O gecə Xocalıda insanlıq öldü... - ŞAHİDLƏR DANIŞIR - REPORTAJ

Xocalı faciəsi XX əsrin ən dəhşətli və qəddarlıqla törədilən faciələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsi, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən ağır soyqırım cinayətlərindən biri idi. Xatın və Sonqmi kimi dəhşətli faciələrlə bir sırada dayanan Xocalı Soyqırımı neçə illərdən bəri ermənilərin öz havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı yönəldilmiş etnik təmizləmə siyasətinin məntiqi nəticəsi idi. Xocalı soyqırımının necə dəhşətli, insanlığa sığmayan bir faciə olduğunu dünya ictimaiyyəti bilsə də, heç kəs bu faciəni yaşamış, öz gözləri ilə görmüş, bir göz qırpımında, valideynlərini, qardaş bacılarını, yaxınlarını itirən insanlardan bu dəhşəti daha yaxşı anlaya bilməz. Baş verənləri hadisə şahidlərinin dilindən eşitdikcə, onların bəşəriyyət tarixində necə böyük faciə, dəhşətlərlə üz-üzə qaldığını daha dərindən anlamaq olur. SİA Xocalı faciəsini hadisə şahidlərinin dilindən təqdim edir:

12 yaşlı şahid

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının idarə heyətinin üzvü, Xocalı sakini Samirə Hüseynova faciənin baş verdiyi zaman 12 yaşında olduğunu deyib: “Bizim uşaqlığımız təkcə Xocalı faciəsinə deyil, ümumilikdə müharibə dövrünü əhatə edir. Həmin dövr bizim üçün çox çətin və əzablı idi. O dövrdə ermənilər günün istənilən vaxtı müxtəlif silahlardan – top, tank, mərmilərdən və digərlərindən bizə atəş açırdılar. Anamın bizi tələsik şəkildə evdən çıxarıb zirzəmidə gizlətməsi bir an belə yadımdan çıxmır. O zaman keçirdiyim qorxunu dillə izah etmək mümkün deyil. Ermənilərin atıdığı mərmi həyətimizdə hamamın üzərinə düşmüşdü. Mərminin səsi çox dəhşətli idi. Evimizin şüşələri tamamilə qırılmış, evin daxilində olan bütün əyşalar qırılmışdı. Biz bilmədik ki, necə evdən çıxıb zirzəmidə gizləndik. Gecə çox zaman zirzəmidə qalır, səhər isə normal həyatımıza davam edirdik”.

Fevralın 25-dən 26-na keçən gecə...

“Həmin gün atılan atəşlər artıq digər günlərə bənzəmirdi. Xocalı Özünümüdafiə Batalyonunu mənim əmim Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynov yaratmışdı. O batalyonun komandiri atam isə onun köməkçisi rabitəçi olub. Həmin gecə ermənilər 4 tərəfdən hücuma keçmişdilər. Əmim əsgərlərə ermənilərin artıq Xocalıya girəcəyi ilə bağlı məlumatlandırmaqla onlara yarılarını Xocalının müdafiəsi, yarılarının isə insanların meşəyə tərəf aparmalarında iştirak etməsini tapşırmışdı. Artıq hamıya xəbər çatmışdı, kim necə gəldi meşəyə doğru qaçırdı. Mənim atam, anası və atasını gətirməkdə çətinlik çəkmişdi. Hələ də onlar haqqında heç bir məlumat yoxdur. Görənlərin sözlərinə görə, onlar meşəyə qədər gəliblər, lakin sonradan nə baş verməsi haqqında heç bir məlumatımız yoxdur”.

Əzizlərim erməni vəhşiliyinin qurbanı oldu

Xocalı şahidi Anar Əbdülov bildirib ki, baş verənləri yalnız onu yaşayan anlaya bilər: “Sözlə ifadə əsl həqiqətlərin yalnız kiçik bir hissəsini təsvir edə bilir. Həmin dövrdə hər kəsə məlumdur ki, müvafiq komandanlıq, rəhbərlik yox idi. Xocalını yalnız, xocalılar müdafiə edirdi. Yaşından asılı olmayaraq hər kəs Xocalını müdafiə etmək üçün səngərdə dayanmışdı. Fevralın 25-dən 26-na keçən gecə səngərlərdə dayananlar həmin torpaqlarda şəhid oldular. Onlar öz torpaqlarını qoyub qaçmadılar. Hər kəs bilir ki, Xocalı bir neçə dəfə erməni hücumuna məruz qalıb. Kəndimiz yandırılmış, ondan biraz aralıda yenidən kənd salınmışdı. Ona görə də həmin vaxt heç kimin ağlına belə gəlməzdi ki, ermənilər bizim kəndi ala bilərlər. Lakin o gecə tamamilə başqa gecə idi. Ermənilərin arxasında 366-cı alayın dəstəyi durmuşdu. Şahidlərin sözlərinə görə, faciə zamanı Rusiya ermənilərə hərbi texniki dəstəklə yanaşı, həm də canlı qüvvə baxımından da dəstəkləyib. Atəş açanlar içərisində rus əsgərlərinin olduğunu da görənlər olub. O dövrdə heç kim bizə yardım etmirdi. Xocalı da digər işğal olunan ərazilərimiz kimi mühasirədə idi. Hər tərəf ermənilər tərəfindən mühasirəyə alınmışdı. Onlar 4 bir tərəfdə insanları gözləyir, onları qətlə yetirmək niyyətində idilər. Cəsədlərə baxanda dəhşətə gəlmək olurdu. Meyitlərin başlarının dərisi, bədən üzvləri yandırılmış, gözləri çıxarılmış idi. Hər gün meyitlərin üzərində dəyişiklik görürdük. Barmağında üzüyü olanların barmaqlarını, qollarını kəsir, müxtəlif işgəncələr edirdilər. Meyitlərin hamısı Ağdamda dəfn olundu. O zaman Ağdamda yaşayanlar bu işdə bizlərə çox kömək etdilər. Buna görə onlara minnətdarıq. Əgər Xocalı faciəsi ilə bağlı kadrlar olmasa idi, ermənilər həmin vəhşiliyi bizim üzərimizə atacaqdılar. Əlimizdə kadrlar, müxtəlif fotolar olmasına baxmayaraq, hələ də ermənilər baş verənləri dünyaya bizim onlara qarşı etdiyimiz kimi yaymağa çalışırlar”.

Ermənilər əvvəlcədən pusqu qurmuşdular

2 saylı Xocalı məktəbinin müəllimi Nazim Möhbalıyev ermənilərin insanları qətlə yetirməsi üçün pusqular qurduğunu söyləyib: “Həmin gün dünya səviyyəsində ən ağır faciə baş verdi. Ermənilər dinc əhalini, körpə uşaqları, qadınları, qocaları vəhşicəsinə qtlə yetirdilər. Əlləri silah tutmayan insanları amansızcasına qətlə yetirdilər. Bu, dünyada görünməyən dəhşətli faciə idi. Dünyada baş verən digər faciələrə nəzər yetirdikdə, həmin hadisələr zamanı dinc əhalinin harasa köçürülməsinə şəraitin yaradıldığını görmək olur. Amma ermənilər bun imkan vermədilər, insanların başlarını kəsir, dərisini soyurur, min cür vəhşiliklər etdilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə