AHİK aztəminatlı ailələr üçün 105 min manat vəsait köçürdü

Yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması məqsədi ilə elan olunmuş xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə dəstək proqramları davam edir. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ictimai nəzarətin həyata keçirilməsində, vətəndaş müraciətlərinin təkliflərinin araşdırılmasında, ictimaiyyətin həssas təbəqəsi hesab edilən şəxslərə müxtəlif aspektlərdən dəstək göstərməsində bu dəfə Heydər Əliyev Fondunun sosial layihəsində iştirak etmək barədə qərar qəbul edib.

Bu məqsədlə AHİK və Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə 13 aprel 2020-ci il tarixdə bağlanılmış ianə müqaviləsinə əsasən, 1500 ailənin hər birinə 70 manat məbləğində maddi yardımın edilməsi məqsədi ilə AHİK tərəfindən Birliyin hesabına 105 min manat vəsait köçürülüb.

Təbii ki, dünyada elan olunan pandemiya vəziyyətindən ölkəmizin az ziyan çəkməsi başda Azərbaycan Prezidenti cənab İlham Əliyev olmaqla yürüdülən siyasətin əsas qayəsini təşkil edir. Artıq bir çox dünya dövlətləri də koronovirus epidemiyasına qarşı Azərbaycan dövlətinin həyata keçirdiyi proqramların effektivliyini alqışlayaraq, bu addımların nümunəvi xarakter daşıdığını bildirir.

Ölkə başçısının əhalinin sağlamlığı istiqamətində gördüyü işlər, Koronovirusla Mübarizə Fondunun yaradılması, ora toplanan ianə xarakterli vəsaitin xərclənməsinə nəzarət edən müxtəlif sahələrin təmsilçilərindən ibarət komissiyanın yaradılması, ehtiyacı olan insanlara birdəfəlik yardımların göstərilməsi, xalqın bütün təbəqələrinin bir-biri ilə yardımlaşma, paylaşma fəlsəfəsi üzərindən münasbət qurması əhalidə ruh yüksəkliyinin artmasına səbəb olub və bununla yanaşı sağlamlığa vurulan təhlükənin ağır fəsadlarının qarşısı alınmaqdadır.

AHİK bundan sonra da sosial aksiyalara dəstək verməyə hazır olduğunu vurğulayır, hər bir azərbaycanlını dövlətin, dövlətçiliyin prinsiplərini qorumağa, sabaha inamla baxmağa çağırır.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan edilmiş koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə AHİK İcraiyyə Komitəsinin qərarları ilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat, Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə dəstək üçün Maliyyə Nazirliyinin mərkəzi xəzinədarlığına isə 100 min manat vəsait köçürülüb.

Bundan başqa AHİK-in üzv və tabeçiliyində olan təşkilatlar tərəfindən yaradılan mobil qruplar bu dövr ərzində yüzlərlə aztəminatlı ailələrə, yaşı 65-dən çox olan ehtiyac sahiblərinə maddi və mənəvi yardımlarını davam etdirir.

Azərbaycan dövləti və onun başçısı daim xalqının arxasında dayanıb və vətəndaşlarının zərbə görməməsi üçün maneələri dəf edib. Hazırkı dönəmdə bizim üzərimizə düşən ən vacib məsuliyyət karantin rejiminin qaydalarını birmənalı şəkildə yerinə yetirməkdir. Prezident İlham Əliyevin, eləcə də Birinci – vitse prezident Mehriban xanım Əliyevanın yürütdüyü siyasət nəticəsində ölkəmiz bu bəlanın da öhdəsindən məharətlə gələcəyinə inanırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə