Məhərrəm ayında şəhidlərin xatirəsinə qanvermə aksiyası keçiriləcək ÖZƏL - AÇIQLAMA

"Mərkəzi Qan Bankında Səhiyyə Nazirliyinin qərarına əsasən, qanvermə aksiyaları təşkil olunacaq. İnsanlar şəhidlərimizin xatirəsinə ehsan olaraq qana ehtiyacı olanlara qanvermə aksiyasında iştirak edə biləcəklər". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.

O bildirib ki, bu il Məhərrəm ayı 21 avqustda daxil olur və ayın 30-u aşura gününə təsadüf edir. Hər il Məhərrəm ayını məscidlərimizdə kütləvi şəkildə qeyd edirdik, lakin bu il Məhərrəm ayı pandemiya dövrünə təsadüf edir:

"Təkcə Azərbaycanı deyil, bütün dünyanı bürüyən virus təhlükəsindən insanları qorumaq üçün Ümumdünya Səhiyyə Təşkilatı müəyyən tövsiyələr verib. Bütün dünya ölkələri bu tövsiyələri nəzərə alaraq bu istiqamətdə tədbirlər görür. Azərbaycanda Operativ Qərargahın qərarına əsasən, avqustun 30-a qədər karantin müddəti davam edir. Ona görə də, kütləvi tədbirlər dayandırılıb və qadağan edilib. Həmçinin, mərasimlərin, yasların da qadağası davam edir. Bildiyimiz kimi, ibadətdən də qabaq təhsildir və ölkəmizdə təhsil müəssisələri də pandemiyaya görə fəaliyyətini dayandırdı. Hətta bizə hələ də məlum deyil ki, övladlarımız sentyabr ayından etibarən məktəbə getmək imkanı əldə edə biləcək, ya yox. Bu, sual altındadır. Ən vacibi hazırda insanları virusdan və ölümdən qorumaqdır, bu istiqamətdə müvafiq addımlar atılır".

İdarənin sədr müavini vurğulayıb ki, insanlar əgər məscidlərə toplaşarsa kütləvi yoluxma halları yenidən baş verə bilər, əgər ehtiyatsız addımlar atsaq insanlar kütləvi şəkildə ölümlə qarşı-qarşıya qala bilərlər:

"Qafqaz Müsəlmanları İdarəsi olaraq məsləhət görürük ki, insanlar səbrli olsunlar və bu ayda öz ayinlərini, ibadətlərini fərdi şəkildə həyata keçirsinlər. Bunun üçün sırf məscidə getməyə ehtiyac yoxdur. Öz ailəmiz daxilində də bu tədbirlərə qoşula bilərik. Məsləhət görülüb ki, ruhanilərimiz, din xadimlərimiz öz bloqlarında və ya saytlarında xütbələri yerləşdirsinlər, onlayn şəkildə internetdən yararlanaraq bu xütbələri yayıb, paylaşsınlar. Milyonlarla insan fərdi şəkildə bu ibadətlərə qoşula bilər. Ayinləri məsciddə həyata keçirmək mütləq deyil, bu zaman duam qəbul edilməz, ayin həyata keçməz kimi düşüncələrdən uzaq olun. Hər hansı bir şəraitdə öz ibadətimizi, ayinlərimizi həyata keçirə bilərik. Qafqaz Müsəlmanları İdarəsi insanlara tövsiyə edir ki, indiki pandemiya dövründə özlərini qorusunlar və səbrli olsunlar. Özlərinin, ailələrinin, yaxınlarının və ümumilikdə cəmiyyətinin sağlamlığının qeydinə qalsınlar".

Fuad Nurullayev əlavə edib ki, hər il Məhərrəm ayında qanvermə aksiyaları keçirilir və bu il də Qafqaz Müsəlmanları İdarəsinin Səhiyyə Nazirliyi qarşısında müəyyən istək və tövsiyyələri olub:

"Təklif olundu ki, Səhiyyə Nazirliyi müxtəlif məkanlarda şərait olarsa insanların könüllü şəkildə qanvermə aksiyalarına qoşula bilməsi üçün imkan yaratsın. Artıq elan olundu ki, Mərkəzi Qan Bankında Səhiyyə Nazirliyinin qərarına əsasən, bu qanvermə aksiyaları təşkil olunacaq. Müxtəlif rayon və şəhərlərdə də, həmçinin Mərkəzi Qan Bankının şöbələrində də qanvermə aksiyaları təşkil olunacaq. İnsanlar şəhidlərimizin xatirəsinə ehsan olaraq qana ehtiyacı olanlara qanvermə aksiyasında iştirak edə biləcəklər.

Son olaraq bir daha bildirmək istəyirəm ki, bu dövrdə hər kəsi səbrə və təmkinə dəvət edirik. Allah hər birimizi qorusun".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...