Su təsərrüfatında müasir texnologiyaların tətbiqi zamanın tələbidir

Su təsərrüfatında müasir texnologiyaların tətbiqi zamanın tələbidir

İqlim dəyişikliyi indi bir reallıqdır. Bunu biz hamımız hiss edirik, təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində insanlar quraqlıq və su çatışmazlığından əziyyət çəkir. İqlim dəyişikliyinin təsirləri ilə bağlı proqnozlar onu göstəriri ki, su ehtiyatlarının azalması bundan sonra da davam edəcəkdir. Ölkələr bunun öhdəsindən gəlmək üçün adaptasiya planları hazırlamalıdırlar. Azərbaycandakı mövcud su problemlərindən danışırıqsa, şübhəsiz bu, təkcə kənd təsərrüfatı və suvarma ilə bağlı deyildir. Bu, sudan istifadə edən bütün sahələrə aid edilməlidir. Bu vəzifə hamının üzərinə düşür. Təbii iqlim dəyişikliyi səbəbindən su ehtiyatlarında çatışmazlıqlar yaranır. Eyni zamanda, kənd təsərrüfatı da daxil olmaqla, bütün sahələrdə suyun idarə olunması daha yaxşı aparılmalıdır. Bəli, Azərbaycanda su tələbatının çox hissəsi kənd təsərrüfatının payına düşür. Əsas su istehlakçısı sektoru olan kənd təsərrüfatında müasir texnologiyalardan istifadə etməklə, səmərəli su siyasəti yürüdülməli, itkilər aradan qaldırılmalıdır.

Bu vəziyyətdən çıxış yolu su ehtiyatlarının idarə olunması ilə məşğul olan bütün maraqlı tərəflərin üzərindədir. Burada təkcə dövlət qurumlarını deyil, cəmiyyətin bütün üzvlərini nəzərdə tuturam. Bu quraqlığın qarşısının alınmasının məsuliyyətini hamımız paylaşmalıyıq. Bu vəziyyətdə hər birimizin xüsusi rolu var. Hökumətin rolu bütün sektorlarda su itkisini azaltmaq, bələdiyyə şəbəkəsində, həmçinin suvarma kanallarında suyun paylanmasını yaxşılaşdırmaq üçün planlar hazırlamaq və investisiya layihələri həyata keçirməkdir. Hökumət həmçinin müasir suvarma, sudan təkrar istifadə və digər suya qənaət edən ağıllı texnologiyaların istifadəsini təşviq etməlidir. Suyun səmərəli istifadəsi üçün iqtisadi stimullar barədə düşünməyə başlamalıyıq ki, müasir suvarma sistemləri quraşdıran fermerlərə subsidiya verə bilək. Cəmiyyətin digər üzvlərinə gəldikdə, gündəlik fəaliyyətimizdə suyun rasional istifadəsi ilə quraqlıqdan çıxış yolu üçün bir məsuliyyətimiz var.

Dövlətimizin başçısının “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 15 aprel tarixli Sərəncamına əsasən, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Baş Nazirin müavininin rəhbərlik etdiyi xüsusi hökumət komissiyası yaradılmışdır. Hazırda Sərəncamın icrasının təmin edilməsi məqsədilə Meliorasiya və Su Təsərrüfatı ASC-də Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları və komissiyanın digər iştirakçıları ilə koordinasiyalı şəkildə bir sıra kompleks tədbirlər proqramı hazırlanır. Şübhəsiz, bu da suvarmanın inkişafı üzrə Dövlət Proqramının qəbul edilməsi və suvarmanın daha da səmərəli olması ilə nəticələnəcək addımları müəyyən etməyə imkan verəcək.

Artıq ölkəmizdə mütərəqqi suvarma texnikasının və texnologiyasının tətbiqinə əsaslanan iri təsərrüfatların və aqroparkların yaradılması istiqamətində müəyyən addımlar atılıb. Dövlətin yaratdığı imkanlar hesabına xaricdən gətirilən yeni suvarma sistemləri və su itkisinin qarşısını almaqla yanaşı, məhsuldarlığa da öz müsbət təsirini göstərir. Belə ki, rəsmi məlumatlara görə, kiçik və orta taxılçılıq təsərrüfatlarında hər hektardan 30 sentner məhsul götürüldüyü halda, iri fermer təsərrüfatları və aqroparklarda müasir suvarma sistemləri hesabına bu rəqəm 60 sentnerdən yuxarıdır. Bu mənada bu addımlar respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, həm də o deməkdir ki, meliorasiya sahəsində, ümumiyyətlə, su təsərrüfatında müasir texnologiyaların tətbiqi zamanın tələbidir.

Prezident İlham Əliyev ölkənin su probleminin həllinə xüsusi diqqət yetirir və bu istiqamətdə çoxsaylı tədbirlər həyata keçirir. Belə ki, Şəmkirçay, Taxtakörpü və Tovuzçay su anbarlarının tikilməsini, kanalların çəkilməsini rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatına böyük töhfə adlandırmaq olar. Son bir neçə ildə təqribən yüz min hektara yaxın torpağa - vaxtilə suvarılmayan, yaxud da suvarılması lazımi səviyyədə olmayan torpaqlara suyun verilməsi təmin olunub.

Aydın Mahmud oğlu Əhmədov, 22 saylı Şəhər Poliklinikasının baş həkimi

Bütün xəbərlər Facebook səhifəmizdə