Balıq ehtiyatlarının qorunmasında yaxından iştirak edək

Gizli deyil ki, balıqçılıq sahəsində müəyyən çatışmazlıqlar var. SİA xəbər verir ki, bu sözləri ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu gün keçirilən mətbuat konfransında deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, brakonyerlər tərəfindən hələ də qəddarcasına balıq ovlanması halları müşahidə olunur, körpə nərə balıqları tutulur, nəsli kəsilmək təhlükəsi olan balıqların yox olmasına şərait yaranır.
“Aparılan mübarizə tədbirləri, inzibati-hüquqi cəza vasitələri də bəzən istənilən nəticəni vermir. Çünki araşdırmalar göstərir ki, brakonyerlərin əksəriyyəti dəfələrlə cərimələnmiş şəxslərdir. Ona görə də ictimaiyyətin, dəstəyinə, qınağına ehtiyac var.

Hamılıqla belə düşüncəsiz addım atan, faunamıza düşmən münasibət bəsləyən, balıqları kortəbii ovlayanların qarşısını almalıyıq.

Brakonyerlərə səslənirik ki, balıqların kökünü kəsməyə yönələn qəddar əməllərə son qoysunlar.

Bu gün hamımızın üzərinə düşən odur ki, balıq ehtiyatlarının qorunmasında yaxından iştirak edək, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş üsullarla balıq ovlanmasına qarşı çıxaq və sivil qaydalarla balıq ovlanmasının təşviqinə dəstək verək”, deyə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova vurğulayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...