Karantin rejiminin tələblərinə ciddi əməl etmək işğalçı düşmənə növbəti qələbə çalmaqdır
İşğalçı Ermənistan sentyabrın 27-dən Azərbaycana qarşı növbəti hərbi təxribata əl ataraq yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutdu. Bu təcavüzə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Sentyabrın 28-dən başlayaraq ölkənin bir neçə regionunda hərbi vəziyyət və komendant saatı elan edildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusu və rəşadətli əsgərlərimizin şücaəti ilə uğurla irəliləyərək işğal altında olan torpaqlarımızın azad olunması davam etməkdədir. Xalqımız hər gün əldə olunan qələbələrə birlikdə sevinir və torpaqlarımızın tez bir zamanda bütünlüklə azad ediləcəyinə əminliklərini bildirirlər. Bu başadüşüləndir. Ancaq bu gün həm də bir məqamı unutmaq olmaz ki, bütün dünyanı bürüyən koronavirusla da mübarizəmizi davam etdiririk. 7-8 ay öncə Azərbaycan xalqı ilə dövlət koronavirusa qarşı mübarizədə həmrəylik göstərirdisə bu gün xalqımız, ordumuz, dövlətimiz bu həmrəyliyi savaş bölgələrində nümayiş etdirirlər. Şanlı ordumuzun əldə etdiyi qələbələr hər birimizi qürurlandırır. Lakin bu sevincli günlər bizə "gözəgörünməz" düşməni - koronavirus infeksiyasını unutdurmamalıdır.
Əli Əsədov: “Karantin rejiminin tələblərinə daha ciddi əməl etməyə, bununla da bütün gücümüzü işğalçı düşmənlə mübarizə üçün səfərbər etməyə çağırırıq”
“Koronavirusla mübarizədə qazanılmış nailiyyətləri qoruyub saxlamaq və bütün resursları cəbhəyə yönəltmək üçün karantin rejiminin qaydalarına nəzarəti gücləndirmək lazımdır”. Bunu Baş Nazir Əli Əsədov Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla mübarizə tədbirlərini müzakirəsi zamanı deyib.
Baş Nazir bildirib ki, xüsusilə iş yerlərində, ictimai nəqliyyatda, ticarət mərkəzlərində və təhsil müəssisələrində qaydalara əməl edilməsinə daha ciddi nəzarət edilməlidir: “Operativ Qərargah adından vətəndaşlarımıza müraciət edərək bildirirəm ki, koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi davam edir. Vətəndaşlarımız arasındakı emosional ruh yüksəkliyi təmasların artması isə müşahidə olunur ki, bu da davam edən koronavirus xəstəliyi fonunda insanların sağlamlığına böyük təhlükələr yarada bilər. Məlum olduğu kimi, Azərbaycanla qonşu olan, həmçinin dünyanın digər ölkələrində xəstəlik sürətlə yayılmaqdadır və ekspertlər bunu hətta ikinci dalğanın başlaması kimi qiymətləndirirlər. Bu, bizi daha ehtiyatlı olmağa sövq edir”.
Əli Əsədov onu da bildirib ki, indiyədək vətəndaşlarımız xüsusi karantin qaydalarına ciddi şəkildə riayət ediblər və bunun nəticəsində xəstəlik hal-hazırda nəzarət altındadır: «İndiyə qədər pandemiya ilə mübarizədə qazandığımız nailiyyətləri itirməmək üçün karantin rejiminin qaydalarına əməl olunması zəruridir. Eyni zamanda, dövlətimiz, xalqımız və milli təhlükəsizliyimiz üçün belə bir mürəkkəb dövrdə karantin qaydalarına əməl olunması virusla mübarizədən daha böyük əhəmiyyətə malikdir. Bu işdə hər bir vətəndaşımızın töhfəsi təqdirəlayiqdir”.
Baş Nazir Əli Əsədov belə bir mürəkkəb dövrdə torpaqlarımızın azad olunması uğrunda göstərdiyimiz birlik, vətəndaş həmrəyliyi və intizamın görünməz düşmən olan koronavirus xəstəliyi ilə mübarizədə də göstərilməsinin vacib olduğunu bildirib: “Bununla belə xəstəliyin yayılmasına, karantin rejiminin qaydalarının pozulmasına məsul olan şəxslər və mülkiyyət formasından asılı olmayaraq müəssisə sahiblərinin nəzərinə çatdırırıq ki, karantin rejiminin tələblərinə riayət edilmədiyi hallarda aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görüləcəkdir. Bununla əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib və onlar nəzarət tədbirlərini daha sərt və ciddi şəkildə davam etdirməlidirlər. Odur ki, hər bir vətəndaşa müraciət edərək karantin rejiminin tələblərinə daha ciddi əməl etməyə, bununla da bütün gücümüzü işğalçı düşmənlə mübarizə üçün səfərbər etməyə çağırırıq”.
Vasif Əliyev: “Həm ön cəbhəyə, həm də həkimlərə kömək etmək, özümüzün və əsgərlərimizin sağlamlığını qorumaq üçün karantin rejiminə əməl etməliyik”
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər üzrə işçi qrupun rəhbəri Vasif Əliyev bildirib ki, bu gün yumşaldılmalara gedildikdən sonra yoluxma hallarında stabilliyin müşahidə olunması dövlətin atdığı addımlar və vətəndaş məsuliyyətinin nəticəsidir: “Artıq 12 gündür ki, Azərbaycan Prezidenti, Ali Baş Komandanın qətiyyəti, Güclü Azərbaycan Ordusunun və rəşadətli əsgərlərimizin şücaəti nəticəsində gedən Vətən müharibəsi zamanı hər gün cəbhədən sevindirici xəbərlər alırıq. Ancaq işğalçı Ermənistan isə hər ötən gün istər canlı qüvvəsi, istərsə də hərbi texnika baxımından imkanları tükənməkdədir. Ancaq biz ikinci düşməni –koronavirusa qarşı mübarizəni də unutmamalıyıq. Bunun fəsadını sonradan görə bilərik. Hər zaman vurğulayırıq ki, yoluxma saylarındakı stabillik bizi arxayınlaşdırmamalıdır. Hazırkı dövr çox həssas bir dönəmdir, hər zaman ehtiyatlı olmalıyıq. Əgər ön cəbhədəki əsgərlərə kömək etmək, arxa cəbhədə dayaq olmağa çalışırıqsa, öz sağlamlığımızı da düşünməliyik. Çünki koronavirus pandemiyası yaydakı kimi geniş vüsət almağa doğru gedərsə, xəstəxanalar təkrarən koronaviruslu xəstələrlə dolmağa başlayarsa, bir yandan müharibə zamanı əsgərlərin yaralanması, digər yandan da pandemiya vəziyyəti çətinləşdirə bilər. Unutmayaq ki, koronavirus da bir düşməndir, hətta gözə görünməyən bir düşməndir. Biz bir düşmənə qarşı savaşarkən digərini yaddan çıxarmamalıyıq. Biz xalqımızın sağlamlığını qorumaq və ordumuza dəstək olmaq, yeni-yeni qələbələrə şahid olmaq istəyiriksə, qaydalara ciddi əməl etməliyik. Əgər biz sağlam olarsaq, onlar sağlam düşüncə və iradə ilə irəli atılacaqlar”.
Rəşad Mahmudov: “Azərbaycan haqq yolunda apardığı mübarizədə qalib gələcək və tarixi ədaləti bərpa edəcək”
Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib ki, müharibə rahat deyil, bunun ön və arxa tərəfi var: “Müharibə uzandıqca, ordunun təhlükəsizliyini təmin etmək çox önəmlidir. Diqqəti çəkmək istədiyim məqam fərqlidir. Arxa cəbhədə Azərbaycan əsgərinin yanındayıq. Azərbycan səhiyyə sistemi COVID-19-la mübarizədə bütün gücünü ortaya qoydu. Bu gün də hərbçilərimizlə birgə ön cəbhədə səhiyyə sistemimiz üzərlərinə düşən işin öhdəsindən gəlirlər. Tibb işçilərimiz heç bir şey demədən ön cəbhədə əsgərlərin arxasında öz işlərini davam etdirirlər. Azərbaycan əsgəri əmin əllərdədir”.
Deputat COVID-19-un dünya bəlası olaraq hələ də qaldığını da xüsusi vurğulayıb: “COVID-19-la mübarizədə COVID-19-la mübarizədə acizik. Bu gün həyəcan içərisində Ali Baş Komandanın, ordumuzun apardığı uğurlu işin nəticəsində daha çox bir-birimizlə təmasa giririk. Bu gün Azərbaycan övladları şəhid olmaqdan qorxmayaraq həyata dik baxırlar. Bu gücü qazandıqca, məsuliyyətimiz də artır. İnsanların yemək, paltar aparmaq istəyini hamımız görürük. Unutmayaq. Hər birimiz əsgərimizi COVID-19-dan qorumalıyıq. Əgər bu pandemiya alovlanarsa, bu gün Azərbaycan əsgəri üçün mübarizə aparan həkimlərimizi geri qaytarmalı olacağıq. Bu çağırışı hər birimiz anlayışla qəbul etməliyik. Azərbaycan əsgərini, Azərbaycan ordusunu COVID-19-dan qorumaqla onlara ən böyük töhfə verə bilərik. Bütün Azərbaycan əhalisindən xahış edirəm. COVID-19-la mübarizədə Azərbaycan əsgəri, Azərbaycan ordusu üçün diqqətli olmalıyıq”.
Bəli, dövlət Qarabağ müharibəsi ilə yanaşı koronavirus müharibəsi şəraitində yaşayır. Ona görə də hər bir şəxs mövcud reallığı, qanunun aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilməli və başa düşməlidir və inşallah hər iki mübarizədə az itkilərlə bu mübarizələrdən də şərəflə çıxacağıq. Buna isə hər iki mübarizədə “Biz birlikdə güclüyük!” devizi ilə nail ola bilirik və bu gün buna nail olmaqdayıq! Ulu Tanrı Prezidentimizə, Güclü Ordumuza, rəşadətli, igid əsgərlərimizə dayaq olsun!
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB