Prokurorluq Şəmkirdəki bıçaqlanma ilə bağlı məlumat yayıb

Avqustun 5-də saat 01 radələrində Şəmkir rayonu ərazisində 1995-ci il təvəllüdlü Sənan Quliyevə çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə məlumat daxil olub.

Şəmkir rayon prokurorluğundan SİA-ya verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1999-cu il təvəllüdlü Mixayil Quliyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Sənan Quliyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.

Mixayil Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Şəmkir rayon məhkəməsinin qərarı ilə həbs qətimkən tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə