu sayda xarici və yerli turistlərin gəlməsinə zəmin yaradacaq. Eyni zamanda ticarət əlaqələri genişlənəcək. Otel, mehmanxana və ictimai iaşə obyektlərinin tikintisi və fəaliyyəti burada çoxlu iş yerlərinin açılmasına zəmin yaradacaq. Bütün bunlar bütövlükdə ölkəmizdə sosial-iqtisadi vəziyyətin daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir. Eyni zamanda Qarabağa köçüb yaşayan əhali orda çox geniş imkanlar yaradılacaq, onların rahat həyat şəraitini təmin etmək üçün elm, təhsil, mədəniyyət, musiqi və idman kompleksləri inşa edilib əhalinin istifadəsinə veriləcəkdir. Dəmiryol xəttlərinin kilometrlərlə məsafəni əhatə etməsi sənayenin, kənd təsərrüfatının və sosial həyatın dirçəlməsinə gətirib çıxaracaqdır. Bu layihələrin əsasında ölkəmiz daha da çiçəklənəcək, güclənəcək və qüdrətlənəcəkdir. Zəngin yeraltı və yerüstü sərvətlərə malik qədim Qarabağ torpaqlarında çoxlu sayda yeraltı mineral sular və geniş meşə zolaqları vardır. Bu gün ekoloji tarazılığın pozulmaması üçün meşə zolaqları və təbii alternativ bərpa olunan enerji sayılan külək və günəş enerjisindən istifadə edilməi bu ərazilərdə mövcuddur. “Yaşıl enerji” zonası çox əhəmiyyətli və aktual bir layihədir. Bu layihələrin həyata keçirilməsi həm cəmiyyət üçün, həm də təbiət üçün çox əlverişlidir. Həyata keçiriləcək layihələrdə müasir tələblərə cavab verən, yeni texnologiyalardan istifadə olunacaqdır. Bərpa prosesindən sonra Qarabağa qayıdacaq sakinlər yenidən sülh, əmin-amanlıq və yüksək rifah halında yaşayacaq, qurub yaradacaq. Qarabağ yenidən əvvəlki şan-şöhrətini geri qaytaracaq.

Anar Babayev

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...