Heç bir qüvvə Azərbaycan xalqını haqq yolundan döndərə bilməz

Dünyada baş verən münaqişələr, ziddiyyətli proseslər, qarşıdurmalar şəraitində hər zaman beynəlxalq hüquqa sadiq qalan Azərbaycan Ermənistanla olan problemin danışıqlar yolu ilə həllini istəyirdi. BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli iclasında Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin qətiyyətli mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb: "Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev münaqişənin həlli istiqamətində dəyişməz mövqeyini xarici ölkələrə səfərlərində, eləcə də ölkəmizə rəsmi səfərlərə gələn dövlət başçılarının, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin diqqətinə dəfələrlə çatdırıb, bütün təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.

Bütün bu faktların təzahürüdür ki, hal-hazırda Ermənistan psixoloji gərginlik vəziyyətindədir. Onlar şüurlu şəkildə danışıqlar prosesini pozur. "Dağlıq Qarabağ Ermənistandır.", "Yeni ərazilər, yeni müharibə." kimi cəfəng bəyanatlar Ermənistanın hələ də ağlının başına gəlmədiyindən xəbər verir.

Azərbaycan işğala, erməni təcavüzünə məruz qalan ölkədir və işğal faktı bu gün də davam edir. Torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması beynəlxalq hüquqa görə bizim haqqımızdır. Bizim mövqeyimiz ədalətlidir.

Mətanət Məmmədova, 255 saylı orta məktəbin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə