Nümunəvi vətəndaş və polisə olan etibar

Paytaxt sakini tapdığı pulu və sənədləri sahibinə qaytarıb

Fevralın 12-də Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzi Xidmətinə müraciət edən vətəndaş həmin gün Səbail rayonu ərazisində pulqabısını itirməsi barədə məlumat verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya bildiriblər ki, müraciətlə əlaqədar Bakı şəhər sakini Nüsrət Sultanov Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə dəvət edilib. O, paytaxtın Nizami küçəsində içərisində bank kartları, sənədləri və 980 manat olan pulqabısını naməlum şəraitdə itirdiyini deyib.

Polis əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlərə başlanıb. Həmin gün axşam saatlarında DİN-in 102 - Zəng Mərkəzinə müraciət edən digər bir vətəndaş isə yerdən pulqabı tapdığını bildirərək sahibinə qaytarılması üçün polisə təhvil vermək istəməsini bildirib.

Həmin şəxs - Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Həsən Həsənov da 9-cu polis bölməsinə dəvət edilib. O, içərisində bank kartları, sənədlər və pul olan pulqabını polisə təhvil verib. Araşdırma zamanı məlum olub ki, bu, N.Sultanovun itirdiyi, ona məxsus sənədlər və pul olan pulqabıdır.

H.Həsənov Nizami küçəsində olarkən həmin pulqabını yerdən tapdığını, içində sənədlər olduğundan onu sahibinə qaytarmaq üçün ancaq polisə etibar etdiyini deyib. Hər iki şəxs 9-cu polis bölməsinə dəvət edilib, polis əməkdaşlarının iştirakı ilə həmin pulqabı sahibinə qaytarılıb.

Nüsrət Sultanov və Həsən Həsənov göstərdikləri bu köməyə görə polis əməkdaşlarına təşəkkürlərini bildiriblər. Onlar Azərbaycan polisinin etimad ünvanı olduğunu və ona güvəndiklərini qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...