YAP Səbail rayon təşkilatının 27 yaşı qeyd olunub - FOTOLAR

Bu gün YAP Səbail rayon təşkilatının yaranmasının 27-ci ildönümü münasibətilə rayon təşkilatının qərargahında rayon şurası və idarə heyətinin geniş yığıncağı keçirilib. Rayon şurası və idarə heyətinin üzvləri, rayonun tanınmış ictimaiyyət nümayəndələri, ziyalılar, partiya veteranları, "91"lərin nümayəndələri, partiya fəalları və gənclərin iştirak etdiyi tədbirin iştirakçıları əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və ötən dövr ərzində dünyasını dəyişmiş partiya üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyev çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixi, ötən dövr ərzində keçdiyi çətin, eyni zamanda şərəfli inkişaf yolundan bəhs edib. Yeni Azərbaycan Partiyasının təsis edilməsi Azərbaycanın müstəqillik tarixində və ölkəmizin ictimai-siyasi həyatında çox mühüm əhəmiyyət kəsb edən tarixi hadisə kimi qiymətləndirən rayon təşkilatının sədri 1990-cı illərin əvvəllərində ölkəmizin yenicə əldə etdiyi müstəqilliyini itirmək və məhv olmaq təhlükəsi yarandığı bir zamanda xalqımızın böyük əksəriyyəti - Azərbaycanın 91 nəfər vətənpərvər ziyalısının 1992-ci ilin oktyabr 16-da Ulu Öndər Heydər Əliyevə tarixi müraciəti oldu: "Bu müraciətə cavab olaraq, Dahi Öndər Heydər Əliyev Azərbaycanın düçar olduğu bu ağır vəziyyətdən qurtuluşu və əsl demokratik dövlət quruculuğu sisteminin formalaşması yollarını özündə ehtiva edən proqramla çıxış etdi. Bu hadisədən bir ay sonra - 1992-ci ilin noyabr ayının 21-də 550 nəfər nümayəndənin iştirakı ilə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyası təsis olundu. Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi ki, bu da milli dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilasının və tənəzzüldən inkişaf yoluna qədəm qoymasının başlanğıcı oldu. YAP artıq mütəşəkkil qüvvə kimi siyasi meydanda öz fəaliyyətinə başladı və cəmi yeddi ay sonra tamamilə sivil və demokratik yolla respublikada hakimiyyətə gələrək iqtidar partiyasına çevrildi".

Yeni Azərbaycan Partiyasında ölkənin bütün regionlarını və şəhərlərini əhatə edən təşkilatlanma prosesi və Azərbaycanda yaranan ilk partiya təşkilatlarından biri olan YAP Səbail rayon təşkilatının yaranma tarixindən danışan Ş.Hacıyev rayon təşkilatının keçdiyi şərəfli inkişaf yolu, ötən 27 il ərzində görülən çoxşaxəli və genişmiqyaslı işlər haqqında məlumat verib.

Tədbirdə YAP Səbail rayon təşkilatının 2019-cu il ərzindəki fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə YAP Səbail rayon təşkilatının idarə heyətinin üzvü, "91-lər"dən Hacan Hacıyev, rayon şurasının üzvü Svetlana Bayramova və ərazi ilk partiya təşkilatlarının üzvləri Yeni Azərbaycan Partiyasının və YAP Səbail rayon təşkilatının keçdiyi şərəfli inkişaf yolundan danışıblar.

Daha sonra cari məsələlərə və rayon təşkilatına ünvanlanan müraciətlərə baxılıb, müvafiq qərarlar qəbul olunub.

Tədbirin sonunda YAP Səbail rayin "Azertrans" ərazi ilk partiya təşkilatının Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunan üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...