"Tibbi maska koronovirusa yoluxma riskini 10 dəfəyədək azaldır" MÜTƏXƏSSİS RƏYİ

“Koronavirus infeksiyası əsasən hava damcı yolu ilə yayılır ki, bura daha çox asqırmaq, öskürmək daxildir. Bu baxımdan tibbi maskadan istifadə etmək xəstəliyə yoluxma riskini 10 dəfəyədək azaldır”. SİA-nın xəbərinə görə, bunu Rusiyalı həkim, yolxucu xəstəliklər mütəxəssisi İrina İvanova açıqlayıb.

O bildirib ki, karantin rejimi qaydalarında müəyyən yumşaldılmalar edilsə də, tələb olunan qaydalara əməl etmək mütləqdir: “Ən əsası sosial məsafəni qorumaq və tibbi maskadan istifadə edilməlidir. Çünki, xəstə şəxs asqırdıqda infeksiya tüpürcək damlaları, bəlğəm və tənəffüs ifrazatları vasitəsilə ətrafa yayılır. Belə olan halda, xəstəlik daşıyıcısı olub, lakin bundan xəbəri olmayan şəxslər özləri də bilmədən infeksiyanı sağlam şəxslərə yaya bilirlər. Tibbi maskadan istifadə ilə yoluxma riskini 10 dəfə azaltmaq mümkün olduğundan, yolxuma hallarının qarşısını almaq üçün çoxluq tibbi maskadan istifadə etməlidir”.

Mütəxəssis qeyd edib ki, tibbi maskadan əsasən insanların çox olduğu küçə və qapalı yerlərdə istifadə edilməlidir: “ Tibbi maskanı 2 saatdan bir dəyişmək mütləqdir. Qoruyucu vasitələrdən düzgün istifadə zamanı havanın keyfiyyəti dəyişmir və bu da nəfəs problemi yaratmır. Xroniki xəstəliyi və ya hamilə qadınlar da tibbi maskadan istifadə edə bilər. Tibbi maska onlar üçün əks təsirə malik deyil”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə