Zəfər Günün mübarək, Azərbaycan! - ŞƏRH

Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı: “Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcəkdir”

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatına görə, Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxmışdır. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Bununla yanaşı, noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu, adı türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunmuş böyük şəxsiyyət Mustafa Kamal Atatürkün anım günüdür. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev demişdir: “Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir”. Azərbaycanı ürəkdən sevən, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" deyən Mustafa Kamal Atatürk hər bir azərbaycanlının qəlbində özünə yer etmişdir, onun xatirəsi ölkəmizdə də böyük ehtiramla yad olunur.

Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir.

Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olmuşdur. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcəkdir.

Azərbaycanda Anım Günü təsis edilib

Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən hər il sentyabrın 27-si Anım Günü kimi qeyd olunacaq.

Sərəncamda deyilir: "Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqının işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladığı qeyd olunur.

Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.

Həmvətənlərimizin bir çoxu şəhid olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıram:

1. Hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

Bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq

Bəli bu gün Azərbaycan Ordusu gücünü bir daha nümayiş etdirdi. 30 illik erməni işğalına məhz güclü ordumuz sayəsində son qoyuldu. Xalqımızın və Ali Baş Komandanın rəhbərliyi ilə bu gün yeni bir tarix yazıldı. Dövlət başçımız, Ali Baş Komandan İlham Əliyev 17 illik Prezidentlik fəaliyyətində ancaq və ancaq düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi ilə bağlı yüksək tribunalarda, verdiyi müsahibələrində qətiyyətlə çıxışları, söylədiyi hər söz, hər kəlməsi, Güclü Ordumuzun, Rəşadətli əsgərlərimizin və nəhayət, dövlət başçımızla xalqımızın bir olmağımız 30 illik həsrətimizə son qoyuldu!. Güclü Azərbaycan Ordusu və məğrur və rəşadətli əsgərlərimiz Ali Baş Komandanın əmrlərini yerinə yetirərək Azərbaycanımızın şanlı tarixini yazdı.

Ali Baş Komandanımızın dediyi kimi, bu o əsgərlərimizdir ki, düşmənləri 30 il işğal altında saxladıqları torpaqlapımızdan iti qovan kimi qovurlar: "Azərbaycan özü bu məsələni həll edir və mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax budur bunun sonu. Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi mund2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür arlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!".

Budur, Azərbaycan xalqının, əsgərinin əzmi, rəhbərinə, xalqına, torpağına, Vətəninə sadiqliyi. Təcavüzkar və işğalçı Ermənistan gördü ki, xalq-iqtidar-ordu birliyinin nümunəsi QƏLƏBƏDİR! Həmçinin, bu vəhdətin nümunəsi qədirbilən xalqımızın öz Prezidentinin, Ali Baş Komandanının yanında olması, Onun hər sözünə, bütün qərarlarına sadiqliyidir. Məhz bu gün düşmən ordusu Azərbaycan əsgərinin qabağında aciz qalaraq döyüş meydanından qaçmağa məcbur olur. Çünki yalançı, faşist, qorxaq, rəzil Paşinyanın bu iki ildən yuxarı hakimiyyətdə olduğu müddətdə Ermənistanı və erməni xalqını məhəvə aparır. Bunu nəinki erməni xalqı, bütün dünya gördü və görür.

“Bizim qabağımızda Ermənistan diz çöküb. Bizim şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürmüşük”

Azərbaycan Prezidenti İlham Əliyev cənablarının dediyi kimi, "nə qədər gec deyilsə, düz yola gəl" və məsələnin sülh yolu ilə həllində verilən axırıncı şansdan istifadə et. Prezident İlham Əliyev oktyabrın 9-da Azərbaycan xalqına müraciətdə də bildirdi ki, Ermənistana axırıncı şans veririk, axırıncı şans: “Bizim qabağımızda Ermənistan acizdir. Bizim qabağımızda Ermənistan diz çöküb. Bizim şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb. Mən dəfələrlə şəhid ailələrinin nümayəndələri ilə, şəhid valideynləri ilə görüşlərdə demişdim ki, biz onların qisasını alacağıq. Bizim şəhidlərimizin qanı yerdə qalmayacaq və qalmır. Biz qan istəmirik. Biz istəyirik torpaqlarımız bizə verilsin. Verilsin, uzatmasınlar məsələni. Status-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim status–kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini. Özü də o bölgənin relyefi təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də 30 il ərzində orada beton istehkamlar qurulub. Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Yoxdur təmas xətti. İndi deyirlər yeni təmas xətti olacaq. Olmayacaq! Biz torpaqlarımızı geri alacağıq!".

Bəli, aldıq! 30 il arzusunda olduğumuz Qarabağ həsrətə 8 noyabr, 2020-ci il Şuşanın azad olunduğu və onun ardınca 10 noyabrda son qoyulduğu gün aldıq! 8 noyabr - 10 noyabr tarixi günləri xalqımıza yaşadan Azərbaycan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Şanlı Azərbaycan Ordusu, Rəşadətli əsgər və zabitlərimiz bəxş etdi. Yaşa Prezidentimiz! Yaşa Güclü Ordumuz! Yaşa Rəşadətli əsgər və zabitlərimiz!.

8 noyabr - Şanlı Qələbəmizin, Zəfərimizin günü!

2020-ci il, 8 noyabr. Azərbaycan tarixində ən böyük qələbə. 28 ildir ki, Şuşalıların gözlərində olan kədər bu tarixi gün sevinc yaşları ilə əvəzləndi...Bu göz yaşlarını tək şuşalılar yox, bütün türk dünyası, regionlarımızın rayon və şəhərlərinin sakinləri yaşadı. 1992-ci il 8 may – 2020-ci il 8 noyabr. İşğal və Qələbə. Bir faktı vurğulamaq lazımdır ki, tarix qalibləri mühakimə etmir, həm də bu qalib haqq işi uğrunda qələbə qazanırsa! Bəli 8 noyabrda Ali Baş Komandanımızın, Müzəffər Ordumuzun və Rəşadətli əsgər və zabitlərimizin şücəati ilə 8 noyabrda göz bəbəyimiz Şuşamız işğaldan azad olundu. Üçrəngli Bayrağımız artıq Şuşamızda dalğalanmaqdadır.

Ata vəsiyyəti- oğul hesabatı

"Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur" deyən Ulu Öndər Heydər Əliyevin bu arzusunu bu gün Prezident İlham Əliyev "Şuşasız işimiz yarımçıq qalar» deyərək reallaşdırır. Onun siyasətinin layiqli davamçısı, Azərbaycan xalqının mərd oğlu İlham Əliyev bu gün torpaqlarımızı azad edir. “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən deyib: “Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfislənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!”.

Ölkə rəhbərimiz, Ali baş Komandanımız İlham Əliyev xalqa müraciətdə bu böyük Qələbəni xalqına bəyan etməkdən böyük fəxarət və qürur hissi duyduğunu deyib: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”.

Budur, Azərbaycan Prezidenti, Ali Baş Komandanımızın diplomatik siyasəti! Budur, xalqının Prezidenti olmaq! Budur, Liderlik missiyası!

Bəli, bu gün Ali Baş Komandanımız, Prezident İlham Əliyev bu tarixi qələbəni bir daha əbədiləşdirdi - Hər il 8 noyabr Zəfər Günü kimi təntənəli qeyd olunacaq. Zəfər Günün mübarək, Azərbaycan!. Qarabağ Azərbaycandır!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...