Natamam təhsil, erkən nikah, qanunsuz kəbin...

Qeyri-rəsmi nigahların qurbanları

Həm islam dinində, həm də Azərbaycan Respublikası Konstitusiyasında cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin yolverilməz olduğu göstərilsə də bir çox məqamlarda bu cür ayrı-seçkiliyə rast gəlinir.

Gender bərabərliyinin pozulması hallarına tez-tez rast gəlinir ki, bu da daha çox rayon və kəndlərdə baş verir. Xüsusən də qadınlar cinsi ayrı-seçkiliyə daha çox məruz qalırlar. Belə ki, qadınların təhsil almasına süni maneələrin yaradılması, əmək fəaliyyətindən yayındırılması, erkən yaşda nikaha məcbur edilməsi, fiziki, psixoloji zorakılıqlar, boşanma zaman yaranan ziddiyyətlər kimi problemli hallar sıx müşahidə edilir.

Müasir dövrün aktual problemlərdən biri erkən nikahların artmasıdır. Bir çox hallarda rəsmi nikahlardan yayınaraq dini nikahla ailələr qurulur. Bu isə gələcəkdə yaranacaq ciddi problemlər üçün zəmin yaradır. Belə ailələrdə boşanma zamanı bir çox ziddiyətli məsələlər meydana gəlir. Bunlara ümumi əmlakın bölünməsi, aliment ödənilməsi, hətta atalığın tanınması kimi məsələlərdə yaranan problemləri göstərmək olar. Təbii ki, bu kimi faktlar ailə dağıldıqdan sonra qadının həyatının daha da çətinləşməsinə səbəb olur. Məhz buna görə də bir çox qadın bu kimi hadisələrlə qarşılaşmamaq üçün məcbur qalaraq ailə həyatına davam etməli olurlar. Bu kimi faktları nəzərə alaraq demək olar ki, dini nikah qadının hüququların pozulmasında əsas amillərdəndir. Təəsüflər olsun ki, son dövrlərdə dini nikahla qurulan ailələrin sayını artır. Bu nikahlar daha çox erkən yaşda ailə qurmağa məcbur edilən qızlarla bağlı olur. Bunun müxtəlif səbəbləri vardır. Bunlara ailələrin iqtisadi vəziyyətinin yaxşı olmaması, köhnə fikirlilik kimi faktlar aiddir.

Yetkinlik yaşına çatmayan qızların dini nikahla ailə qurması və rəsmi nikahdan kənarda qalması qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, qızların müstəqil ailə qurmaq və təhsil almaq hüququnun əlindən alınması ilə nəticələnir. Burada ən böyük məsuliyyət isə məhz valideynlərindir ki, övladlarını təhsildən yayındıran valideynlər ciddi məsuliyyət, o cümlədən cinayət məsuliyyəti daşımalıdır. Hər bir valideyn uşaqlarının xoşbəxt olması üçün çalışır, lakin bəzən düzgün yol seçmir ki, bunlardan bir də məhz erkən nikahların edilməsidir. Belə ki, gənc qızların təhsildən yayındıraraq və məişət zorakılığına məruz qalmasına, qeyri-qanuni yolla ailə qurmasına yol verən şəxslər – istər valideynlər, istərsə də kəbin kəsən mollalar özlərində hüquqi məsuliyyət hiss etməli və buna yol verməməlidirlər.

Yetkinlik yaşına çatan gənclərin qurduğu ailələr sağlam və möhkəm olmaqla bərabər, həm də qanunlardan maksimum istifadə imkanı da əldə edirlər. Qanunlara əsaslanaraq qurulan ailə gələcəkdə yarana biləcək problemləri minimuma endirməklə uşaqlar üçün sağlam bir mühit yaradır. Valideynlərin ayrılması kimi hadisələr baş verdikdə maddi və mənəvi çətinliklər uşaqlara daha az təsir edir.

Qadınların məişət zorakılığına mərzu qalması da son dövrlərdə rast gəlinən hadisələrdəndir. Bunun qarşısının alınması vacib məsələlərdəndir. Ailə dağılmasın deyə buna səsiz qalmaq ən böyük yanlışlardan biridir. Bununla aiələdə şəxsiyyətlərarası münasibətlərin pozulmasına səbəb olur ki, bundan ən çox zərər çəkən məhz uşaqlar olur. Bununla yanaşı, qadınlar seksual qısnamalara da məruz qalırlar ki, seksual qısnama qanunən qadağandır. Bununla mübarizə edilməli gizlədilməməlidir. Belə ki, Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçilər işəgötürən və ya rəhbər tərəfindən hər hansı təzyiq və təqibə məruz qala bilməzlər.

Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunununda bu kimi bir çox maddələri mövcudur. Dövlət tərəfindən ciddi nəzarət edilir. Lakin bunun qarşısını almaq üçün daha ciddi tədbirlərin görülməsi vacibdir. Ən əsası gənclərin bu mövzuda geniş və dəqqi məlumatlandırılmalıdır. Öz hüquq və vəzifələrini bilməklə yanaşı, həm də onların müdafiəçisi olmalıdırlar.

Samirə Qasımova, Hüquqşünas

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...