“Dağlıq Qarabağda qeyri-qanuni seçkilər: Tənqiqi təhlil”

Martın 31-də Pakistanın aparıcı beyin mərkəzi olan Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) rəsmi saytında Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "prezident" və "parlament" seçkiləri ilə bağlı məqalə dərc olunub. SİA-nın verdiyi məlumata görə, Orta Asiya və Azərbaycan üzrə ekspert və şərhçi Mehmud ul-Həsən Xan “Dağlıq Qarabağda qeyri-qanuni seçkilər: Tənqiqi təhlil” məqaləsində Azərbaycanın bölgədəki əhəmiyyətini vurğulayıb.

Məlumata görə, bu illər ərzində Ermənistan Azərbaycana qarşı təcavüz siyasəti yürüdür, nəticədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi inzibati rayon işğal edilib, bir milyondan çox insan etnik təmizləməyə məruz qalıb və qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı nəticəsində körpə uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla 613 mülki şəxs vəhşicəsinə qətlə yetirilib. BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsi (№ 822, 853, 874 və 884) erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması və bu ərazilərdən zorla qovulmuş insanların evlərinə qaytarılması tələbini əks etdirir. Ancaq 25 ildən çoxdur ki, bu qətnamələrin tələbləri yerinə yetirilməyib və Azərbaycan torpaqları işğal altındadır.

Dünya ictimaiyyətinin kəskin şəkildə qınadığı və rədd edildiyi məqalədə cari ilin 31 mart tarixində Ermənistan Respublikasının işğalı altında olan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində işğalçı ölkə tərəfindən "seçkilər"in təşkil edildiyi haqda yazılıb. Həmçinin Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Birliyi, NATO, Türk Şurası, GUAM, Avropa Parlamenti, TurkPa, ATƏT-in Minsk Qrupunun həmsədrləri, habelə çoxsaylı dövlətlər də daxil olmaqla beynəlxalq təşkilatlar "seçkilərin" və nəticələrinin qanunsuz olduğunu bildiriblər.

Məqalədə qeyd olunub ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində qanuni seçkilər yalnız erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarıldıqdan, qovulan azərbaycanlı əhalinin doğma torpaqlarına qayıtmasından və Azərbaycan və Ermənistan icmaları arasında dinc yanaşı yaşadıqdan sonra keçirilə bilər.

Həmçinin məqalədə Azərbaycan Respublikasının böyük hərbi qüdrətindən və Azərbaycanda iqtisadi və siyasi inkişaf proseslərindən qeydlər var.

Bütün xəbərlər Facebook səhifəmizdə