Ermənistan Azərbaycana məğlub olub

2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə geniş müzakirələr aparılmışdır. Həmin müzakirələr zamanı böyük öndərimiz geniş və məzmunlu nitq söyləyərək münaqişənin mahiyyəti barədə ətraflı təsəvvürlərin formalaşmasına xidmət edən məqamlara aydınlıq gətirdi: "Nə üçün belə oldu? Ona görə yox ki, Azərbaycan xalqı ermənilərdən gücsüzdür. Yox. Bizim çoxəsrlik tariximiz Azərbaycan xalqının nəyə qadir olduğunu nümayiş etdirir. Birincisi, ona görə ki, ermənilər, Ermənistan bu məsələyə uzun müddət hazırlıq görmüşdür. Amma Azərbaycanda bu məsələ unudulmuşdu. Həmin o illər unudulmuşdu. İkincisi, bu münaqişə başlayan zaman, yəni Ermənistanın torpaq iddiası meydana çıxandan sonra ermənilər hamısı - həm Ermənistanda, həm də dünyanın hər yerində yaşayan ermənilər bütün daxili ziddiyyətləri, münasibətləri unutdular, hamısı birləşdi. Hamısı “miatsum” ideyası ətrafında birləşdi və gücünü bir yerə yığıb bizi bugünkü günə gətirdi. Onlardan fərqli olaraq, Azərbaycanda bu hadisə başlayan zaman xalqımız birləşə bilmədi, xalqa rəhbərlik edən adamlar səbatsızlıq etdi və bir-iki ildən sonra artıq Dağlıq Qarabağ məsələsi unuduldu. Azərbaycanda daxili çəkişmələr, vuruşmalar, hakimiyyət mübarizəsi başladı. Ona görə də belə bir vəziyyətdə ermənilər asanlıqla Azərbaycan torpaqlarını işğal etdilər".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın həyatında mühüm problem kimi hələ də öz aktuallığını saxlamaqdadır. Əslində bu, tamamilə təbiidir. Regionda baş verən mühüm dəyişikliklər fonunda münaqişə ocaqlarının söndürülməmiş qalması ümumi situasiyaya mənfi təsir göstərməklə yanaşı, həm də burada maraqları olan dövlətlərin münasibətlərində həlledici faktor rolunu oynayır. Məsələ artıq bir neçə ildir regional müstəvidən çıxaraq beynəlxalq əhəmiyyət kəsb etməyə başlayıb. Amma hələ də prosesə real təsir imkanlarına malik qüvvələr (söhbət həm nüfuzlu beynəlxalq təşkilatlardan, həm də ayrı-ayrı dövlətlərdən gedir) problemin birdəfəlik həllinə nail olmaq üçün konkret təzyiq mexanizmlərindən istifadə etmək istəmirlər. Əlbəttə, burada müxtəlif faktorların təsirini nəzərə almaq vacibdir, amma istənilən halda münaqişə həll edilməlidir və bunun yalnız bir yolu var: beynəlxalq hüquq normaları. Yuxarıda sadaladığımız faktlar münaqişənin Azərbaycanın milli mənafelərini təmin edən prinsiplər əsasında həllinə istiqamətlənmiş konseptual fəaliyyət prosesinin ayrı-ayrı detallarıdır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda çox şey dəyişib, o cümlədən Ermənistanın təcavüzkarlıq aktının aradan qaldırılması sahəsində də. AXC-Müsavat iqtidarı dövründə yerləşdiyi coğrafi regionda belə öz iradəsini nümayiş etdirmək imkanına malik olmayan Azərbaycan Dahi Öndər Heydər Əliyevin hakimiyyəti dövründə dünyanın ən qüdrətli dövlətlərinin strateji tərəfdaşına çevrilib. Ötən illər ərzində ölkəmiz Avropa Şurası kimi mötəbər bir təşkilatda tamhüquqlu üzv statusu ilə təmsil olunmaq imkanı qazandı və Qarabağ probleminin səbəb və nəticələri haqqında dünya ictimai rəyində obyektiv təsəvvür toplusu formalaşdırmaq üçün bu tribunadan maksimum səmərəli istifadə edə bildi. Bu da bir cəbhədir və indi tərəddüdsüz söyləməyə əsasımız var ki, bu cəbhədəki döyüşlərdə Ermənistan Azərbaycana məğlub olub.

1994-cü ildə regionun iqtisadi perspektivini müəyyənləşdirən "Əsrin müqaviləsi" imzalandı və 2002-ci ildə bir çoxlarının əfsanə adlandırdığı Bakı-Tbilisi-Ceyhanın təməl daşı qoyuldu. Ermənistan dünyanın ən qüdrətli dövlətlərinin iştirak etdiyi bu layihədən kənarda qalıb və deməli, daha bir döyüşü uduzub. Azərbaycan Türkiyə və Gürcüstanla üçtərəfli qarşılıqlı təhlükəsizlik paktı imzalayıb və Ermənistanı faktiki olaraq üç strateji müttəfiqin əhatəsində yaşamaq gerçəkliyi ilə üz-üzə qoyub. Ermənistan bu cəbhədə də tək qalıb. ABŞ Azərbaycana tətbiq etdiyi 907-ci düzəlişin qüvvəsinin dayandırılması müddətini uzadır. Əvəzində Ermənistanı terrorizmi dəstəkləyən, insan alveri ilə məşğul olan ölkələr sırasında göstərir. ABŞ Dövlət Departamentinin hesabatında Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi göstərilir və Ermənistan tərəfindən işğal olunduğu qeyd edilir. Ermənistana ayrılan maliyyə yardımlarının həcmi ilbəil azaldılır. Prezident Corc Buş çıxışlarında Azərbaycan torpaqlarının işğal edilməsi faktından narahatlığını bildirir. Bu da Azərbaycanın qələbəsidir. Azərbaycan iqtisadi göstəricilərinə görə postsovet məkanında ən qüdrətli ölkələrdən birinə çevrilməkdədir. Ermənistan isə xarici borcların müqabilində dövlət əhəmiyyətli müəssisələrini girov qoymaq məcburiyyətində qalıb. Azərbaycan ictimai-siyasi sabitlik, demokratiyanın inkişafı və daxili təhlükəsizlik baxımından Cənubi Qafqazın ən etibarlı ölkəsinə çevrilib. Ermənistanda isə terror siyasi həyatın adi atributudur. Elə buna görə də tam əminliklə söyləmək olar ki, sülh danışıqlarının davam etdirilməsi və uğurla nəticələnməsi bəlkə də Azərbaycandan çox Ermənistana lazımdır. Bu, həm ölkənin daxili ictimai-siyasi vəziyyəti, həm də regionun mühüm dəyişikliklər astanasında olması faktı ilə əlaqədardır.

Azərbaycanın Bakı-Tbilisi-Ceyhanla öz neftini dünya bazarlarına çıxarmağa başlaması yeni iqtisadi yüksəliş və yeni siyasi situasiya deməkdir. Bu proses, şübhəsiz ki, Ermənistanın xeyrinə deyil - nə iqtisadi, nə də siyasi baxımdan. Azərbaycanın iqtisadi potensialını günü-gündən artırması təcavüzkar tərəfi danışıqlar prosesində daha uğursuz vəziyyətə salır. Üstəlik, ölkənin özünün daxilində mövcud olan problemləri də nəzərə alsaq, Yerevanın durumunu təsəvvür etmək çətin deyil. Bütün bu amillər Azərbaycanın danışıqlarda öz şərtlərini diktə etmək imkanlarını artırır. Münaqişənin ədalətli həllinə nail olmaq üçün hər gün əvvəlkindən daha əlverişli şərait yaranır və görünür elə buna görə də Prezident İlham Əliyev öz çıxışlarında Azərbaycanın tələsmədiyini dəfələrlə vurğulayıb.

Andiçmə mərasimindəki nitqində cənab prezident demişdir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir. Uzun illərdir ki, biz atəşkəs rejimində yaşayırıq. Təəssüflər olsun ki, bu məsələ ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti hələlik heç bir nəticə vermir. Biz hələ də ümidlərimizi itirmirik. Hələ də ümid edirik ki, həmsədrlər bu məsələ ilə daha ciddi şəkildə, məsuliyyətlə məşğul olacaqlar. Bu məsələ öz həllini tapmalıdır. Bu problem yalnız bir neçə prinsip, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdaşı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa olsun azad edəcəkdir".

Son dövrün müşahidələri də göstərir ki, Azərbaycan münaqişənin həlli ilə bağlı müəyyənləşdirdiyi prinsiplərə sadiq qalmaq əzmindədir və bunun tamamilə ciddi səbəbləri var. Birincisi, Azərbaycanın mövqeyi ədalətli mövqedir və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır. İkincisi, münaqişənin nəticələri Ermənistana heç də Azərbaycandan az təsir göstərməyib. Torpaqlarımızı işğal altında saxlaması bu ölkəni bütün transregional layihələrdən kənarda qoyub və indi Ermənistan iqtisadi fəlakətin bir addımlığındadır. Üçüncüsü, Dağlıq Qarabağ regionda maraqları olan dövlətlərin də mənafelərinə kifayət qədər ağır zərbələr vurub və deməli, münaqişəyə son qoyulması onlara da az lazım deyil. Dördüncüsü, bu konflikt həm Cənubi Qafqazda, həm də daha geniş miqyasda beynəlxalq münasibətlərin xarakterinə mənfi ştrixlər gətirir və bunu da nəzərdən qaçırmaq olmaz. Nəhayət, Böyük Sülh Sazişinin əldə olunmaması böyük müharibə təhlükəsini artırır.

Vahid Ömərov f.ü.f. d. dos.

Bütün xəbərlər Facebook səhifəmizdə