TƏBİB-dən həyəcan siqnalı: COVID-19-a yoluxanların sayı artır

Məlum olduğu kimi, bu gün bütüq bəşəriyyəti lərzəyə gətirən virusa qarşı mübarizə aparılır. İstəsək də, istəməsək də insanlar COVID-19 xəstəliyinə yoluxur və ölür. Bildiyiniz kimi, pandemiya Çində başladı, ancaq onlar tez bir zamanda virusun öhdəsindən gəldilər. Çünki onlarda maska taxmaq hər yerdə məcburi idi. Bu, vəziyyətdən çıxmağa kömək etdi. Əlbəttə total qapadılma da öz rolunu oynadı, harasa getmək ümumiyyətlə qadağan edildi. Bildiyiniz kimi, Cənubi Koreya və Çexiya kimi ölkələrdə açıq havada maska taxmaq təcrübəsi də müsbət nəticə verdi.

Qed edək koronavirus pandemiyası başladığı ilk gündən dövlət başçımız dünyanı ağuşuna alan koronavirus pandeminasının ilk günlərindən Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq vaxtında qəbul edilən düşünülmüş düzgün qərarlar itkiləri minimuma endirməyə imkan yaradıb və məhz zamanında görülən tədbirlər nəticəsində Azərbaycanın adı nümunəvi ölkələr sırasında çəkilir.

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Bir sözlə, dövlət başçısının koronavirusla bağlı ardıcıl addımların atılmasında məqsəd Azərbaycan xalqının sağlamlığı olduğunu bildirib: “Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işlərə yüksək qiymət verərək Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunəvi ölkə adlandırıbdır. Bütün bunlar deməyə əsas verir ki, biz bu bəlanı da dəf edəcəyik, bu mübarizədə qalib gələcəyik. Biz xalq olaraq artıq birlik, həmrəylik nümayiş etdirmişik, indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq”.

Məhz uğurldu nəticələr əldə etmək üçün ən əsas məsələ, vətəndaşlarımız karantin rejiminin qaydalarına məsuliyyətlə əmlə etməlidirlər. Bu gözə görünməz virusdan xilas olmaq və ya daha az yoluxmanın, eləcə də insan təlafatının olmaması üçün dövlət başçısı tərəfindən cox ciddi addımlar atılıb və bu gün də atılır. Buna görə də ölkədə hansı vəziyyətin olmasından asılı olmayaraq vətəndaşlar karantin qaydalarına əməl etməlidir. Təəssüf doğuran odur ki, hələ də karantin rejiminin qaydalarına məsuliyyətlə yanaşmayanlar var. Məhz bunun nəticəsidir ki, son günlər bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən də Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır.

Açıq havada qoruyucu maska taxmayanlar da cərimələnəcək

Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabrın 19-da imzaladığı qərara əsasən, bu gündən Azərbaycanda açıq və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi olub. İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə edilir.

Açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər də cərimə ediləcək

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, açıq havada maska taxmaq mütləq vacibdir: "Bu, Nazirlər Kabinetinin qərarında qeyd olunub. Günü-gündən xəstəxanalarda koronavirus xəstələrinin sayı artır. Hər kəs zəhmət çəkib, maskadan istifadə etsin. Artıq açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər 100 manat məbləğində cərimələnir".

Şübhəsiz bu gün yoluxma sayındakı artımda, virusun ikinci dalğası ilə üzləşməyimizdə fəslin, iqlim amilinin təsiri var. Ancaq unutmaq olmaz ki, əhalinin müvafiq gigiyena qaydalarına əməl etməsi də burada mühüm rol oynayır. İndiki şərait ikiqat məsuliyyətli olmağımızı tələb edir. Hər birimiz dövlətimiz, iqtisadiyyatımız, səhiyyəmiz, özümüzün və yaxınlarımızın sağlamlığı üçün ciddi təhdid olan bu təhlükənin aradan qaldırılması üçün əlimizdən gələni etməliyik.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov bildirib ki, hamımız qorunma tədbirlərinə, qaydalara ciddi əməl etsək, o zaman yoluxma saylarını azalda bilərik: «Vətəndaşların bir qisminin məsuliyyət nümayiş etdirməsi ilə buna nail ola bilmərik. Qorunma tədbirlərinə, hamının bildiyi qaydalara düzgün riayət edilməlidir. Maska tənəffüs yollarını örtmürsə, bu, onu nəyinsə xatirinə gəzdirməkdən başqa bir şey deyil. Qapalı məkanlarda, sıx təmasların olduğu yerlərdə maska istifadəsinə xüsusi diqqət yetirilməlidir. Bilməliyik ki, maskanı hələ uzun müddət istifadə etməliyik. Çünki pandemiyaya hələ qalib gəlməmişik. Digər, tərəfdən məsafə saxlanılması vacibdir. Maska taxılması, məsafə saxlanılması, əl gigiyenasına əməl edilməsi nəinki koronavirusdan, mövsüm üçün xarakterik olan digər respirator infeksiyalardan da qorunmağımıza kömək edir. Bu, çox uzun müddət vaxt aparar və koronavirus səbəbindən vəfat edənlərin sayı çox ola bilər».

Professor bildirib ki, pandemiyanın nə vaxt bitəcəyini elmi cəhətdən proqnozlaşdırmaq olar: "İnsanların 70 faizinin, yəni üçdə ikisinin orqanizmində koronavirusa qarşı immunitet yaranacağı zaman virus aramızdan gedəcək. Hazırda bütün dünyada insanların az bir qismi yoluxub. Əhalinin bir qrupu xəstəliyi keçirib sağalaraq immunitet qazanacaq. 70 faizin digər hissəsi isə vaksinlə tənzimlənəcək. Gələn ildən vaksinlərin gələcəyi gözlənilir".

Koronavirusa yoluxma sayı niyə artır? Səbəb

Sözügedən məsələyə münasibət bildirən Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova bildirib ki, son bir neçə həftə ərzində ölkə üzrə yeni növ koronavirusa yoluxanların statistikasında mənfi dinamika müşahidə olunur: "Bu, o deməkdir ki, infeksiyaya yoluxan xəstələrin sayında nəzərə çarpan artım var. Bu artımın bir sıra müxtəlif səbəblərini qeyd etmək lazımdır. Bu səbəblər arasında gün ərzində havanın dəyişkən mülayim keçməsini, payızın gəlməsi ilə əlaqədar orqanizmin immun statusunun zəifləməsini qeyd etmək olar. Bununla yanaşı, məlum olduğu kimi son həftələr ərzində ölkədə müharibə vəziyyəti elan olunub. Bu səbəbdən də əhali tərəfindən xəstəliyə qarşı diqqət azalıb və bu məsələ bir qədər ikinci plana keçib".

N.Mürsəlova qeyd edib ki, hazırda ölkədə davam edən xüsusi karantin rejiminin qaydalarına görə kütləvi tədbirlərin keçirilməsinə qarşı irəli sürülən tələblərin hələ də qüvvədə olmasına baxmayaraq, insanların dəfn mərasimlərində və səfərbərlik məntəqələrinin önündə sıx şəkildə toplanması xəstəliyə yoluxanların sayındakı artıma səbəb olub.

Həkimin sözlərinə görə, hormonal preparatların ev şəraitində istifadəsi arzuolunmazdır, çünki onlar xəstəliyin əlamətlərini gizlədərək yaxşılaşma təəssüratı yaradır və bu zaman inkişaf edən ağırlaşma gec nəzərə çarpır. Bu da artıq xəstəxanaya düşən insanın müalicəsini çətin və ya mümkünsüz edir: "Əhaliyə bir daha müraciət etmək istərdim ki, ilk növbədə hətta açıq havada belə sıxlıq olduqda tibbi maskalardan və dezinfeksiyaedici vasitələrdən istifadə, fiziki məsafənin saxlanmasına riayət etsinlər. Eyni zamanda kütləvi tədbirlər, iştirak edilməsi vacib olmayan dəfn, yas və ya digər toplantı yerlərinə getməkdən çəkinmək yolu ilə xəstəliyə yoluxmadan özlərini və yaxınlarını qorusunlar. Xəstəlik əlamətləri qeyd edildikdə özlərini təcrid etməklə yanaşı dərhal aidiyyəti üzrə həkimə müraciət etsinlər, laboratoriya müayinəsindən keçib, erkən və düzgün müalicəyə cəlb olunsunlar. Mən əminliklə bildirirəm ki, bütün bu deyilənlərə əməl etməklə biz özümüzü və ətrafımızdakı insanları xəstəlikdən müdafiə edə bilərik".

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...