İqbal Ağazadə seçicilərinə nərd minnəti qoyur TƏRS BAXIŞ

“Ümid” partiyasının sədri dairəni özünküləşdirmək cəhdində bulunur

Parlament seçkiləri ərəfəsində müxalifətçi, yaxud müxalifətyönlü namizədlərin arasında qalmaqallar səngimir. Belə ki, bu dəfə “Ümid” partiyasının sədri İqbal Ağazadə müvafiq dairədəki opponentinə qarşı sosial şəbəkələrdə hücum planları reallaşdırır, üstəlik seçicilərinə minnət qoymağı da unutmur. Məsələ ondadır ki, adıçəkilən namizədin tərəfdarları sosial şəbəkələr vasitəsi ilə təhqirlər, ittihamlar, ümumiyyətlə ən son həddə olan qarşıdurmalara rəvac verirlər.

Hər bir namizəd bu seçkilərdə normal üsulla, şəffaflıq və qanunauyğunluqla iştirak etmək hüququnu əldə edib

Hətta məsələ o həddə qədər inkişaf edib ki, İ. Ağazadə seçki dairəsini özünküləşdirmək cəhdində bulunaraq, “mənim ərazim” prinsipi ilə çıxış edir. Lakin bu, onun fəaliyyətinə əlbəttə ki, mənfi təsirlər göstərir. Bir vaxtlar Milli Məclisdə deputat olarkən, demokratiyadan, dözümlülükdən, haqdan, ədalətdən dəm vuran “Ümid” partiyasının sədri ümumiyyətlə, özünü seçki dairəsində “lider” kimi sırıyaraq, əslində gülünclüyünü ortaya qoyur. Məhz belə olan halda sual edilə bilər ki, seçki dairəsini dolayı yolla özəlləşdirmək hansı seçki qanununa, seçki məcəlləsinə uyğun ola bilər? Hər halda, qarşıdan seçkilər gəlir və hər bir namizəd bu seçkilərdə normal üsulla, şəffaflıq və qanunauyğunluqla iştirak etmək hüququnu əldə edib və kimsəyə ixtiyar verilməyib ki, dairələri, məntəqələri özəlləşdirib, rəqiblərinə qarşı qanunsuz əməllər törətsin.

Daha bir məsələ isə, “Ümid” sədrinin 10 min seçicini özünküləşdirmək cəhdi ilə yanaşı, həm də tərəfdarlarının qapıları gəzib, İ.Ağazadənin haradasa iki ağac əkməsindən, üç-dörd skamya quraşdırmasından, ya da bir neçə mənzilin dam örtüyünü dəyişdirməsindən dəm vurmalarıdır. Bütün bunlar isə, Ağazadənin ümumilikdə üç çağırış deputat olduğu illərdə görülən işlərin demək olar ki, hamısıdır! Daha dəqiq desək, onun marağı seçici və seçicinin qayğısına qalmaq deyil, onun yeganə marağı deputat olub, kürsü tutmaqdan ibarətdir.

Yəqin “Ümid” sədri bu dəfə domino, ya da duraki oynamağı planlaşdırıb ki, sonra da desin ki, “xalqla bir aradadır”

Hələ bu da son deyil. Görüşlərinin birində İ.Ağazadə seçiciləri ilə nərd oynamağını minnət kimi onların boynuna qoyur. Maraqlıdır, seçicilərlə nərd oynamaq nə zamandan seçici qayğısına qalmaq, onun problemini həll etmək kimi qəbul olunub? Yəqin “Ümid” sədri bu dəfə domino, ya da duraki oynamağı planlaşdırıb ki, sonra da desin ki, “xalqla bir aradadır”.

Bu arada, xatırlatmaq yerinə düşər, bu həmin İ.Ağazadədir ki, 2003-cü ilin prezident seçkilərindən sonra, 15-16 oktyabr hadisələrində - “Azadlıq” meydanında Leninin sökülmüş pyedestalı üzərinə qalxıb, əlini onun kimi irəliyə uzadaraq, xalqı itaətsizliyə çağırmışdı. Nəticədə özü aradan çıxmış, sonra da bir müddət ortalıqdan itsə də, qanun çərçivəsində cəzasını almışdı. Bir zamanlar canın qorxusundan qaçıb-gizlənən “Ümid” sədri indi də nərd, domino, kart və s. stolüstü oyunları ilə seçicilərini aldatmaq fikrinə düşüb. Amma türk qardaşlarımız demişkən, bu dəfə yeməzlər abi..!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...