ADU-nun Konfutsi İnstitutu "Koronavirus pandemiyasının psixoloji çağırışları" müsabiqəsi keçirir

Koronavirusun (COVİD-19) Azərbaycanda yayılmasının qarşısının alınması, pandemiyaya qarşı mübarizədə Çin təcrübəsindən istifadə edilməsi və Çindən olan tibb mütəxəssislərinin ölkəmizdə fəaliyyətinin linqvistik təmin olunması üçün ictimai dəstəyin genişləndirilməsi məqsədilə Azərbaycan Dillər Universiteti (ADU) nəzdində Konfutsi İnstitutu tərəfindən Çin dilindən bir qrup könüllü tərcüməçi yaradılıb.

Universitetdən SİA-ya verilən məlumata görə, ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun rəhbərlik etdiyi və Konfutsi İnstitutunun Çin müəllimlərindən və çinşünas tələbələrdən ibarət olan bu qrup xəstəliyin qarşısının alınması və idarə edilməsi, epidemiya haqqında məlumatların Çin dilindən Azərbaycan dilinə tərcüməsi haqqında biliklərin yayılması ilə məşğul olacaq. Layihə çərçivəsində ADU Konfutsi İnstitutu "Koronavirus pandemiyasının psixoloji problemləri" adlı müsabiqə elan edir.

"Koronavirus pandemiyasının psixoloji problemləri" müsabiqə

Dünyanı hədəf almış, həyat tərzimizi dəyişdirən koronavirus (COVID-19) pandemiyası təhlükəsinin miqyasını dərk edərək və mövcud şəraitdə gənclərin fərdi inkişafının, boş vaxtlardan səmərəli istifadənin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutu karantinin qüvvədə olduğu dövrdə əlverişsiz emosional vəziyyətlərin profilaktikası üzrə ən yaxşı psixoloji tövsiyələr" müsabiqəsi elan edir. Müsabiqədə həm peşəkar psixoloqlar, həm həkimlər, polislər, müəllimlər, insanlarda əlverişsiz psixi vəziyyətlərin təzahürləri ilə üzləşən sosial işçilər də iştirak edə bilərlər. Tövsiyələrdə karantin dövründə insanlarda yaranan müxtəlif emosional vəziyyətlərin izahı ilə bağlı məsələlər işıqlandırılmalı, həmçinin stressin azaldılması, narahatlığa nəzarət, cari işlərdə məhsuldarlığın qorunması üçün məsləhətlər verilməlidir.

İşlər aşağıdakı mövzularda təqdim edilə bilər:

1.Özünü təcrid zamanı insanın psixi vəziyyəti;

2.Məsafədən tədris rejiminə keçərkən və müvəqqəti evdə olarkən tələbələrə tövsiyələr;

3.İmtahanlara psixoloji hazırlıq;

4.Risk qrupunun nümayəndələrinə psixoloji yardım;

5.Koronavirusa görə narahatlıq keçirən yeniyetmələr üçün tövsiyələr;

6.Karantin dövründə məktəbəqədər və kiçik məktəblilərin valideynləri üçün məsləhətlər;

7.Karantin dövründə əlverişsiz emosional vəziyyətlərin qarşısının alınması üçün Çinin təcrübəsi.

Müsabiqədə iştirak edəcək şəxslər özləri barədə məlumatı (adı, soyadı və əlaqə nömrəsi əlavə olunmaqla) Azərbaycan və ingilis dilində 31 avqust 2020-ci il tarixinə qədər elektron poçta (rafabba@yandex.ru) göndərməlidir. Seçilmiş işlər xüsusi nəşrdə dərc olunacaq. Qaliblər diplom və mükafatlarla təltif olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...