"Koronavirusla bağlı təşvişə düşmək üçün əsas yoxdur" MÜTƏXƏSSİS-RƏYİ

Səhiyyə Nazirliyi tərəfindən verilən son məlumata əsasən ölkə üzrə 186 nəfər koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınıb. SİA-nın xəbərinə görə, məlumatda qeyd olunub ki, onlardan 7-si Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində, xüsusi ayrılmış tibb müəssisəsində 2, Astara Rayon Mərkəzi Xəstəxanasında 86 və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında 91 nəfər həkim müşahidəsinə alınıb. Bəs görəsən onlarda koronavirus aşkarlanıbmı?

Məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin Baş epidemioloqu İbadulla Ağayev bildirib ki, insanların təşvişə düşməsi üçün əsas yoxdur, çünki ölkəmizdə virusa rast gəlinməyib: “Virusa yoluxma halı ilə bağlı yalnız laborator üsulla diaqnoz qoymaq mümkündür. O da Azərbaycanda xüsusi təhlükəli infeksiyalarla mübarizə şöbəsindədir. Laboratoriyamız müasir standartlara cavab verir. Heç kim narahat olmasın, hazırda bizdə belə bir təhlükə yoxdur”.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Çində ümumilikdə yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 78,4 mini ötüb, onlardan 2744 nəfəri ölüb, 29,7 min nəfər isə sağalıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə