"Paşinyan ictimai rəyi manipulyasiya etməyə davam edir" Keçmiş MTX sədri

“Vətən” partiyasının sədri Artur Vanesyan bu gün Ermənistan hökumət binası qarşısında aclıq aksiyası keçirən “Daşnaksütyun” nümayəndəsi Qeqham Manukyan və Konstitusiya Məhkəməsinin keçmiş üzvü Kim Balayanı ziyarət edib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Vanesyan onlara dözümlülük diləyərək həddindən artıq kəskin bir addım atdıqlarını qeyd edib.

“Cəmiyyətimiz başa düşməli və yuxudan ayılmalıdır, hansıki bu yuxuya manipulyasiya nəticəsində dalıb. Hakimiyyət daim yalan danışır, ictimai rəyi manipulyasiya edir, nəticədə ölkəni bu fəlakətə gətirib”, deyə Artur Vanesyan hakimiyyəti ittiham edib.

O, Kim Balayan ilə söhbətində qeyd edib ki, müharibənin 44 günü ərzində daim yalan informasiyalar səslənib. İşğal altında saxlanılan torpaqlar itirilib və bu da son deyil, çünki hər gün itirməyə davam edirlər.

“Ölkəmiz, Vətənimiz təhlükədədir. Damokl qılıncı üzərimizdən asılı qalıb. Heç nə dəyişməyib. Eyni zamanda, baş nazir postunu tutan şəxs ictimai rəyi manipulyasiya etməyə davam edir və bu gün də mənfi hesab etdiyim yeni bir tezisi dövriyyəyə buraxıb. Bildirir ki, ictimaiyyət müxalifətin baş nazirin istefası tələbini alqışlamayıb, bu səbəbdən də istefa etmək istəmir. Bu, cəmiyyətin ağ-qaraya, keçmişə və indiyə bölünməsidir. Yəni, yenidən cəmiyyəti istefasını istəyənlərə və istəməyənlərə bölüb. Ancaq bu sual deyil və o, yenidən cəmiyyəti aldatmağa davam edir”, deyə Artur Vanesyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...